Mərkəzi Asiya PUA yarışına başlayır – Moskva kənarda qalıb

2022/08/1660034053.jpg
Oxunub: 2801     16:14     09 Avqust 2022    
27 iyun 2022-ci il tarixində məşhur “Bayraktar TB2” zərbə PUA-larının yaradıcısı olan “Baykar” şirkətinin rəsmi “Twitter” hesabı Türk-İngilis-Ukrayna dillərində məlumat yayaraq bildirdi ki, Kiyevə 3 ədəd TB-2 PUA-sı pulsuz göndəriləcək. PUA-ların alınması üçün “Xalq Bayraktar” kraudfandinq kampaniyası vasitəsilə toplanan vəsait “mübariz Ukrayna xalqına” yönəldiləcək.

“Baykar”ın bu jesti Türkiyənin anti-Rusiya sanksiyalarına qoşulmaq istəməməsi ilə bağlı Ukraynanın məyusluğunu yumşaldır. Prezidentin sözçüsü İbrahim Kalın sanksiyaların Türkiyə iqtisadiyyatına Rusiyadan daha çox zərər verəcəyini bildirib.


“PUA diplomatiyası” Finlandiya və İsveçin NATO-ya müraciətində Türkiyənin müvəqqəti blokadası və ya oğurlanmış Ukrayna taxılının daşınmasında Türkiyə limanlarının iştirakı ilə bağlı təkrarlanan eniş-yoxuşlara baxmayaraq, Türkiyə-Ukrayna münasibətlərinin mehribanlığını saxlamaq üçün mühüm alət olaraq qalır.

Mərkəzi Asiyanın hərbi PUA axtarışı Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsindən çox əvvəl başlayıb və iki açıq tendensiya ilə formalaşıb: Gələcək müharibədə əsas rol oynayacağı gözlənilən hərbi PUA-ların tezliklə yüksəlişi və Rusiyanın qabaqcıl hərbi texnologiyalarda və dəqiq silahlarda tədricən geriləməsi.

Hərbi xərclər və silah ticarəti üzrə aparıcı tədqiqat institutu olan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə Rusiyanın ümumi silah ixracatında payı hər il aşağı düşür.

2015-ci ildə 4,4 milyard ABŞ dollarına çatan qlobal hərbi PUA bazarında ABŞ, Çin, İsrail, İran və Türkiyə dominantlıq edir. Türkiyə öz zərbə PUA-larını inkişaf etdirən və istehsal edən beşinci dövlət oldu. Hal-hazırda, hərbi PUA bazarı təxminən 12 milyard ABŞ dolları dəyərində qiymətləndirilir və 2028-ci ildə 17 milyard ABŞ dollarından çox olacağı təxmin edilir.

Dövlətə məxsus TUSAŞ şirkəti tərəfindən hazırlanmış “Anka” ilk yerli PUA-dır və 2010-cu ilin iyulunda ortaya çıxdı. İlk “Bayraktar TB2” 2015 -ci ildə atəş sınaqlarını tamamlayıb, PUA ilə ilk uçuşunu 2013-cü ildə başa vurub. Bu arada Rusiya 2014-cü ilin sonuna kimi PUA-ların hazırlanmasına başlamağı planlaşdırırdı. Keçmiş müdafiə nazirinin müavini və hazırkı baş nazirin müavini Yuri Borisov etiraf etdi ki, Rusiya hərbi PUA-ları təqdim etməkdə gecikib və bu problem Rusiyanın Suriya kampaniyasında özünü büruzə verib.


SIPRI-nin məlumat bazasına görə, 2021-ci ildə ümumi hərbi xərcləri 1,8 milyard ABŞ dolları təşkil edən Mərkəzi Asiya dövlətləri 2013-cü ildə zərbə tipli PUA-lar sifariş etməyə başlayıblar, Özbəkistan və Qazaxıstan Çindən “Wing Loong-1”, Türkmənistan isə Çindən CH-3 və WJ-600 PUA-ları alıb. Regionun əsas silah tədarükçüsü olmasına baxmayaraq, Rusiyadan heç bir PUA sifariş edilməyib.

Rusiya hərbi texnologiyasının geridə qaldığı hələ 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücum etməsindən əvvəl məlum idi. PUA-ların mühüm rol oynadığı Suriya, Liviya və Azərbaycandakı son müharibələrdə Türkiyə PUA-ları Rusiya texnikalarına ağır zərbə vurub. Bu yaxınlara qədər Rusiyanın hərbi modernləşdirilməsi imicini təbliğ etmək üçün apardığı nəhəng media kampaniyası ölkəni durmadan “müasir və modernləşdirilmiş silahların payına görə qlobal lider” kimi təqdim edirdi. Belə görünürdü ki, hətta buna Qərb dövlətlərini də inanmağa başlamışdı. General Con Hyten Rusiyanı tərifləyib və “son 20 ildə inanılmaz dərəcədə güclü orduya çevrildiyini” iddia edib. NATO Parlament Assambleyası NATO-nun müəyyən müdafiə texnologiyalarında Rusiyadan geri qalmasını müzakirə edirdi.


2018-ci ildə Rusiya ordusunun PUA-ya qarşı imkanlarını təbliğ edən media kampaniyasına başladı, ardınca Qırğızıstan və Tacikistandakı Rusiya hərbi bazalarında PUA-lara qarşı xüsusi bölmələr formalaşdırdı. Rusiya ordusunun Suriya kampaniyasında geniş təcrübə qazandığı iddia edildi, çoxsaylı PUA əleyhinə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri təqdim edildi, onlardan bəzilərinin 100 km məsafədə “bütün mövcud PUA-lara qarşı” effektiv olduğu iddia edildi. Bununla belə, Liviya vətəndaş müharibəsi zamanı PUA əleyhinə döyüş üçün nəzərdə tutulmuş ən yeni “Pantsir-S1” sistemləri məhv edildi. 2020-ci ildə Rusiyanın hava hücumundan müdafiə və REM vasitələri Türkiyə və İsrail PUA-larına qarşı uğursuzluqlarına görə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ciddi şəkildə tənqid edilib. Rusiyanın REM vasitələri və digər antidron sistemləri indiki Rusiya - Ukrayna müharibəsində elan ediləndən daha pis nəticə göstərib.

Rusiya silah sistemləri bütün dünyada döyüşlərdə sınaqdan keçirildiyindən və tez-tez silahlı PUA-lara qarşı uğursuzluqla üzləşdiyindən, Rusiyanın Mərkəzi Asiyaya silah ixracının ənənəvi müştəriləri tələsik PUA sahəsindəki boşluğu aradan qaldırmağa çalışırdılar, Rusiya heç bir əlverişli alternativ təklif etmirdi. 2019-cu ildə İsrailin “Elbit Systems” şirkəti ilə Qazaxıstanda müşahidə və kəşfiyyat PUA-larının birgə istehsalı ilə bağlı müqavilə bağladıqdan sonra Qazaxıstan Müdafiə Nazirliyi Türkiyə ilə də əməkdaşlıq etməyə başladı. 2020-ci ilin noyabrında Qarabağ müharibəsinin bitməsindən bir neçə gün sonra Qazaxıstan nümayəndə heyətini Türkiyəyə göndərdi. Daha sonradan məlum oldu ki, Qazaxıstan Türkiyədən “Anka” PUA-ları sifariş verib. Bu maraq Qazaxıstanın “Çin PUA -larına qarşı cəhd” kimi şərh edilib. Ancaq bu olduqca adi bir hal idi, çünki münasib qiymətə baxmayaraq, Çin PUA-larında etibarlılıq və ehtiyat hissələri problemləri var. 2015-ci ildən bəri heç bir Orta Asiya dövləti Çindən hərbi PUA sifariş etməyib, həm Türkmənistan, həm də Qırğızıstan 2020-2022-ci illər arasında “Bayraktar TB2-lər” alıb.



Bununla belə, Mərkəzi Asiyanın zərbə PUA-ları alması müzakirələrə səbəb olub. Həm Qırğızıstan, həm də Tacikistan üçün eyni “Bayraktar TB2”lərin alınması perspektivləri hər iki ölkədə hiddətə səbəb olub. Xatırladaq ki, iki qonşu dövlət arasında 2021-ci ilin aprel toqquşmasında 55 nəfər ölüb.

Məsələ o qədər həyati görünürdü ki, bu zərbə PUA-larından sərhəd nəzarəti üçün istifadə etməsinə baxmayaraq, Qırğızıstan tərəfi Türkiyəni onları qonşularına satmamağa çağırıb. Bu barədə indiki xarici işlər naziri Jeenbek Kulubayev danışıb. Türkiyənin Qırğızıstanın gələcəkdə Tacikistana PUA satmamağa çağırmasına cavabı hələlik məlum deyil, ancaq İran işə qarışıb və Tacikistanda özünün “Əbabil-2” PUA-larının istehsalına başlayıb.

Regional dron yarışı qızışır. Bir neçə gün sonra Tacikistan prezidenti Emoməli Rəhmon İrana səfər edərək iki “qardaş” xalq arasında əlaqələri möhkəmləndirdi. Bu arada, Qazaxıstanda “Anka” PUA-larının birgə istehsal edilməsi müzakirə olunur. Özbəkistan isə artıq yerli müşahidə və hücum PUA-larının istehsalına başlayıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərkəzi-Asiya   PUA  


Bizi "telegram"da izləyin