Şəmkirin 12 şəhid vermiş qəhrəman kəndi - Çaparlı

2022/07/aa576-1658995362.jpg
Oxunub: 482     16:40     05 Oktyabr 2022    
Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər Azərbaycan Ordusunun qüdrətinin təsdiqi olmaqla, dünya miqyasında Azərbaycan dövlətinin siyasi nüfuzunu da yüksəltdi. Dünya dövlətləri bir daha əmin oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - kəlamı nə qədər həyatı kəlamdır.

Müharibədə şəhid olanlara hərtərəfli dövlət qayğısı var. Bu qayğı Şəmkir rayonunda da səmimiyyətlə yaşadılır.

Vətən müharibəsində şəmkirli hərbi qulluqçular, hərbi xidmətə Şəmkirdən çağırılanlar, Şəmkir rayonundan və onun kəndlərindən səfərbərliyə göndərilənlər də rəşadətlə, qəhrəmanlıqla vuruşdular.

Şəmkirin Çaparlı kəndindən 12 nəfər şəhid olub. Hər şəhid hər birimizin əzizidir. Şəmkirin Çaparlı kəndinin şəhidləri dəfn olunduğu məkan əhali üçün ən müqəddəs məkandır. Bura Vətən naminə şəhid olanların ruhunun ehtiram ünvanıdır.

Vətən müharibəsindən neçə on illər də keçəcək, nə Vətən müharibəsi, nə Vətən müharibəsində qazanılan Zəfər, nə də Vətən müharibəsində şəhid olanlar unudulacaqlar. Bu günün gəncləri, yeniyetmələri onların döyüş yolunu vətənsevərlik dərsi kimi öyrənirlər.

Bu günlərdə Şəmkirin Çaparlı kəndində şəhidlərin xatirəsinə abidə kompleksi ucaldıldı. Bu abidə əbədiyyən yaşayacaq ehtiramın nişanəsidir.

Abidənin açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək Vətən müharibəsindən, döyüşlərdən, qəhrəmanlardan, şəhidlikdən, şəhidlərdən danışaraq qeyd etdi ki, bu müqəddəs müharibədə Çaparlı kəndindən olan gənclər də mətinliklə döyüşdülər, dövlət başçısının müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif ediliblər. Biz bu abidəni şəhidlərimizin ruhuna ehtiram kimi yaratmışıq. Bu abidə illərlə gələcək nəsillərə bir gerçəkliyi yaşadacaq: Ömür Vətən üçündür...

Tədbirdə şəhid Elburus Hüseynovun atası Laçın Hüseynov çıxış edərək övladlarının xatirəsinə göstərilən qayğıya görə rayon rəhbərliyinə, kənd bələdiyyəsinə minnətdarlıqlarını bildirdilər.

Şəhid Suliddin Sadıqov adına və şəhid Sərdar Məmmədov adına orta məktəblərin şagirdləri Vətənə, vətənsevərliyə həsr olunmuş şeirlər oxudular, səhnəciklər göstərdilər.

Tədbir təsdiqlədi ki, Vətən üçün yaşanılan ömür bəşəri ömürdür...

Mübariz Musayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin