Döyüş təəssüratları| "Düşmən qüvvələrini bölüşdürməyə məcbur oldu, çaşbaş qalmışdılar" - Qazi Arif Cəfərov

2022/09/1663923093.jpg
Oxunub: 1011     14:23     23 Sentyabr 2022    
Arif Ruslan oğlu Cəfərov Şəmkirin Çardaqlı qəsəbəsində anadan olmuşdu. Uşaqlığından şəhidliyin nə olduğunu o da dərk etmişdi - şəhid Natiq Süleymanov adına orta məktəbdə oxuyurdu. O da bilirdi ki, şəhidlərə hamının sonsuz sevgisi, ehtiramı var...

Orta məktəbdə oxuyanda məktəblilər arasında keçirilən hərbi təmayüllü idman yarışlarında fəal iştirak edirdi. O illərdə bu, uşaqlıq, yeniyetməlik həvəsi olsa da, onun gələcəkdə istər fiziki baxımdan formalaşmasında, istər dünyaduyumunun genişlənməsində əhəmiyyətli olacağı haqqında düşünmürdü. Məşqlərdə hərbi rəhbərin öyrətdiklərini həvəslə yerinə yetirirdi. Avtomatı nəzərdə tutulan normativə uyğun söküb-yığırdı. Onu yoldaşlarına nümunə göstərirdilər.


Dəqiq atəş açmağı, hədəfi düzgün vurmağı da bacarırdı. "Bunlar hərbi xidmətdə gərəyim olacaq, onda bildiklərimi daha da təkmilləşdirərəm..." - belə düşünürdü və müəllimləri onun gərəkli düşüncələrini qiymətləndirirdilər...

Arif Cəfərov orta məktəbi 2018-ci ildə bitirdi. Onu da hərbi xidmətə çağırdılar. Orta məktəbdə oxuyanda öyrəndiklərinin bəhrəsini hərbi xidmətdə aydınlığıyla hiss edirdi; avtomatla davranışını, onu səliqə ilə həm də normativə əsasən söküb-yığma bacarığını, dəqiq atəş açmasını komandirləri bəyənirdi. Əsgər Arif Cəfərov hərbi intizama da ciddi əməl edirdi.

Hərbi xidməti başa çatdı. O da ordu sıralarından tərxis edildi...

Ermənistan silahlı birləşmələri yeni ərazi işğal etmək niyyəti ilə 2020-ci il sentyabrın 27-də işğal edilmiş ərazilərimizdən torpaqlarımıza hücum etdi. Ordu hissələrimiz bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Ölkədə qismən səfərbərlik elan edildi. Onda Akif Cəfərov da döyüşlərə çağırıldı...

Arif Cəfərov ilk döyüş ərəfəsində söhbət zamanı yoldaşlarına həqiqi hərbi xidmətdə komandirindən eşitdiyi bir fikri xatırlatmışdı:

- Hər biriniz döyüş əmrinin siz hərbi xidmətdə olanda verilməsini istəyirsiniz. Bu istək Azərbaycan əsgərinin mənəvi zənginliyinin, Vətən sevgisinin təzahürüdür. Vətən müharibəsi başlayıb. Biz bu sevginin işığında döyüşəcəyik.

Döyüşçülər Arifin sözlərini razılıqla qarşılamışdılar.

Arif Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etdi.

Qubadlı ətrafında döyüş gedirdi. Düşmənin müdafiə mövqelərinə həmlə edilməsi üçün ayrılan qrupun tərkibində o da vardı. Əmrə əsasən, düşmənin mövqeyinə səssiz yaxınlaşmalıydılar, onlardan bir qədər əvvəl göndərilmiş qrup atışa başlayanda hücum etməliydilər. Düşmən ikitərəfli hücumun qarşısını almaq istəyəndə əsas qrup mövqeyə qəti hücum edəcəkdi. Belə də oldu.

İlk atəş eşidilən kimi atışa-atışa hücuma keçdilər. Ağır döyüş gedirdi. Eyni vaxtda iki müxtəlif istiqamətdən hücuma məruz qalan düşmən qüvvələrini bölüşdürməyə məcbur oldu. Düşmən çaşbaş qalmışdı. Döyüş gərginləşdiyi məqamda əsas qrup hücuma keçdi. Düşmən atışa-atışa geri çəkilirdi...

Arif Cəfərov yaralandı. Onu döyüşdən çıxartdılar, az sonra təxliyə etdilər...

Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Arif Cəfərov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildi...

Arif Cəfərov da digər Vətən müharibəsi iştirakçıları kimi yeniyetmələrə döyüşlərdən, qəhrəmanlardan danışmağı Vətən müharibəsində qazanılan Zəfərin mənəvi davamı bilir. Bu da mənəvi kamilliyin təzahürüdür. Həm danışanın, həm də dinləyənin mənəvi kamilliyi...

Mübariz Musayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin