Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 19-u yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.
Avqustun 2-də axşam Qarabağda eskalasiyanın pik həddə çatdığı ərəfədə Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmsöhbətlər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr, 11 yanvar 2020-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Tərəflər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Maraqlıdır ki, nə toqquşmadan əvvəl, nə də sonra İlham Əliyev və Putin arasında telefon danışığı olmayıb. Hər halda, nə Moskva, nə də Bakı rəsmi məlumat yaymayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin cədvəlində İlham Əliyevlə telefon danışıqları yoxdur. Vəziyyət diqqətəlayiqdir, çünki adətən belə hallarda tarazlıq həmişə saxlanılıb.
Belə olan halda, Bakı ilə Moskva arasında ən yüksək səviyyədə olan bu balans faktiki olaraq qorunmayıb. Üstəlik, xarici işlər nazirləri səviyyəsində adi ünsiyyət formatı da qorunmayıb.
Avqustun 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Həmin gün Moskva ilə Bakı arasında yüksək səviyyəli təmaslar yalnız Rusiya və Azərbaycanın müdafiə nazirləri səviyyəsində baş tutub. Və bununla bağlı balans yenə pozulub, çünki Şoyqu ilə Ermənistan müdafiə naziri Suren Papikyan arasında oxşar danışıqların olması barədə rəsmi məlumat yoxdur.
Məlum olduğu kimi, Qarabağda eskalasiya ilə bağlı Rusiya və Türkiyə xarici işlər nazirləri arasında təmaslar olub. Bundan əlavə, avqustun 5-də Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü planlaşdırılır və tərəflər çox güman ki, Qarabağı da müzakirə edəcəklər.
Aqil Məmmədov
Ordu.az