PUA oyunu: Türkiyənin “Bayraktar TB2” PUA-ları Rusiya-Ukrayna müharibəsində öz damğasını vurur

2021/12/20210-1640427464.jpg
Oxunub: 1013     15:16     08 Avqust 2022    
Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları Ukraynada Rusiya qüvvələrinə zərbə endirməsində xüsusi rol oynayıb. Əvvəllər yalnız ABŞ kimi böyük ölkələrin istifadə etdiyi zərbə PUA texnologiyası artıq bütün dünya üçün əlçatan olub

Son illərdə zərbə PUA əldə edən və ya inkişaf etdirən ölkələrin sayı artıb. Bu gün hərbi PUA sənayesi inkişaf edir. Vaşinqtonda yerləşən “New America” analitik mərkəzinə görə, hazırda bir çox ölkə zərbə PUA-ları istifadə edir. Hərbi PUA bazarının 2028-ci ilə qədər iki dəfə artaraq 26 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Dünyanın ən yaxşı iyirmi silah ixracatçısından biri olan Türkiyə bu sürətlə böyüyən hərbi sənayedə əsas oyunçu kimi durmadan yüksəlir. Son iki ildə Türkiyənin “Baykar” müdafiə şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” və digər PUA-ları üç qitədə böyük təsir yaradıb.

2020-ci ilin mart ayında 30-dan çox türk əsgərinin şəhid edilməsinə cavab olaraq, Türkiyə zərbə PUA-ları ilə Suriya ordusuna ağır zərbə endirib. Burada “Bayraktar TB2” ilə yanaşı TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Anka-S”dən də istifadə edilib.

Aylar sonra Türkiyə PUA-ları Liviyada beynəlxalq səviyyədə tanınan hökumətin ayaqda qalmasına kömək edib. 2020-ci ilin payızında bu sistemlər Qarabağ uğrunda gedən müharibədə Azərbaycanın Ermənistan üzərində qələbəsində mühüm rol oynayıblar.

“Baykar”ın baş direktoru Bayraktar keçən il PUA-ların 13 ölkəyə satdığını və ya təhvil verdiyini bildirib. 2010-cu ildən 2019-cu ilə qədər 3 dəfə artaraq 240 milyon dollara çatan Türkiyənin silah ixracatının əsas hissəsini PUA-lar təşkil edir.

Türkiyənin zərbə PUA ixracında yaşanan artım əlçatanlıq və ucuzluq da daxil olmaqla bir sıra amillərdən qaynaqlanır. “Bayraktar TB2” ABŞ-ın MQ-9 və ya “Reaper” ilə müqayisədə çox ucuzdur. Türkiyə sistemləri 100 milyon dollardan çox qiymətə qarşı 5-10 milyon dollara başa gəlir. ABŞ platformaları bahalı olmaqla yanaşı, həm də ciddi ixrac nəzarətinə məruz qalır.

Ukraynadakı müharibə Türkiyə sistemlərinin özünü doğrultduğu son teatrdır. Ukrayna ordusu ilk dəfə 2021-ci ilin oktyabrında “Bayraktar TB2” tətbiq edərək Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılara zərbə endirib və Moskvanı qəzəbləndirib. Lakin ekspertlər güman edirdilər ki, Türkiyə PUA-ları Rusiya kimi böyük hərbi gücə qarşı çox az nəticə göstərəcək. O vaxtdan bu şərhlərin səhv olduğu sübuta yetirildi.

Fevralın 27-də Ukrayna ordusu Rusiyanın hava hücumundan müdafiəsinə zərbələr endirmək üçün TB2-dən istifadə etdi. TB2 həmçinin Xersondakı rus hərbi karvanlarını məhv etmək üçün istifadə edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin rəisi general-leytenant Mikola Oleşuk TB2 PUA-larını “həyat verən” adlandırıb. Ukrayna Ordusu rəsmi “Facebook” səhifəsində Türkiyə PUA-larını “Rus quldurlarını ruha çevirdiyinə” görə alqışlayan “Bayraktar” mahnısını paylaşıb.

Ukraynanın Türk PUA-ları alması 2019-cu ilə təsadüf edir. Keçən il Rusiya ilə gərginliyin güclənməsi səbəbindən daha çox sistemlər alınıb.

Rusiyanın hücum perspektivləri artdıqca, Ukrayna Türkiyə ilə əlaqəsini artırıb. Noyabr ayında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı “Baykar”ın baş icraçı direktoru Haluk Bayraktar ilə görüşərək PUA-larla bağlı “daimi işçi qrupunun yaradılması”nı müzakirə edib. Bu ilin yanvarında Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyan edib ki, Türkiyə və Ukrayna texnologiyanın ötürülməsi, sualtı qayıqlara qarşı korvetlər və “Bayraktar TB”2 PUA-larının birgə istehsalına dair müqavilələr imzalayıblar.

Türkiyə PUA-larını hansı ölkələr alıb?

Albaniya, Azərbaycan, Efiopiya, Cibuti, Qırğızıstan, Liviya, Mərakeş, Pakistan, Polşa, Qətər, Tunis və Ukrayna bu sistemləri dəqiq alıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də Türkiyə sistemlərini almaqda maraqlı olduqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bayraktar  


Bizi "telegram"da izləyin