PUA-lar, insansız quru və dəniz platformaları Türkiyəni silah sənayesinin güclü mərkəzinə çevirir – ANALİZ

2022/08/1660817953.jpg
Oxunub: 2589     15:45     18 Avqust 2022    
Türkiyənin silah istehsal edən bir güc mərkəzi olmaq üçün Rəcəb Tayyib Ərdoğanın 20 ildir davam edən layihəsi bəhrə verməyə başlayır.

Türkiyə PUA-ları Ukraynanın Rusiya işğalına qarşı mübarizəsində güc balansını dəyişməyə kömək edib və bütün dünyada münaqişələrin təbiətini dəyişdirib. Türk şirkətləri Filippinə helikopterlər, Pakistana korvetlər və Keniyaya zirehli maşınlar ixrac edir. Türkiyə rəqibi Yunanıstanla rəqabət aparmaq üçün böyük donanma qurub və 10 müxtəlif ölkəyə patrul gəmiləri satır.

Ərdoğan hökuməti ABŞ və digər xarici hərbi təchizatçılardan asılılığı azaltmaq üçün hər il 60 milyard dollar xərcləyir. Özəl müdafiə sənayesi 2002-ci ildəki 1 milyard dollardan 2020-ci ildə 11 milyard dollara yüksəlib. Silah sövdələşmələri hazırda Ərdoğanın seçdiyi xarici siyasət alətlərindən biridir, əlaqələr qurmaq və qlobal miqyasda Türkiyənin təsirini artırmağa davam etdirmək üçün PUA-ların və digər silahların satışından istifadə edilir.


Hökumətin məlumatına görə, 2000-ci illərin əvvəllərində Türkiyə silahlı qüvvələrinin ehtiyacının təxminən 30 faizini yerli şirkətlər təmin edirdisə, bu gün bu rəqəm 70%-dir. Rəsmilər bildirirlər ki, “Bayraktar TB-2” PUA-larının uğuru fonunda Türkiyə quru, suüstü və sualtı vasitələr də daxil olmaqla insansız sistemlərin əsas tədarükçüsü olmaq istəyir.

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri və Ərdoğanın yaxın adamı olan İsmayıl Dəmir deyib: “Aydındır ki, adi şeylərin müəyyən məhdudiyyətləri var və biz yeni və kommersiya xarakterli nəsə axtarmalıyıq. Biz düşündük ki, bu, hava vasitələri ilə məhdudlaşmamalıdır. Quru, dəniz, sualtı da olmalıdır”.


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Türkiyə 2017-2021-ci illər arasında silah ixracatında İsrail və İsveçrəni, Ukrayna və İsveçi geridə qoyaraq 12-ci yerdə qərarlaşıb. Türkiyə sənayesi ABŞ, Rusiya və Fransa kimi silah satan nəhənglərlə müqayisədə hələ də kiçikdir, lakin 2001-ci ildən 36-cı yerdəykən yeni səviyyəyə yüksəlib. Onun əsas alıcıları Türkmənistan, Oman və Qətər olub.

Türkiyə reaktiv qırıcılar və hava hücumundan müdafiə kimi böyük qiymətli mallar üçün hələ də xarici təchizatçılardan asılıdır. 2017-ci ildə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini almaq qərarı ABŞ-ın Dəmirə qarşı sanksiyalar tətbiq etməsinə və Türkiyənin qabaqcıl F-35 qırıcı təyyarəsi proqramından çıxarılmasına səbəb olub.

Türkiyə hökuməti hazırda Bayden administrasiyası ilə F-35-ə mümkün alternativ olan yeni F-16 qırıcılarının alınmasına dair razılaşma üzərində danışıqlar aparır.

Türkiyə hökuməti özünün reaktiv qırıcı, hava hücumundan müdafiə vasitələri və tanklarını inkişaf etdirir, lakin bu ağır silahların istifadəyə verilməsinə hələ illər qalıb. Dəmir bildirib ki, xarici sanksiyalar hərbi müstəqillik uğrunda mübarizəyə aktuallıq əlavə edib: “Biz bilirik ki, 100% müstəqil olmağa çalışmaq mümkün və məntiqli bir şey deyil. Burada əsas odur ki, biz milli maraqlarımızı hər zaman qorumalıyıq”.


Türkiyənin müdafiə sektoru Çin kimi nəhənglərlə müqayisədə kiçik olaraq qalsa da, son münaqişələrdə PUA-ların gücünə görə böyük təsirə malikdir. Ölkənin “Bayraktar TB-2” platformaları ən azı dörd müxtəlif müharibədə - Ukrayna, Suriya, Liviya və Azərbaycanın Ermənistanla müharibələrində Moskva qüvvələrini, onun tərəfdaşlarını və Rusiya istehsalı olan texnologiyanı geri çəkilməyə kömək edib.

Bu ilin əvvəlində Ukrayna ordusu PUA-lardan Rusiyanın mobil hava hücumundan müdafiə sistemlərinə raketlər yağdırmaq və Qara dənizdə hərbi gəmilərini batırmaq üçün istifadə edib. Ukraynalılar hava hücumlarını mahnılarla qeyd ediblər.

TB-2 kiçik dövlətlərə daha güclü rəqiblər üzərində üstünlük əldə etmək üçün ucuz alternativ təklif edir. Altı TB-2 PUA-sı və onları idarə etmək üçün lazım olan yerüstü avadanlıq ABŞ istehsalı olan “Reaper” MQ-9 ilə müqayisədə yüz milyonlarla deyil, on milyonlarla dollara başa gəlir.

TB-2 24 saat havada qala bilir, hava şəraitinə görə 185 mil məsafədən uzaqdan pilot tərəfindən idarə olunur. PUA-ların uzaq məsafəli kameraları və radarlardan yayınma qabiliyyəti onları Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən yayınmağa kömək edir.


İnsansız quru platformaları istehsal edən Ankarada yerləşən “Elektroland Defence” şirkətinin satış direktoru Mustafa Orakçı deyir ki, “Bayraktar”ın etdiyi şirkət üçün böyük bir reklam olub.

“Elektroland”ın Türkiyə paytaxtında yerləşən abarında bu yaxınlarda 10 platformanın yeni sahibinə, Banqladeş hökumətinə göndəriləcəyi gözlənilir. Partlamamış hərbi sursatların daşınması üçün nəzərdə tutulmuş maşınlar “Ulduz Döyüşləri” filmindəki robot R2-D2-yə bənzəyir, lakin sərt relyef üçün bir cüt nəhəng yolsuzluq təkərlərinə malikdir.


Cəmi 50 işçisi olan “Elektroland” şirkəti Türkiyənin silah sənayesi üçün xarakterik xüsusiyyətlərə malikdir, şirkət hökumət dəstəyi ilə son 15 ildə inkişaf edib. “Elektroland” mütəxəssisləri Ankaradakı laboratoriyasında insansız quru platformaları yığır.

Binanın qarşısında texnik pult ilə “Hancer” adlanan insansız quru vasitəsini sınaqdan keçirir. Şirkətin hazırladığı “Hancer” adlı sistemlər dörd fırlanan tırtıl üzərində yerləşdirilib və avtomatik silah daşımaq üçün nəzərdə tutulub. Robot fabrikin palçıqlı həyətinin ətrafına yaxınlaşaraq qum yığınının üzərinə çıxıb. Onun ön tərəfində gözlərə və dişlərə bənzəyən naxışları var.

Türkiyənin hərbi satışları ölkənin dəyişən xarici əlaqələrini əks etdirir. Ötən ildən bəri Ərdoğan regionda nüfuz sahibi olmaq üçün elan olunmamış Soyuq Müharibə ilə mübarizə apardığı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail də daxil olmaqla, Yaxın Şərqdəki rəqibləri ilə münasibətləri bərpa etməyə çalışır.


Dəmir və üç türk müdafiə şirkətinin rəsmilərinin fikrincə, xüsusilə BƏƏ ilə münasibətlərin istiləşməsi Türkiyənin müdafiə sənayesi üçün ümidvericidir.

Orakçı bildirib ki, “Elektroland” BƏƏ-nin hərbi texnologiya şirkəti olan “Calidus”a 40 platforma təhvil vermək üçün müqavilə imzalamağa hazırlaşır. BƏƏ rəsmiləri, həmçinin Türkiyədən insansız suüstü qayıqlar almaqda maraqlı olduqlarını bildirib. Məsələ ilə bağlı məlumatlı insanların sözlərinə görə, potensial satınalma üçün texniki xüsusiyyətlərin siyahısını göndəriblər. Təhlilçilər bildirirlər ki, qayıqlar Hörmüz boğazı kimi mübahisəli sularda müşayiətə ehtiyacı olan gəmilər üçün faydalı ola bilər.

İnsansız dəniz platformaları hazırlayan şirkətlərdən biri də baş ofisi İstanbulun Asiya tərəfindəki limanlarında yerləşən “Yonca-Onuk” şirkətidir. Qətər, Misir və Gürcüstana patrul katerləri satmaqla tanınan şirkət, dəniz qüvvələri və sahil mühafizəsi personalı üçün daha az risklə kəşfiyyat və silahlı missiyalar həyata keçirən insansız gəmilər hazırlayır.

Şirkətin “Sancar” adlı insansız gəmi prototipi var. Şirkətin baş meneceri Yavuz Uras bildirib ki, dizel mühərriki ilə təchiz edilən qayıq 10 knot sürətlə 40 saata qədər işləyə bilir.

“Strategiya belədir. Biz özümüz qururuq, sonra başqa ölkələrə satırıq”,- deyə Uras bildirib.

Rusiyanın Ukraynaya müdaxiləsi həm də Türkiyə müdafiə sənayesinin hissələrinə təsir edib.


Ankaradan təxminən yüz mil şərqdə yerləşən kiçik Yozqat şəhərində Ukrayna ordusu üçün hərbi qoruyucu vasitələr, zirehli geyimlər və dəbilqələr istehsal olunur.

“Garanti Kompozit” adlı şirkətin geniş şəhərciyində zirehli gödəkçələr istehsal olunur. Zirehli gödəkçələrin lövhələri Ukraynaya göndərilməzdən əvvəl sınaqdan keçirilir. Rusiyanın fevraldakı hücumundan qısa müddət sonra Ukraynaya on minlərlə zirehli gödəkçə göndərilib.

Şirkət işçi qüvvəsini təxminən 1200 nəfərə çatdırmaq üçün əlavə 120 işçi işə götürərək istehsalı artırıb. Şirkət Rusiya hücumu başlayandan bəri Ukraynaya 80-100 min dəst zireh göndərib.

Müharibədən bir neçə həftə sonra Ukrayna rəsmiləri şirkətlə əlaqə saxlayıb əzələli, kifayət qədər qısaboylu kişi üçün “xüsusi zireh” istəyib. Bir neçə həftə sonra şirkət Ukraynadakı müharibə ilə bağlı görüntülər yayımlayan Türkiyənin televiziya xəbərlərinə baxarkən sinəsində zireh geyən sirli müştərini görüb: Ukrayna prezidenti Volodimir Zelenski.


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin