İran ABŞ-ın aviadaşıyıcı gəmisini batıra bilər? - ARAŞDIRMA

2022/11/1669640917.jpg
Oxunub: 488     18:30     28 Noyabr 2022    
Birləşmiş Ştatlar və İran 1979-cu il İran İnqilabından bəri pis münasibətdədirlər, arabir açıq düşmənçilik vəziyyətinə keçiblər. Yaxın Şərq regionunda Amerika siyasətinin və nüfuzunun alətlərindən biri də ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı gəmiləridir. İran hökumətinin isə ABŞ aviadaşıyıcılarına istehza ilə yanaşdığı məlumdur və bu, bizi bu sualı verməyə vadar edir: əgər hər iki tərəf vuruşsa, İranın Amerika gəmisini batırmağa gücü çatarmı?

Ekspertlər və kənar müşahidəçilər hesab edirlər ki, İran Amerikanın aviadaşıyıcı gəmisini məhv etmək üçün xeyli düşünüb. 2015-ci ilin yanvarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin admiralı Əli Fədəvi iddia edib ki, onun qüvvələri müharibə vəziyyətində Amerika aviadaşıyıcılarını batırmağa qadirdir. Bir ay sonra Hörmüz boğazında keçirilən 9-cu təlimlər zamanı İran hədəf kimi istifadə olunan aviadaşıyıcı maketinə hücum etdi. Hücum gəmi əleyhinə raketlərin zərbəsi, minaların işə düşməsindən sonra qoşunların helikopter vasitəsilə uçuş göyərtəsinə enərək daşıyıcının üst quruluşuna zərbə endirməsiylə bağlı simulyasiya edilmiş komando reydi ilə həyata keçirilib.

Dəniz Kəşfiyyat İdarəsinin məlumatına görə, İran dəniz qüvvələri iki təşkilat, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələri (IRIN) və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri (IRGCN) arasında bölünüb. Birincisi, İranın dəniz maraqlarını qorumaq, xarici Fars körfəzi və Hind okeanı bölgələrində güc proyeksiyası kimi daha ənənəvi rolu olan, daha böyük freqat ölçülü döyüş gəmiləri ilə ənənəvi donanmadır. IRGCN, İranın qonşularına və Birləşmiş Ştatlara qarşı daxili Fars körfəzində daha kiçik, sürətlə hərəkət edən, ağır silahlı gəmilərə diqqət yetirir. IRGCN, həmçinin İranın sahildə yerləşən gəmi əleyhinə raketlərinə də nəzarət edir.

Admiral Fədavinin iddiasına şübhə ilə yanaşmaq üçün çoxlu səbəblər var. Birincisi, İran qüvvələrinin əməliyyat məsafəsi probleminin olmasıdır. ABŞ qüvvələri, xüsusən də aviadaşıyıcılar İran qüvvələrinə nisbətən daha geniş əməliyyat məsafəsinə malikdir. İranın ən uzun mənzilli sahil müdafiə raketi olan “Qadir” gəmi əleyhinə qanadlı raketi 186 mil məsafəyə malikdir. Bu isə F/A-18E/F “Super Hornet”in yarısından da azdır. Eyni şey İranın Hərbi Hava Qüvvələrinə də aiddir. Aviadaşıyıcılar kimi ABŞ-ın böyük hərbi gəmiləri İran qüvvələrinin əhatə dairəsindən çox kənarda qala və zərbəyə məruz qalmadan fəaliyyət göstərə bilər.

İranın ikinci problemi atəş gücüdür. İranın gəmi əleyhinə raketlərlə silahlanmış çoxlu gəmiləri olsa da, az sayda gəminin Amerika aviadaşıyıcısına ciddi ziyan vuracaq qədər güclü döyüş başlığı var. İranın gəmi əleyhinə raketləri Çinin C-802 gəmi əleyhinə qanadlı raketindən əldə edilib, çəkisi dörd yüz funtdan bir qədər az olan döyüş başlığı daşıyır. Soyuq Müharibə dövründə, aviadaşıyıcı əleyhinə nəzərdə tutulmuş Sovet Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri adətən 1600 ilə 2200 funt arasında döyüş başlığı ölçüsünə malik idi. Sovet raketlərinin əksəriyyəti nüvə başlıqları ilə silahlanmışdı, bu da Sovetlərin aviadaşıyıcını etibarlı şəkildə batırmağın nə qədər çətin olduğunu düşündüyündən xəbər verir. Xoşbəxtlikdən İranın nüvə silahı yoxdur.

Üçüncü problem fürsət problemidir. Hətta İran hansısa yolla aviadaşıyıcını batırmaq üçün resurslar əldə etsə belə, ABŞ sadəcə olaraq bundan qaça və başqa bir hücum vasitəsi seçə bilər. Birləşmiş Ştatlar 5500 amerikalı hərbçisi olan bir aviadaşıyıcı gəmini heç vaxt düşmən qüvvələrinin əhatə dairəsinə salmayacaq, Pentaqonun döyüş gəmilərindən atılan qanadlı raketlər də daxil olmaqla, aviadaşıyıcının atəş gücünə çoxlu alternativi var.

Dördüncü problem ABŞ qüvvələrinin müdafiədə hədsiz üstünlüyüdür. ABŞ aviadaşıyıcıları adətən bir “Ticonderoga” sinfinə məxsus idarə olunan raket kreyseri və hamısında “Aegis” döyüş sisteminə malik olan bir və ya iki “Arleigh Burke” sinfinə məxsus idarə olunan raket esminesi tərəfindən müşayiət olunur. Bu gəmilər xüsusi olaraq aviadaşıyıcıları kütləvi hava və raket hücumlarından qorumaq üçün nəzərdə tutulub. Vaşinqton F/A-18E/F “Super Hornet” ilə uçan patrul təyyarələri və döyüş gəmilərini uzaq məsafədən döyüşə daxil edə biləcək.

Beşinci və sonuncu problem hücumda ABŞ qüvvələrinin böyük üstünlüyə malik olmasıdır. İrana qarşı hər hansı bir kampaniya ABŞ-ın birinci zərbə vuracağını və Amerika qüvvələri üçün təhdid olan bütün İran gəmi və təyyarələrinə güclü zərbə endiriləcəyini təxmin etməyə imkan verir. Dəniz bazaları, hava bazaları, hava hücumundan müdafiə vasitələri, dənizdəki IRIN və IRGCN gəmiləri, liman obyektləri, gəmi əleyhinə raket batareyaları və bazalarının hamısı qurudan və aviadaşıyıcı təyyarələrdən, “Diego Garcia” kimi bazalardan fəaliyyət göstərən uzun mənzilli bombardmançı təyyarələrdən hücuma məruz qalacaq. Kəşfiyyat mənbələri onların artıq təhlükə olmadığını göstərənə qədər, İran dəniz qüvvələri zərbələrdən ağır itkilərə məruz qalacaq.

Bütün deyilənlərdən sonra İranın arsenalında parlaq məqamlar var. Çindən və onun DF-21D gəmi əleyhinə ballistik raketlərindən (ASBM) nümunə götürən İran ötən illərdə özünün ASBM-lərini sınaqdan keçirdiyini iddia edib. Radarla idarə olunan “Hörmüz 1” və “Hörmüz 2” gəmi əleyhinə ballistik raketlərin 155 mil məsafədəki hədəfləri vurduğu iddia edilir. Bu, aviadaşıyıcı gəmini qabaqlamaq üçün kifayət qədər uzaq məsafə olmasa da, təhlükə yaradır. Digər əhəmiyyətli təhlükə 1990-cı illərin əvvəllərində Rusiyadan alınmış 3 “Kilo” sinfinə məxsus dizel-elektrik hücum sualtı qayıqlarıdır. Dayaz su və sahil əməliyyatları üçün tikilmiş “Kilo”lar nəzəri cəhətdən yüksək qabiliyyətə malik sualtı qayıqlardır.

İran hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisini batırmaq iqtidarında olmasa da, bu, Pentaqonun sonsuza qədər istifadə edə biləcəyi üstünlük deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin