İsrail: İndi zərbə PUA-ları haqqında danışa bilərik

2022/08/1659776157.jpg
Oxunub: 1343     16:49     06 Avqust 2022    
İsrail Hərbi Senzurası ötən həftələrdə ölkənin ən gizli saxlanılan sirlərindən birini, İsrail Müdafiə Qüvvələrinin hücum imkanlarının bir hissəsi kimi zərbə PUA-larından istifadə ilə bağlı məlumatlar yaymağa icazə verib.

İsrail ordusu 20 ildir zərbə PUA-ları ilə bağlı geniş məlumat yaymaqdan imtina edib. Zərbə PUA-ları haqqında yazmaq qadağan idi və senzura tətbiq edilmişdi.

Hökumət senzura tətbiq etdiyi üçün şirkətlər istehsal etdikləri zərbə PUA-larını reklam edə və ya başqa ölkəyə ixrac edə bilmirdilər. Hərbi Senzura siyasətindəki dəyişikliyə baxmayaraq, hökumətin şirkətlərə müdafiə ixracına icazə verib-verməyəcəyi məlum deyil.

Bəzi nadir istisnalar istisna olmaqla, İsrail PUA-larının ixracı əsasən müşahidə modelləri ilə məhdudlaşır. Sursat daşıya bilən PUA-ların xüsusi razılaşmalar əsasında Almaniya və Hindistana satıldığı bildirilir. Kamikadze PUA-ları senzuraya daxil deyildi və İsrail bu silahardan bir çox ölkələrə ixrac həyata keçirib.

Senzuranın fikir dəyişikliyinin arxasında nə olduğu bəlli deyil, lakin qərar son müharibələrdə zərbə PUA-larının, xüsusən də Türkiyənin TB2 platformalarının dəyərinin vurğulandığı bir vaxtda verilir.

Həm Rusiyanın Ukraynaya davam edən hücumu, həm də 2020-ci il Azərbaycan-Ermənistan müharibəsi TB2-nin bacarıqlarının nümayişi olub, PUA düşmən mövqelərini və maşınlarını məhv etməklə yanaşı onların videolarını da çəkib.

Bu, çox güman ki, zərbə PUA-larının populyarlığından tam yararlana bilməyən və ya öz imkanlarını açıq şəkildə nümayiş etdirə bilməyən İsrail PUA istehsalçılarına təzyiq göstərib.

Məhdudiyyətlərə baxmayaraq, PUA-lar İsrailin keçən il rekord qıran 11,3 milyard dollarlıq silah ixracının 9 faizini təşkil edib ki, bu da təxminən 1 milyard dollarlıq satış deməkdir. Qlobal hərbi PUA bazarı 2021-ci ildə təxminən 10,25 milyard dollar qiymətləndirilir və artacağı gözlənilir.

İsrail ordusu “Elbit Systems” və “Israel Aerospace Industries” müdafiə şirkətləri tərəfindən hazırlanmış və sursat buraxmaq qabiliyyətinə malik bir neçə PUA modelindən istifadə edir.

Birincisi, hazırda İsrail Hərbi Hava Qüvvələrinin 161-ci eskadrilyası tərəfindən idarə olunan “Hermes 450” 1990-cı illərin əvvəllərində hazırlanıb. “Haaretz” qəzetinin yazdığına görə, o vaxtlar İsraildə “Zik” kimi tanınan “Hermes 450” ilə IAI tərəfindən hazırlanmış PUA arasında seçimlə bağlı yüksək səviyyəli müdafiə rəsmiləri arasında mübahisə var idi.

Ehud Barak 1991-ci ildə İsrail Müdafiə Qüvvələrinin rəisi vəzifəsinə gəldikdən sonra “Zik” layihəsinə təkan verdi və 1993-cü ildə o zamankı müdafiə naziri Yitzhak Rabin “Hermes 450”nin alınmasına razlıq verdi.

İsrail Hərbi Hava Qüvvələrinin istifadə etdiyi digər zərbə PUA-ları arasında “Elbit” tərəfindən hazırlanmış və 2017-ci ildə fəaliyyətə başladığı elan edilmiş “Hermes 900” və 2000-ci illərin əvvəllərində təqdim edilən “Heron TP” kimi tanınan “Eitan” da var.

İsrail, hələ 2006-cı ildə Livan müharibəsi və 2008-ci ildə Qəzza zolağında baş vermiş müharibədə çoxsaylı hədəfləri vurmaq üçün zərbə PUA-larından istifadə edib. İsrailin PUA-ları 2012-ci ildə Qəzza zolağında HƏMAS rəsmilərinin, o cümlədən qruplaşmanın hərbi qanadının lideri Əhməd Cabarinin hədəf alınaraq öldürülməsində istifadə edilib.

İsrailin zərbə PUA-ları imkanlarına qarşı tətbiq etdiyi senzura nəticəsində “Elbit” və IAI kimi şirkətlər öz PUA-larının raket daşıya və buraxa biləcəyini reklam etmədilər. Hər iki şirkətin bütün reklam şəkilləri raket buraxılış sistemlərini göstərməmək üçün diqqətlə seçilib. İsrail firmalarının əksinə olaraq “Baykar” şirkəti “Bayraktar TB2”nin daşıya biləcəyi sursatları qürurla nümayiş etdirir.

Ancaq Hərbi Senzorun açıqlamasından sonra belə, İsrailin zərbə PUA-larının reklam etməmək siyasətinin dərhal dəyişməsi mümkün görünmür.

Silah firmalarından birindəki mənbə “Kan” ictimai yayımına bildirib ki, İsrailin silah ixracına nəzarət edən Müdafiə Nazirliyi, reklam üçün PUA-ların imkanlarına senzura tətbiq etmək siyasətində heç bir dəyişiklik olmayacağını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA  


Bizi "telegram"da izləyin