Bir məktubun izi ilə...| Onlar əsgərlərimizin döyüş ruhunu daha da artırır

2022/07/14718-1658992121.jpg
Oxunub: 478     10:08     06 Oktyabr 2022    
27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlayan Vətən müharibəsinin getdiyi günlərdə demək olar ki, hamı düşmənlə mübarizə aparırdı, hamı vuruşurdu. Ən böyük müharibə isə mənəvi müharibəydi. Hər kəs əsgərə səslənir, qələbəyə ruhlandırırdı. Kimisi şeir yazır, kimisi mahnı bəstələyir, kimisi qalibiyyət rəsmi çəkirdi.

Məktəblilər də geridə durmur, könüllərindən qopanları qələmə alıb səngərə ünvanlayırdılar. İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda vuruşan zabit və əsgərlərimizin döyüş ruhunun daha da yüksəlməsi üçün vətənpərvərlik ovqatına köklənmiş məktublar yazırdılar. Şagirdlər böyük ürəklə yazdıqları məktublarında döyüşçülərimizi yeni-yeni zəfərlərə, qələbələrə həvəsləndirirdilər. Zabit və əsgərlərə döyüşlərdə uğurllar, erməni işğalçıları üzərində böyük qələbələr arzulayırdılar. Arzulayırdılar ki, hərbçilərimiz yaxın günlərdə erməni işğalına son qoyub xalqımıza qələbə və zəfər müjdəsi versinlər. Məktubları ilə qələbəmizi daha da yaxınlaşdırmaq istəyirdilər.

Vətən müharibəsində vuruşan, torpaqlarımızı azad etmək üçün cəbhələrdə böyük hünər və qəhrəmanlıq göstərən hərbçilərə məktub yazan şagirdlərdən biri də Bakı Avropa Liseyində oxuyan 5-ci sinif şagirdi Əsma Tağıyeva idi. Başqa məktəblilər kimi Əsmanın da balaca ürəyi həmin günlərdə Vətən torpaqlarının azadlığı uğrunda vuruşanların yanında döyünürdü. Bu günə qədər Əsma məktəbdə keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı və başqa qanlı faciələr haqqında çox eşitmişdi. İstəyirdi ki, Azərbaycan əsgəri düşməndən bu qanlı faciələrdə şəhid olanların qisasını alsın. Buna görə də cəbhədə ermənilərlə vuruşan döyüşçülərə məktub yazırdı. Ürəyindən keçirdi ki, hərbçilərimiz bu savaşda zəfər çalsın, erməniləri torpaqlarımızdan qovsun. Əsmanın atası İsmayıl da hərbçi idi. O da bir zabit kimi qanlı döyüşlər gedən günlərdə üzərinə düşən tapşırıqları bacarıqla, peşəkarlıqla yerinə yetirirdi. Əldə silah Vətən uğrunda vuruşurdu.

Əsma yurdumuzu ermənilərdən azad edən hərbçilərə müraciət edərək yazırdı: "Əziz əsgərlər, mən Bakı Avropa Liseyində oxuyuram. İndi məktəbimizdə hamı Vətən müharibəsindən danışır. Cəbhədən xəbər tutmaq üçün radioya qulaq asır, televiziyadakı verilişləri izləyirik. Hər gün cəbhədən xoş xəbərlər eşidirik. Eşitdiyimiz qələbə xəbərləri bizi çox sevindirir. O gün öyrəndik ki, Cəbrayıl rayonunun mərkəzini ermənilərdən azad etmisiniz. Bu qələbə münasibətilə sizi təbrik edirik. Əziz zabitlər və əsgərlər, hər dəfə sizin qələbələrinizi eşidəndə üzümüz gülür, ürəyimiz açılır. Bilirik ki, siz düşməndən qat-qat güclüsünüz, qüdrətlisiniz. İnanırıq ki, tez bir zamanda neçə illərdən bəri ermənilərin əsirliyində qalmış Qarabağımızı bu qaniçənlərdən azad edəcəksiniz. Biz hamımız sizinlə fəxr edirik. Mənim atam İsmayıl Tağıyev də zabitdir. O da hazırda Cəbrayıl rayonunun azadlığı uğrunda vuruşur, erməniləri torpaqlarımızdan qovur. Sinif yoldaşlarım da əsgərlərə məktub yazırlar. Biz də sizin üçün, Vətənimiz üçün dərslərimizi yaxşı oxuyuruq. Tənəffüsə çıxanda hamımız bir yerə yığışıb uca səslə: "Qarabağ Azərbaycandır!" - deyirik. Biz sizə inanırıq. İnanırıq ki, siz mütləq torpaqlarımızı ermənilərdən azad edəcəksiniz. Siz qalib əsgər kimi geriyə dönəndə, mən də sizi gül-çiçəklə qarşılayanların sırasında olacağam! Sizə qarşıdakı döyüşlərdə uğurlar və qələbələr arzulayıram. Qollarınıza qüvvət, əziz əsgərlər! Erməniləri qovub çıxardın torpaqlarımızdan. Biz sizdən yalnız və yalnız qələbə gözləyirik!"

Əsma məktubu yazıb bitirəndən sonra Azərbaycan bayrağını əlində möhkəm tutmuş Azərbaycan əsgərinin şəklini də çəkmişdi. Yanında isə Türkiyə Cümhuriyyətinin bayrağını da təsvir etməyi unutmamışdı. Azərbaycan əsgərini qalib görmək istəyən balaca Əsma yazdıqlarını bir də təkrar-təkrar oxuyub vərəqi zərfin içinə qoyduqdan sonra üzərinə bu sözləri yazmışdı: "Əsmadan əsgərlərə! Biz həmişə sizinləyik!.." Azərbaycan əsgərinə ürək sözlərini hopdurduğu məktubu sevinə-sevinə cəbhəyə yola salmışdı. Əmin olmuşdu ki, onun məktəbli dəftərinə yazdığı sözlər döyüşçülərimizi zəfərlərə, qələbələrə ruhlandıracaq. Azərbaycan əsgəri mütləq və mütləq Vətən müharibəsinin qalibi olacaq.

Məktəbli Əsmanın ürək çırpıntısı ilə yazdığı bu məktubu səfərbərlikdən döyüşlərə çağırılmış əsgər Sənan Rəşidli Murovdağ istiqamətində vuruşarkən almışdı. Beşinci sinif şagirdinin məktubunu bölükdəki əsgərlərə də oxumuşdu. Məktəbli qızın yazdıqları, doğrudan da, əsgərləri növbəti qələbələrə ruhlandırmışdı. Ordu sıralarından tərxis olunandan sonra əsgər Sənan Rəşidli Əsmanın oxuduğu Bakı Avropa Liseyinə gedərək onunla görüşmüşdü.

Bu görüş barədə oxuculara məlumat verməzdən əvvəl əsgər Sənan Rəşidlinin ömür və döyüş yolu haqqında qısa söhbət açmaq istəyirəm. Sənan 1995-ci ildə Oğuz rayonunun Tərkeş kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2017-2018-ci illərdə "N" hərbi hissəsində xidmət edib. Erməni qəsbkarlarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Sənan Rəşidli də döyüşlərə gedib. Müharibənin ilk günlərindən o Murovdağ istiqamətində vuruşub. Vətən müharibəsindən doğmalarının yanına zəfərlə dönüb. Əsgər Sənan Rəşidli Vətən müharibəsində göstərdiyi hünər və rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülüb.

Müharibədən zəfərlə dönmüş əsgər üçün məktəbli Əsmanın yazdığı məktub çox yaddaqalan olub. Onunla söhbətimizə də elə məktəbli qızın məktubunun alındığı, oxunduğu anlardan başladıq. Sənan həmin günü xatırlayaraq dedi:

- Silah-sursat gətirmək üçün getmişdik. Qısa zamanda lazım olanları götürüb geri qayıtmaq istəyirdik. Bu vaxt təminata baxan hərbçilər dedilər ki, məktəblilər əsgərlərə məktub göndəriblər. Bu məktubları da döyüşçülərə payla. Qoy oxusunlar, çünki bu məktublar da bir silahdır. Məktəblilərin yazdıqları sözlər əsgərlərimizin döyüş ruhunu daha da artıracaq. Xeyli sayda məktubu gətirib əsgərlərə payladım. Şagirdlərdən birinin məktubunu da özüm oxudum. Doğrudan da, məktublar əsgərlərimizin döyüş ruhunu daha da artırdı.

Sözünə davam edən Sənan Rəşidli dedi ki, məktəbli qızın məktubunu qoruyub, müharibədən bir xatirə kimi saxladım. Vətən müharibəsindən bəhs edən hər söz, hər cümlə mənim üçün tarixdir. Hamımız bu tarixin parçalarını qorumalıyıq. Qorumalıyıq ki, gələcək nəsillər İkinci Qarabağ müharibəsində baş verən hər xırda hadisəni belə bilsin, onu dərindən öyrənsinlər. Zabit və əsgərlərimizin qəhrəmanlığından nümunə götürsünlər. Müharibədən qayıtdıqdan bir müddət sonra ürəyimdən keçirdi ki, Bakı şəhərinə gedəndə Bakı Avropa Liseyini axtarıb tapım, məktubu mənə gəlib çatmış 5-ci sinif şagirdi Əsma ilə görüşüm. Nəhayət, bu yaxınlarda Bakıya gəlmişdim. Bakı Avropa Liseyinin direktoru ilə danışdım, Əsma ilə görüşmək istədiyimi bildirdim. Məktəbin rəhbərliyi təşəbbüsümü hörmətlə qarşıladı. Görüş üçün ertəsi günə vaxt təyin edildi.

Təyin olunan vaxt Bakı Avropa Liseyinə getdim. Məktəbli qızın məktubunu da özümlə götürmüşdüm. Çox həyəcanlı idim. Murovdağın ətəklərində Əsmanın yazdıqlarını oxuduğum anlar yadıma düşdü. O vaxtlar heç ağlıma da gəlməzdi ki, məktubunu oxuduğum qızcığazın təhsil aldığı məktəbə gedəcəyəm, onunla görüşəcəyəm. Yəqin ki, heç Əsma da döyüşçülərə məktub göndərərkən ağlına da gəlməzdi ki, od-alovun içində məktubunu oxuyan əsgər döyüşlərdən sağ-salamat qayıdıb onunla görüşmək üçün təhsil aldığı məktəbə gələcək.

Liseyin direktoru ilə Əsmanın sinfinə getdik. Bu anlarda həyəcanım bir az da artdı. Elə həyəcanlı-həyəcanlı da sinifə girdim. Əsma ilə görüşüb tanış oldum. Çox gülümsər bir qız idi. Məktubu yazdığı vaxtdan bəri Əsma bir yaş da böyümüşdü. İndi məktəbli qız 6-cı sinifdə oxuyurdu. Əsmanın məktubunu hansı şəraitdə aldığımı, oxuduğumu hər kəsə danışdım. Sonra yazdığı məktubu məktəbli qızın özünə verdim ki, oxusun. Əsma əsgərlərə yazdıqlarını sinif yoldaşları üçün də oxudu. Bu anlarda məktəbli qızın üzündə təbəssüm, gözlərində sevinc vardı.

Bir az keçmiş Əsmanın atası İsmayıl Tağıyev də sinfə gəldi. Öyrəndim ki, zabit İsmayıl Tağıyev döyüşlərdə göstərdiyi igidliyə, cəsarətə görə "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülüb. Məktəbdə keçirilən bu görüş mənim üçün yaddaqalan oldu. Sevincim yerə-göyə sığmırdı. Hiss edirdim ki, Əsma da bu görüşə çox sevinir. Görüş zamanı Azərbaycan zabitinin, Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi igidlikdən, qəhrəmanlıqdan ətraflı söz açdım. Bakı Avropa Liseyində müəllimlərlə, şagirdlərlə olan bu görüş uzun müddət yaddaşımda yaşayacaq.

Keçmiş döyüşçünün döyüşlər zamanı məktəbli qızın məktubunu alması, həm də xeyli müddətdən sonra onunla görüşməsi Sənanın yaddaşında dərin iz buraxmışdı. Yəqin ki, bu görüşlər, bu hadisələr, özünün də dediyi kimi, heç vaxt onun yaddaşından silinməyəcək. Vətən nə vaxt əmr etsə, Sənan Rəşidli onun müdafiəsinə həmişə hazır olacaq.

Vahid Məhərrəmov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin