Yaponiyanın FX və Britaniyanın “Tempest” qırıcı layihələri birləşdirilə bilər

2022/07/tempe-1657880161.jpg
Oxunub: 765     15:42     16 İyul 2022    
Yaponiyanın FX və Britaniyanın “Tempest” adlı yeni nəsil döyüş təyyarəsi proqramları tezliklə birləşdirilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

İki ölkə bu layihələri birləşdirərək ilin sonuna qədər yeni layihə üzərində razılığa gəlməyi hədəfləyir.

Yaponiya böyük hərbi proqram üçün ilk dəfədir ABŞ-dan başqa ölkə ilə əməkdaşlıq edəcək. Mənbələrdən biri “Reuters” agentliyinə bildirib ki, bu, Yaponiya və Böyük Britaniya arasında bərabər paylarla bölüşdürüləcək on milyardlarla dollara başa gələcək bir layihədir.

“Mitsubishi Heavy Industries” (MHI) tərəfindən idarə olunan Yapon FX Proqramının “BAE” Systems tərəfindən idarə olunan “Tempest” proqramı ilə birləşməsi xəbəri ilk dəfədir ortaya çıxıb. Bundan əvvəl Britaniya və Yaponiya şirkətlərinin “Tempest”in bəzi komponentlərini hazırlamaq üçün əməkdaşlıq edəcəyi bildirilmişdi. Britaniya və Yaponiya “Tempest”in mühərriki üçün əməkdaşlıq etmək barədə razılığa gəlmişdi.

İngiltərənin “BAE Systems” şirkəti Türkiyənin yeni nəsil döyüş təyyarələri proqramı olan Milli Döyüş Təyyarəsi (TF-X) layihəsini də dəstəkləyir. Hazırda 100-ə yaxın “BAE Systems” mühəndisi birbaşa TUSAŞ şirkətinin Ankaradakı əsas müəssisəsində çalışır.

“BAE Systems”, “Rolls-Royce”, MBDA və “Leonardo” şirkətləri və İngiltərə hökuməti ilə ortaq şəkildə davam edən “Tempest” adlı 6-cı nəsil döyüş təyyarəsi layihəsi ilk dəfə 2018-ci ildə keçirilən “Farnborough” Aviasiya Sərgisində təqdim edilib. 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılan təyyarə Böyük Britaniyanı hərbi təyyarələrdə dünya gücünə çevirməyi hədəfləyir. Bu çərçivədə Britaniyanın müdafiə sənayesi şirkətləri 6-cı nəsil döyüş təyyarəsi üçün mühərrik, dizayn, avionik sistemlər, silah sistemləri və s. sahələrdə yeni texnologiyaların inkişafı üçün işlərini davam etdirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tempest   Yaponiya  


Bizi "telegram"da izləyin