"Orta Dəhliz" layihəsi ən böyük alternativdir - Prezidentin Özbəkistan səfərinə BAXIŞ

2022/07/1658660271.jpg
Oxunub: 702     16:13     06 Avqust 2022    
İyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana ikigünlük rəsmi səfər edib və burada həmkarı, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Səfər zamanı iki nümayəndə heyəti arasında 20-yə yaxın sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında bəyannamə imzalanıb.

Prezidentin səfəri sonrakı həftələrdə iki ölkənin digər rəsmi şəxslərinin qarşılıqlı səfərlərini intensivləşdirib. Prezident İlham Əliyev Bakıda Özbəkistan Senatının sədrini qəbul etdi, Özbəkistan hökumətinə bağlı beyin mərkəzləri Azərbaycanın ekspert icması ilə görüşlər, bir sıra tədbirlər həyata keçirib, hər iki ölkənin milli neft şirkətlərinin rəhbərləri məsləhətləşmələr aparıblar və hər iki xarici işlər naziri telefonla danışıblar.

ABŞ-ın keçmiş təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski özünün məşhur “Böyük Şahmat Taxtasl” kitabında Azərbaycan, Ukrayna və Özbəkistanı postsovet Avrasiyasında Qərbin maraqları üçün “geosiyasi baxımdan xüsusilə vacib” hesab edib. Ukrayna artıq Qərblə Rusiya arasında böyük döyüş meydanına çevrilib, digərləri, Azərbaycan və Özbəkistan isə Rusiyanın regional hegemonluğuna təslim olmamaqda indiyədək effektiv mübarizə aparıb. Kremlə qarşı birbaşa səslənməsə də, həm Azərbaycan, həm də Özbəkistan Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan ediblər. Ona görə də Şərqi Avropada gedən şiddətli döyüşlər fonunda Prezident İlham Əliyevin Özbəkistana səfəri bu addımın arxasında hansı geosiyasi hesablamaların dayandığı sualını doğurur.

Trans-Rusiya marşrutları boyunca tədarük zəncirlərinin pozulması alternativ nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhliz kimi tanınan və gələcəkdə 10 milyon metrik ton potensiala malik Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini artırıb. Həm Azərbaycan, həm də Özbəkistan rəsmiləri bu tarixi fürsətdən yararlanmağa can atırlar, dəhliz təkcə Qafqazı və Mərkəzi Asiyanı deyil, həm də daha geniş miqyasda Avropa və Çini birləşdirməyə hesablanıb.

Son iki onillikdə Azərbaycan Gürcüstan və Türkiyə ilə Özbəkistanın istifadə edə biləcəyi Bakı-Tbilisi-Qars dəmir yolu kimi möhkəm infrastruktur qurmaqla Qafqazın əlaqə imkanlarını artırmaq üzərində işləyir. Daşkənd cənuba (Özbəkistan-Əfqanıstan-Pakistan) və qərbə (Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) alternativ tranzit marşrutlarını fəal şəkildə araşdırır. Məhz buna görə də Özbəkistan rəsmiləri bu yaxınlarda Ələt limanının imkanlarını yoxlayıb və Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizində maraqlı olduqlarını bildiriblər.

Orta dəhliz adətən Türkiyə-Gürcüstan-Azərbaycan marşrutunun Qazaxıstana uzanması kimi başa düşülsə də, Daşkənd alternativ təklif etməyə hazırdır: Türkmənistan və Xəzər dənizi vasitəsilə Qafqaza birləşdirilə bilən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunu bu qədər vacib edən, tam reallaşdıqdan sonra onun Çin və Avropa arasında ən qısa marşrut kimi meydana çıxa bilməsi və Orta Dəhlizin bütün iştirakçı ölkələrinin strateji əhəmiyyətinə yeni impuls əlavə etməsidir. Bəzi hesablamalara görə, yeni dəhlizlə yük daşınması Qazaxıstandakı Xorqos dəmiryolu vasitəsilə mövcud olandan 295 kilometr qısa olacaq.

Getdikcə artan Azərbaycan-Özbəkistan əməkdaşlığı ilə yanaşı, Daşkənd rəsmiləri türkmənistanlı həmkarları ilə əlaqələri də intensivləşdiriblər: Özbəkistan və Türkmənistan prezidentlərinin planlaşdırılan görüşündən əvvəl hər iki ölkənin ekspertləri nəqliyyat və logistikaya xüsusi önəm verərək, hazırlıq məsləhətləşmələri aparıblar. Asiya-Sakit Okean-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutunu genişləndirmək və Xəzər dənizi ilə əlaqəni artırmaq üçün Azərbaycan və Türkmənistan artıq Bakı-Türkmənbaşı-Bakı istiqamətində iki gəmi idarə etmək qərarına gəliblər.

Bundan başqa, Bakı öz xarici siyasət fəaliyyətlərində, xüsusən 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanın yaxın və təbii müttəfiqi olan Türkiyə ilə daim əməkdaşlıq edir. Əslində, Azərbaycan-Türkiyə dueti Bakının üçtərəfli ittifaqlar strategiyasının nüvəsi rolunu oynayıb, Pakistan, Gürcüstan və Türkmənistan kimi dövlətlər hərbi, kommunikasiya və enerji məsələləri üzrə ayrı-ayrı üçbucaqlı razılaşmalar yaratmaq üçün bu cütlüyə qoşulublar. Ona görə də Azərbaycan Qafqaz və Mərkəzi Asiya arasında gələcək inkişaflarda Türkiyənin maraqlarını cəlb etmək və təşviq etmək üçün Özbəkistanla oxşar üçtərəfli formatın tətbiqində maraqlı ola bilər.

Ankara artıq Daşkəndi fəal və birbaşa cəlb edir və iki tərəf arasında hərbi əməkdaşlıq xüsusilə inkişaf etdirilir. Martın 29-da Daşkənddə Türkiyənin müdafiə naziri Hulusi Akar və onun həmkarı Bahodir Qurbanov tərəfindən imzalanan Genişləndirilmiş Hərbi Əməkdaşlıq Sazişi kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər, həmçinin müdafiə sənayesi və logistika sahəsində əməkdaşlığı əhatə edir.

Azərbaycan Özbəkistanla ikitərəfli və ola bilsin ki, üçtərəfli əlaqələrə səylər sərf edərkən, Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən imkanlar yaradılır. Həm Azərbaycan, həm də Türkiyə ənənəvi olaraq pantürk inteqrasiyasının lokomotivləri olsalar da, indi onun uğuru, müvafiq olaraq, ölçüsünə və əhalisinə görə Orta Asiyanın ən böyük ölkələri olan Qazaxıstan və Özbəkistanın daha fəal iştirakına əsaslanır. Dünya düzənində baş verən dramatik transformasiya və daha da qütbləşmə fonunda bəzi türk dövlətləri digər dünya gücləri və blokları ilə əlaqə qurmaq əvəzinə öz regional güc mərkəzini gücləndirməkdə maraqlı ola bilər. Prezident İlham Əliyev iyulun 15-də etdiyi çıxışında türk xalqları ilə münasibətləri də ölkəsi üçün prioritet istiqamət kimi müəyyən edərək, son və qarşıda duran addımları qeyd edib.

Həqiqətən də, Qərbin Avrasiyadakı maraqları üçün “geosiyasi baxımdan xüsusilə mühüm” ölkələr olan Azərbaycan və Özbəkistan son vaxtlar məsləhətləşmələri intensivləşdiriblər ki, bu da əsasən əlaqə təşəbbüslərini artırmaqdır. Lakin Rusiyanın hazırkı siyasəti davam edərsə, bu əməkdaşlıq hərbi və təhlükəsizlik sahəsində də genişlənə bilər (Türkiyənin köməyi ilə). Özlərini Rusiyanın rəhbərlik etdiyi Avrasiya strukturlarından kənarda saxlayan Azərbaycan və Özbəkistan (Türkiyə ilə) postsovet məkanında Kremlin neoimperiya ambisiyalarının uğurlu olub-olmamasını müəyyən edə biləcək əsas ölkələrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Özbəkistan  


Bizi "telegram"da izləyin