Rusiyanın kamikadze PUA-larının görüntüləri ortaya çıxdı - "Lancet"lər nə qədər effektivdir?

2022/08/1659776028.jpg
Oxunub: 1697     20:07     06 Avqust 2022    
Rusiya Ukrayna hədəflərini vuran “Zala Lancet-3” adlı “gəzən sursat”larının və ya kamikadze PUA-larının görüntülərini yayımlayıb. Videoda PUA əvvəlcə hədəfini uzaqdan müşahidə edir, sonra sürətlə ona tərəf şığıyıb hədəfi məhv edir. Görüntülərdə ikinci bir PUA-nın zərbəni uzaqdan müşahidə etdiyi görünür.

İsrailin “Harop” platformaları kimi kamikadze PUA-ları ilk dəfə 2016-ci ildə Aprel döyüşləri və daha sonra Vətən müharibəsi zamanı Azərbaycan tərəfindən aktiv istifadə edilib. Sistemlər Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə, artilleriya mövqelərinə zərbələr endirib.

“Harop” 997 kilometr uçuş məsafəsinə malikdir və 22 kiloqramlıq döyüş başlığı daşıyır. O, düşmən ərazisinin dərinliklərinə uça və zirehli texnikaları və möhkəmləndirilmiş mövqeləri məhv edə bilər.

ABŞ-ın “Switchblade” (300, 600 və 700) seriyası hazırda ən populyar “gəzən sursatlardır”, onlardan 100-dən artığı artıq Ukraynaya təhvil verilib. Təhvil verilən platformalar təxminən 100 kilometr məsafə qət edə, kameralar, idarəetmə sistemləri, hədəfi vurmaq üçün döyüş başlığı daşıya bilir. PUA-lar borular vasitəsilə buraxılır.

Onlar tankları, yüngül zirehli texnikaları, bunkerləri və düşmənin digər yüngül zirehli infrastrukturunu məhv etmək üçün istifadə edilə bilər.

“Lancet-3” ZALA və “Kalaşnikov” tərəfindən hazırlanmış üç kiloqramlıq döyüş başlığına və 40 dəqiqəlik uçuş müddətinə malik “gəzən sursat”dır. Platforma 2019-cu ildə Suriyada sınaqdan keçirilmiş “KYB Kub” kamikadze PUA-larının yeni versiyasıdır.

“Lancet-3”ün uçuş çəkisi 12 kiloqramdır və relsdə quraşdırılmış katapult sistemi vasitəsilə buraxılır. Onun qatlana və daşıyıcı gövdəyə yığıla bilən iki dəst X formalı qanadları var. Suriyada “Həyat Təhrir əş-Şam” (HTŞ) terror qruplaşmasına qarşı “Lancet-3”ün sınaqdan keçirildiyini əks etdirən görüntülər də var.

Videolardan birində elektro-optik kameranın yuxarıdan bir evi müşahidə etdiyi, arxasında piyada döyüş maşınlarının olduğu görünür. Sonra kamera böyüdülür və PUA hədəfə şığıyır.

İyulun 16-da Ukrayna şəbəkələrində vurulan “Lancet-3”ün fotosu yayılıb, onun Zaparojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən vurulduğu bildirilir və bu şəkil sistemin Ukraynada istifadəsinin ilk təsdiqidir.

Rusiya daha böyük PUA sistemlərini Ukraynadakı müharibədə istifadə etməyib. Çünki onlar hələ də prototip versiyadadır. Ukrayna isə TB2 kimi daha ağır platformalar tətbiq edib. Rusiyanın potensial beynəlxalq alıcıların marağına səbəb olan görüntüləri həm də marketinq taktikası kimi yayımladığını təsəvvür etmək olar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin