Qərb Rusiyanın “Sarmat” QABR-larına qarşı hazırlıqlıdır? - ANALİZ

2022/09/1663924042.jpg
Oxunub: 1247     20:02     23 Sentyabr 2022    
4 ay öncə, aprelin 20-də Rusiya prezidenti Vladimir Putin yeni “Sarmat” ağır qitələrarası ballistik raketinin (QABR) ilk tam sınaq buraxılışının həyata keçirildiyini bildirib. Putin bu sınağı “...quduz, aqressiv ritorika ilə ölkəmizi təhdid etməyə çalışanlar üçün oyanış çağırışı” kimi xarakterizə edib. “Sarmat” Putinin nüvə super silahları arasında ən təhlükəlisidir (Super silahlar Rusiyanın elan etdiyi strateji nüvə və hipersəs raketlərinin modernləşdirilməsi proqramlarının bir hissəsidir və Putinin illik müraciətində hər il genişləndirilir.)

“Sarmat” ABŞ-ın strateji qüvvələrinə hücum etmək qabiliyyəti ilə Rusiyanın əsas nüvə çəkindirmə silahı olacaq. Bu silahın mövcudluğu nüvə təhlükələrini məhdudlaşdırmaq üçün 2010-cu ildə imzalanan "Yeni START" Müqaviləsinin sistemli uğursuzluğunun təzahürüdür. Ağır QABR-ların “yeni növləri” 1979-cu il SALT II Müqaviləsi və orijinal (1991) START müqaviləsi ilə qadağan edilib. Orijinal START müqaviləsindəki bütün keyfiyyət məhdudiyyətlərinin tam aradan qaldırılması ilə birlikdə (Maddə V) "Yeni START" Müqaviləsi fırıldaqçıların cənnətinə çevrilib və heç bir real məhdudiyyət gözləmir.

Bu inkişafın əhəmiyyətini nəzərə alsaq, Prezident Co Baydenin rəhbərlik etdiyi administrasiyanın bütün bəyanatları olduqca təəccüblüdür:

"Rusiya bu QABR-ları sınaqdan keçirməyi planlaşdırdığı barədə "Yeni START" müqaviləsi öhdəliklərinə uyğun olaraq Birləşmiş Ştatları xəbərdar edib. Belə testlər adi haldır və sürpriz deyil. Biz sınağı ABŞ və ya onun müttəfiqləri üçün təhlükə hesab etmədik. Departament Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız təcavüzünə diqqətini davam etdirir".

Bir çox ekspert və dairələr bu bəyanatı sərt tənqid edib. “Washington Examiner” nəşri bu sözləri raket sınağına görə təbrik edilməsi kimi şərh edib.

2018-ci ildə Putin bəyan etmişdi ki, “Sarmat” geniş spektrli güclü nüvə başlıqları, o cümlədən hipersəs və raketdən müdafiədən yayınmaq üçün ən müasir vasitələrlə təchiz olunacaq. Rusiya iddia edir ki, “Sarmat” ABŞ-ın erkən xəbərdarlıq radarlarındakı məhdudiyyətlərdən istifadə etmək üçün Cənub Qütbü üzərində ABŞ-a hücum edə bilər. Strateji Raket Qüvvələrinin komandanı, general-polkovnik Sergey Karakayev “Sarmat”ın bir neçə “Avangard” tipli hipersəs başlıqlar daşıya biləcəyini söyləyib. Rusiya dövlət mediası “Avangard”ın iki meqaton məhsuldarlığa malik olduğunu bildirir. RT (Rusiya dövlət mediası) xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Sarmat”ın kiçik, orta və yüksək güc sinfinə aid 20-yə qədər döyüş başlığını daşıya biləcəyini deyib. Rusiya və Qərb mətbuatının məlumatlarına əsasən, bu kateqoriyalar 100-150 -kt , 350-kt və 800-kt gücə bərabərdir. Rusiyanın dövlətə bağlı əsas xəbər agentliyi olan TASS raketin ən az 15 döyüş başlığı daşıyacağını bildirib.

2019-cu ilin dekabrında Rusiya Müdafiə Nazirliyində Putinə bildirilib ki, Rusiya 2027-ci ilə qədər 20 “Sarmat” yerləşdirməyi planlaşdırır. Bu açıqlamadan əvvəl Rusiya mətbuatı 46 raketin yerləşdirilməli olduğunu yazırdı. İlk buraxılış elan ediləndə "Roskosmos"un (Rusiya Kosmik Agentliyi) sabiq baş icraçı direktoru (həmçinin, NATO-dakı keçmiş səfir və baş nazirin müavini) Dmitri Roqozin demişdi ki, 46 ədəd “Sarmat" strateji döyüş sistemimiz olacaq” və onlar “NATO-ya hədiyyədir”.

Rusiyada istismarda olan SS-18 ağır QABR-ların elan edilən sayı 46 ədəddir. Əgər onların sayı 20 alaydırsa (120-dən 200-ə qədər), deməli Rusiya hələ tam təchizata nail ola bilməyəcək. Lakin bu, hələ də narahatedicidir, çünki bu, Rusiyanın nüvə döyüş qabiliyyətinin genişlənməsinə səbəb olur. Rusiya "Yeni START" Müqaviləsinə və ya silahların məhdudlaşdırılmasına dair hər hansı sonrakı sazişə riayət etmək niyyətində deyil. Hətta 46 yerləşdirilmiş “Sarmat” 1550 döyüş başlığından ibarət olan "Yeni START" Müqaviləsinə həqiqətən uyğun gəlmir.

Hətta 46 “Sarmat” ABŞ-ın strateji nüvə qüvvələrini hədəf almaq üçün kifayətdir. 20 alay “Sarmat” 2400-4000 döyüş başlığına malikdir. O, həmçinin “Avangard” hipersəs vasitəsi daşıyacaq, lakin onların sayı çox da böyük olmayacaq. “Sarmat” yalnız nüvə silahına malikdir. Əvvəlki Rusiya xəbərlərində “Sarmat”ın 10-15 döyüş başlığı daşıya biləcəyi bildirilsə də, onun 10 metrik ton atma çəkisinə malik olduğu iddiası fonunda 20 döyüş başlığı inandırıcıdır. (Müqayisə üçün qeyd edək ki, ABŞ-ın “Minuteman III” QABR-larının atma çəkisi 1,15 metrik tondur) O, 3 döyüş başlığı daşımaq üçün nəzərdə tutulsa da, indi yalnız bir döyüş başlığı yerləşdirilib.

“Avangard” “Sarmat” tərəfindən daşınan üç növ nüvə ballistik döyüş başlığı kontekstində Rusiyanın son dərəcə geniş propoqanda ssenarisi üçün əsas ola bilər. “Avangard” 2000 kq ağırlığında olduqca böyükdür.

Obama administrasiyasının "Yeni START" haqqında danışıqlar apararkən və Bayden administrasiyasının "Yeni START"ın müddətini uzadarkən bu problemi həll etməməsi Rusiya üçün böyük fürsəti yaradıb. "Yeni START" Müqaviləsinə əsasən “Sarmat”da sınaqdan keçirilə biləcək döyüş başlıqlarının sayı ilə bağlı heç bir məhdudiyyət olmadığı üçün vəziyyət daha da ciddiləşir.

Ruslar “Sarmat”ın bu il istifadəyə veriləcəyini deyirlər. İyun ayında Putin onun bu il “döyüş hazırlığı”nda olacağını təkrarlayıb. Əvvəllər "Sarmat"ın bu il istifadəyə verilməsinin çətin olduğu deyilsə də, vəziyyət dəyişib. Putin çarəsizləşir və o, hələ də Rusiya gücünün nüvə raketinə araxalandığını görür.

Görünür, Bayden administrasiyası Rusiyanın Ukrayna, ABŞ və ya NATO-ya qarşı nüvə silahından istifadəsinin qarşısını almaq üçün heç nə etməyib. Onun qeyri-müəyyən inancının kifayət hesab edildiyi görünür. Bu, həm də məsuliyyətsizlikdir, çünki bu, Putinin Ukrayna münaqişəsində nüvə silahının potensial fəlakətli tətbiqinə qarşı ABŞ-ın çəkindirmə gücünü minimuma endirir.

Putinin nüvə təhdidlərinə görə çaxnaşma yaratmaq lazım deyil, amma böyük güclər başlarını quma gömməməli və nüvə güclərinin lazım olduğundan daha həssas olmasına imkan verməməlidirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sarmat   ABŞ  


Bizi "telegram"da izləyin