Ulu Öndərin əsasını qoyduğu siyasət bizi Böyük Qələbəyə apardı

2022/07/59029-1658992446.jpg
Oxunub: 367     15:52     18 Avqust 2022    
1973-cü ildə Heydər Əliyev Cəmşid Naxçıvanski adına internat məktəbi ziyarət edəndə mən məktəbin bayraqdarı idim.

Heydər Əliyev raportu qəbul edib rəhbərliklə görüşəndən sonra şagirdlərə tərəf gəldi. Mənə yaxınlaşanda özümü təqdim etdim. Haradan olduğumu soruşdu, valideynlərim haqqında və ailəmiz barədə maraqlandı. Sonra təbəssümlə "Sən general olmaq istəyirsən?" sualını verdi. Mən "Bəli, olmaq istəyirəm", - deyə cavab verdim. O, yanağıma ata nəvazişi ilə toxunub sağ əlini çiynimə qoydu və sıranın dərinliyinə tərəf baxdı. Mən o baxışları o zaman gənc yaşımda dərk edə bilmirdim, ancaq o məqamları mən sonradan, ələlxüsus da həyatımın çətin anlarında yada salırdım və salıram.

Bu məktəb, bu görüş, bu həyat mənim gələcək taleyim idi. Bu tale gələcəkdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə iki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmağımı və bu ordenləri Heydər Əliyevin özünün təqdim etməsi qismət idi. Bu, sonralar olacaqdı.

Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik etmək üçün Bakıya gəldi.

1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cəbhədə ağır vəziyyətlə əlaqədar xalqa müraciət etdi. Bu müraciət böyük əhval-ruhiyyə ilə qarşılandı. Mən o zaman təlim mərkəzində cəbhəyə ehtiyat taborlarının hazırlığı ilə məşğul idim və bu müraciət ilə bağlı gələn heyətin döyüş əzminin yüksəlməsinin şahidi oldum. Onlar əvvəlki heyətlərdən seçilirdilər və böyük inamla döyüş hazırlığına yiyələnirdilər.

Noyabrın ilk günlərindən mən Ali Baş Komandanın sərəncamı ilə hərbi hissə komandiri vəzifəsinə təyin edildim.

1993-cü il dekabr ayının 23-ü idi. Biz döyüş hazırlığının bölük və taborlara təlimləri keçirirdik. Məlumat gəldi ki, Əbədiyaşar Komandan Heydər Əliyev ehtiyat hərbi hissələrinin döyüş hazırlığına baxmaq və şəxsi heyətlə görüşmək üçün bizim hərbi hissəyə gələcək. Mən ümummilli lider Heydər Əliyevi qarşıladım və təlimin gedişi haqqında raport verdim. Ulu Öndər komanda məntəqəsinə qalxaraq təlimin gedişini izlədi. Təlimlərin gedişindən razı qaldığını bildirərək mənim haqqımda maraqlandı və biləndə ki, mən Cəmşid Naxçıvanski adına məktəbin ilk məzunlarındanam, mənə diqqətlə baxdı. Bu baxış mənə doğma, tanış idi. Bu baxış iyirmi il əvvəlin baxışı idi. O baxış arzu idi, bu baxış arzuların həyata keçməsi idi. Sonra o, gözlənilmədən - çünki proqramda bu yox idi - əsgərlərin yerləşdiyi çadırlara getmək istədi. Orada onların şəraiti və yeməkləri ilə maraqlandı, artıq əsgəri təminatda da müsbət dəyişikliklər var idi. Sonra hərbi hissənin şəxsi heyəti ilə görüşdü, özünəməxsus mənaca yüksək döyüş ruhuna səbəb olan sözlərlə çıxış etdi və gələcək döyüşlərdə şəxsi heyətə uğurlar arzuladı, xeyir-dua verdi. Ali Baş Komandanı yola salanda o mənə "inanıram ki, siz yaxşı komandir olacaqsınız" dedi.

Dekabrın sonunda döyüş tapşırığını alaraq biz Füzuli istiqamətində hücum əməliyyatına hazırlaşırdıq. Şəxsi heyətdə böyük ruh yüksəkliyi hiss olunurdu. Tankların üzərində "Əliyev uğrunda!" sözləri yazılmışdı. Bunu şəxsi heyətin özü etmişdi. Bu ürəkdən gələn hisslər idi, Ümummilli Liderə olan böyük məhəbbət və inam idi.

Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatı qələbə ilə başa çatdı. Bu qələbə ordunun şəxsi heyətinin qələbə ruhunu daha da artırdı.

1994-cü ilin oktyabr ayının əvvəlində birinci OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələri Bakıda Respublika Prokurorluğunun binasını ələ keçirməklə başladı. O zaman mən IV kurs kursantları ilə Respublika Prokurorluğunu əhatələdik və qanunsuz silahlı şəxslərin şəhərin mərkəzinə irəliləməsinin qarşısını almaq üçün hazırlıq tədbirləri apardıq. Hər şey hazır idi və Ali Baş Komandan Heydər Əliyevdən əmr gözləyirdik. O, yenə də özünəməxsus aliliyi ilə qan tökülməsinə imkan vermədi və oradan OMON-çuları öz bazalarına - Səkkizinci kilometr qəsəbəsinə buraxılmasına əmr verdi. Ondan sonra qəsəbə ətrafında bizə ayrılan postları tutduq. Sonra yaranmış vəziyyətdən çıxış yolunu yenə də müdrik, səbirli, liderliyə məxsus xüsusiyyətlərə malik Prezidentimiz xalqa müraciət edərək, xalqın gücünü və özünə olan inamı yolunu azanlara göstərərək qan tökülmədən həll etdi.

Mənim tabeçiliyimdə olan kursantların əksəriyyəti Cəmşid Naxçıvanski adına məktəbin məzunları idi. Hamı bir nəfər kimi hər zaman Ali Baş Komandanı, dövləti, dövlətçiliyi qorumağa hazır idi. Mən bu hadisələr zamanı Müdafiə Nazirliyinə çağırıldım və konkret tapşırıq alıb kursant və zabit heyəti ilə verilən tapşırığı yerinə yetirmək üçün Səkkizinci kilometr qəsəbəsinə yollandım. Bütün hadisələr onu göstərirdi ki, burada qiyamçı tərəf silahdan istifadə edərək öz niyyətlərinə çatmaq istəyəcəklər. O zaman yenə də əsas yerlərdə komandirlik etmək biz Naxçıvanskilərin üzərinə düşdü. Orada Azərbaycanın dövlətçiliyini qorumaqda iştirak edən şəxsi heyət yenə də öz Ali Baş Komandanı Heydər Əliyevə sadiqliyini, gücünü göstərdi və bir daha xarici və daxili düşmənlərə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri öz dövlətini, xalqını və prezidentini qorumağa qadirdir.

Mən o hadisələrdə iştirakıma və xüsusi xidmətlərimə görə ikinci dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundum.

Bu, mənə tarixi şəxsiyyət, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev tərəfindən verilən qiymətdir. Kim bilirdi ki, Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin bayraqdarı 20-25 ildən sonra öz ana torpağını, Azərbaycan xalqını, dövlətini qoruyaraq, öz prezidentinə sadiqliyini göstərərək, onun fərmanları ilə iki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunacaq.

Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz Vətən müharibəsində xalqımıza Böyük Qələbəni bəxş etdi.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin