Azərbaycan Əsgəri: "İndi həyatımın ən şərəfli, ən unudulmaz günlərini yaşayıram"

2022/09/78978-1663924587.jpg
Oxunub: 864     12:35     23 Sentyabr 2022    
Səhərdir, ətrafda sakitlik hökm sürür. İnsanın ruhuna dinclik ələyən bu sakitliyi yalnız eyni anda səslənən ritmik addım səsləri pozur. Bu, xidmətdə ilk qədəmlərini atan Azərbaycan əsgərinin addım səsləridir. Ordu sıralarına çağırılmış gənc əsgərlər hərbi hissənin geniş və səliqəli meydanda zabitlərin, manqa komandirlərinin nəzarəti altında sıra hazırlığı məşğələsi keçirdilər. Bir anlıq ayaq saxlayıb məşğələni izlədik. Əsgərlərin cəld və çevik hərəkətləri onların sabahkı uğurlarından xəbər verirdi. Əmin olduq ki, qəlbimizə rahatlıq gətirən bu addım səsləri zaman keçdikcə daha da güclənəcək, daha ritmik olacaq. Bir müddətdən sonra hərbi biliklərini, sıra hazırlıqlarını artıran bu gənc əsgərlərin addım səsləri işğaldan azad edilmiş tarixi torpaqlarımızda eşidilməkdə davam edəcəkdir.

Məşğələdə fasilə elan olunanda gənc əsgərlərə yaxınlaşdıq. Kapitan Anar Rəhimli bu gün sırada addımlayan əsgərlərin xidmətə çağırıldıqlarından heç iki həftə keçmədiyini dedi. "Komandanlığın tapşırığına əsasən gənc əsgərlər hərbi hissəmizə qəbul olunan gündən onlarla müxtəlif mövzularda dərslər keçirik. Məşğələlər səmərəli keçirildiyindən qısa müddət ərzində gənc əsgərlər kifayət qədər vərdişlərə yiyələniblər. Günlər keçdikcə gənc əsgərlər hazırlıqlarını daha da artıracaqlar. Məşğələlərdə biz əsgərlərə ordumuzun həm Birinci, həm də İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlardan da ətraflı danışırıq. Çalışırıq ki, əsgərlərimizin təkcə döyüş, sıra, fiziki hazırlıqları deyil, həm də vətənpərvərlik hissi, döyüş ruhu yüksək olsun.

- Xidmətə yeni gələn əsgərlərə məşğələ keçmək, ilkin hərbi vərdişləri öyrətmək bir az çətin olsa da, çox maraqlıdır, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fərid Ələkbərli söhbətə qoşuldu. - Bu, mənim üçün olduqca məsuliyyətli bir vəzifədir. Ona görə də xidmətimə böyük məsuliyyət və diqqətlə yanaşıram. Xidmətdə ilk addımlarını atan gənc əsgərlərə hərbi bilik və vərdişləri mərhələlərlə öyrədirik. Artıq arxada qalmış müddət ərzində onlar xeyli zəruri hərbi bilik və vərdişlərə yiyələniblər. İndi gənc əsgərlər heç bir çətinlik çəkmədən sırada nizami addımlarla yeriyir, nizamnaməyə uyğun sağa, sola, geriyə və yerində dönmələri qüsursuz icra edirlər. Bir müddət sonra onlar təntənəli olaraq Hərbi andı qəbul edəcəklər. İndi biz bu əlamətdar günə hazırlaşırıq".

Xidmətdə ilk addımlarını atan gənc əsgərlərlə də görüşüb söhbət etdim. Əsgər Əmrah Fərziyev Vətən borcunu yerinə yetirməyə gəldiyi üçün qürurlandığını bildirdi. - Bu gün ordumuzun sıralarındayam, yaşıdlarımla bərabər Vətənə xidmətə gəlmişik. Gələcək xidmətimin ilk günlərini yaşayıram. Mən də əynimə forma geyinərək Vətənə əsgər olmuşam. İndi həyatımın ən şərəfli, ən unudulmaz günlərini yaşayıram. Hərbi bilikləri böyük həvəslə öyrənirəm. Xidməti vəzifəmi şərəflə yerinə yetirməyə çalışıram.

Əsgər Əmrah Fərziyevin dayısının 2020-ci ilin Tovuz döyüşlərində şəhid olduğunu öyrəndim. "Dayım zabit Anar Novruzov 2020-ci ilin Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucaldı. Dayımın dəfn mərasimi izdihamlı keçdi, yaxınları, doğmaları ilə yanaşı, xidmət yoldaşları və ictimaiyyət nümayəndələri də iştirak etdilər. Mən də bu mərasimdə iştirak edirdim. Həmin kədərli anlarda and içdim ki, həm dayımın, həm də bütün şəhidlərimizin intiqamını, qisasını düşməndən alacağam. Vətən müharibəsində iştirak edə bilməsəm də, ordumuz erməni işğalçılarından həm şəhidlərimizin qisasını aldı, həm də torpaqlarımız işğaldan azad edildi".

Gənc əsgərlərdən Fərid Rəfiyev, Hüseyn Səfərov, Cəlaləddin Həşimli, Əli Xuduyev, Nurlan Nəcəfli, Sabir Abdullayev, Heydər Müslümov, Araz İbrahimxəlilli, Cavidan Hümbətov və başqaları da xidməti vəzifələrinin öhdəsindən bacarıqla gələcəklərini, Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirəcəklərini dedilər.

Fasilə başa çatanda gənc əsgərlərin məşğələsi mövzuya uyğun olaraq davam etdi. Budur, ordu sıralarında ilk qədəmlərini atan əsgərlər hərbi vərdişlərə yiyələnmək üçün sıra meydanında inamla addımlayırlar.

Vahid Məhərrəmov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Əsgər  


Bizi "telegram"da izləyin