İran PUA-ları Putinin yardım çağırışına cavab verə bilərmi?

2022/07/33-1658917748.jpg
Oxunub: 848     16:21     06 Avqust 2022    
İyulun 11-də ABŞ kəşfiyyatı Tehranın Moskvaya yüzlərlə Pilotsuz Uçuş Aparatı (PUA) göndərməyə hazırlaşdığı barədə məlumat yayıb. Vaşinqtondakı açıq mənbələr iddia edir ki, iyulun əvvəlində Tehran səfərdə olan Rusiya nümayəndə heyətinə “Şahed-191” və “Şahed-129” PUA-larını nümayiş etdirib. İddialara görə, kommersiya peyk görüntüləri Kremlin nümayəndə heyətinin son bir ayda ən azı iki dəfə Kaşan aviabazasına səfər etdiyini təsdiqləyir.

Əgər razılaşma reallaşarsa, İran və Rusiya arasında PUA sazişi davam edən müharibə zamanı anti-Qərb düşərgəsindəki tərəflər arasında PUA imkanlarının ötürülməsi ilə nəticələnə bilər.

Tədarük çatışmazlığı fonunda, Rusiya PUA-larının istehsal qiyməti sürətlə artıb, müxtəlif xərclər 30 faizdən 200 faizə qədər yüksəlib. Bu, PUA-ların idxalını çox daha ucuz alternativ edir. Rusiya media platformaları qeyd edir ki, hərbi sənaye kompeksində vəziyyətin pisləşməsi ilə Putinin müharibəni davam etdirmək üçün təcili, sərfəli və effektiv həll yollarına ehtiyacı var. Ukrayna müharibəsi zamanı Rusiyanın 60-dan çox “Orlan-10” PUA-sının vurulduğu sübut edilib. Şübhəsiz ki, dəqiq rəqəmlər daha çoxdur. Həqiqətən də, Rusiya hərbi təbliğatının iddialarından fərqli olaraq, rus PUA-ları Qərb sistemlərinə qarşı zəif çıxış edib. PUA-lar “Stingers” və “LLM Martlets”, eləcə də optik idarə olunan “Martlets” və “Starstreak”daxil olmaqla, daşınan Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə (MANPADS) qarşı xüsusilə həssasdır. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian son telefon danışığında ukraynalı həmkarını əksinə əmin etsə də, Kreml həqiqətən də NATO üzvü olmayan müttəfiqinin döyüş həllərindən istifadə etməyi düşünə bilər.

Tehranın PUA-ları Rusiyanın davam edən hücumunu bir neçə yolla gücləndirə bilər. İran PUA-ları kəşfiyyat, müşahidə və nəzarət (ISR) funksiyaları ilə yanaşı zərbə imkanları da təqdim edir. Bu, onları yüksək dəyərli Ukrayna hədəflərini dəqiqliklə vurmaq, Rusiyanın mövcud zərbə paketindəki mühüm boşluğu doldurmaq üçün ideal hala gətirir. Həm “Şahed-191”, həm də “Şahed-129” platformaları dəqiq idarə olunan raketləri daşıya bilir və Ukrayna-Qərb kəşfiyyatı rusların bu cür döyüş sursatlarının tükəndiyinə inanır. Buna görə də, bu PUA-lar Rusiyanın inventar və zərbə imkanlarında mühüm boşluğu və aktual ehtiyacı doldura bilər.

Xərc-fayda nöqteyi-nəzərindən, hər iki PUA Kremli aşağı qiymətli güc ilə təmin edəcək. Bundan əlavə, Ukraynanın HHM vasitələrinin əksəriyyəti sovet dizaynlarına əsaslanır. Bu sistemlərin Türkiyənin “Bayraktar TB-2” kimi yavaş hərəkət edən, porşenli mühərriklə işləyən PUA-larının qarşısını almaqda səmərəsiz olduğu sübut edilib. “Şahed-129” və “Şahed-191” PUA-ları bu kateqoriyaya aiddir.

İran PUA-ları həmçinin sensor şəbəkələrinə malikdir, düşmənin baxış xəttini poza bilər. Bununla belə, Qərbin ağır antidron tədbirlərinin istifadəsi ("Starlink" kimi yüksək səviyyəli, mürəkkəb sistemlər), habelə Rusiyanın bəzi ən perspektivli radioelektron mübarizə (REM) vasitələrinin, o cümlədən "Krasuxa-4"ün istifadə edilməyəcəyi təqdirdə İran PUA-larının böyük təsir göstərmək şansları nisbətən zəif olacaq.

Həqiqətən də, İran PUA-ları Putinə “sehrli iksir” verə bilməz. PUA-lar Rusiya PUA-larının yerinə yetirdiyi vəzifələri əvəz edə bilməz. İran və Rusiya PUA-larının əməliyyat konsepsiyaları (CONOPS) arasında ciddi fərq var. Bir tərəfdən, Tehran zərbə paketini gücləndirmək və dəstəklədiyi qeyri-dövlət aktorlarının imkanlarını artırmaq üçün PUA-lardan istifadə edir. Digər tərəfdən, Moskva üçün PUA-lar artilleriya atəşi və əks-batareya zərbələri də daxil olmaqla, REM şəbəkəsinin ayrılmaz bir hissəsini təşkil edir və müxtəlif vəzifələri yerinə yetirir. İran PUA-ları Rusiyanın davam edən dəqiqliklə idarə olunan sursat çatışmazlığına sərfəli və müvafiq həll yolu təqdim etsə də, onlar bu mühüm rolları tam şəkildə əvəz edə bilməz. İranın PUA-ları verilənlər bazası sinxronizasiyası olmadan Rusiya şəbəkələrinə və məlumat bağlantılarına effektiv şəkildə inteqrasiya oluna bilməz. Eynilə, PUA-lar Rusiyanın REM sistemləri daxilində mobil baza stansiyaları kimi fəaliyyət göstərə bilməz.

Texniki uyğunsuzluqdan başqa, razılaşma Tehran üçün yüksək siyasi risklər də yaradır. Keçmiş əməliyyatlara əsasən, İran hərbçilərinin qaynar zonada, o cümlədən Ukrayna ərazisində olması vacibdir, bu da İranı davam edən müharibədə birbaşa tərəf kimi göstərəcək. İran bundan əvvəl bir neçə ölkəyə və qiyamçı qüvvələrə PUA satıb. Onlara təlim və digər zəruri satış sonrası xidmətlər göstərilib ki, bu da Tehranın proksi qüvvələrlə hərbi-strateji əlaqələrinin mühüm sütununu təşkil edib. Bu, İranın yerli PUA proqramının əsas icraçı orqanı olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vasitəsilə həyata keçirilib. İranın strateji dəstəyinin vuran qolu kimi fəaliyyət göstərən SEPAH üzvləri İranın PUA konsepsiyası ilə bağlı İraqdakı "Livan Hizbullahı" və şiə qruplarına yerində, illərlə davam edən təlim və real vaxt rejimində dəstək veriblər.

Bununla belə, İran bu müharibədə tərəf tutmaq istəmədiyini açıq şəkildə bəyan edib. Vəziyyətin dəyişməsi mümkün olsa da, bugünkü döyüş meydanlarının şəffaf təbiəti və mürəkkəb açıq mənbəli kəşfiyyat (OSINT) üsulları Tehranın bu cür oyunu dəyişən inkişafı maskalamaq imkanına mane olacaq. Başqa sözlə, Moskva ilə belə bir sövdələşmənin hər hansı adi müdafiə əməliyyatından xeyli kənara çıxan böyük geosiyasi nəticələri olacaq.

Bir sözlə, İran PUA-ları Rusiyanın zərbə imkanlarını tamamlaya biləcək sərfəli həllər təklif edir. “Şahed-191” və “Şahed-129”dan başqa İranın kamikadze PUA-ları da Kreml üçün xüsusilə faydalı ola bilər. Ancaq bunun üçün də İran hərbçilərinin orada iştirakı vacibdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Putin  


Bizi "telegram"da izləyin