“Farnborough 2022”: Britaniya Yaponiya və İtaliya ilə yeni döyüş təyyarəsi proqramı üzərində işləyəcək

2022/07/1658302448.jpg
Oxunub: 1087     17:43     25 İyul 2022    
Britaniya Yaponiya və İtaliya ilə növbəti nəsil döyüş təyyarəsi proqramı üzrə əməkdaşlıq edəcək.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “Farnborough Airshow” aviasiya sərgisinin açılışında bildirib.

O qeyd edib ki, birgə konsepsiyanın təhlili ilin sonuna qədər daha dərin tərəfdaşlıqlara gətirib çıxaracaq.

“Reuters” bundan əvvəl bildirib ki, Britaniya və Yaponiya yeni nəsil “Tempest” və FX döyüş təyyarələri proqramlarını birləşdirmək üçün razılığa gəlməyə çalışır və iki ölkə ilin sonuna qədər yeni ortaq layihə üzrə razılaşma əldə etməyi hədəfləyir.

Conson hökumətinin aviasiya və texnologiyanı dəstəklədiyini deyib.

“Mən təkcə İtaliya ilə deyil, Yaponiya ilə də inkişaf edən tərəfdaşlığımızın potensialına inanıram”, - deyə o bildirib.

Britaniya və “BAE Systems” şirkəti “Tempest” təyyarələrinin prototipinin yaxın beş il ərzində uçacağını vurğuayır.

Şirkət rəsmiləri sərgidə bildirib ki, “Tempest” stels (radara daha az görünən) funksiyaların inteqrasiyası da daxil olmaqla, bir sıra yeni texnologiyaları sınaqdan keçirən pilotlu səsdən sürətli təyyarə olacaq.


Britaniya yeni qırıcının 2035-ci ilə qədər istifadəyə verilməsini istəyir və Avropa İttifaqından ayrıldıqdan sonra Fransa-Almaniya-İspaniyadan ayrı bir proqram həyata keçirir.

Böyük Britaniya kimi, həm Yaponiya, həm də İtaliya F-35 döyüş təyyarələrini idarə edir və birgə təlimlər keçiriblər.

“Tempes”in 2025-ci ilə qədər 2 milyard funt sterlinq (2,4 milyard dollar) büdcəsi var. Digər tərəfdaşlar arasında “Leonardo UK”, MBDA və “Rolls-Royce” şirkətləri var. “Tempest” qlobal miqyasda inkişafda olan altıncı nəsil qırıcılardan biridir. Təyyarənin Süni Zəka və kibermüharibə kimi sahələrdə qabaqcıl rəqəmsal imkanları var.

“Mitsubishi Heavy Industries” tərəfindən idarə olunan Yaponiyanın FX proqramı və “Tempest” layihələrinin birləşməsi ilə Tokio ilk dəfə böyük hərbi proqram üçün qeyri-ABŞ tərəfdaşı ilə əməkdaşlıq edəcək.

Britaniya və İsveç də birgə döyüş təyyarəsinin inkişafı və əldə edilməsi üzərində işləmək üçün anlaşma memorandumu imzalayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Yaponiya  


Bizi "telegram"da izləyin