NATO-nun yeni strateji konsepsiyası təsdiqlənib: Ən böyük təhlükə Rusiyadır - YENİLƏNİB-1

2022/06/1656510417.jpg
Oxunub: 741     18:23     29 İyun 2022    
NATO-nun Madrid Sammitinin yekun deklarasiyası qəbul olunub.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun saytında bildirilib.

Deklarasiyada bəyan olunur ki, NATO müdafiə alyansıdır və heç bir ölkə üçün təhlükə yaratmır: “NATO bizim kollektiv müdafiəmizin təməli və müttəfiqlər arasında təhlükəsizlik məsləhətləşmələri və qərarlar üçün vacib forum olaraq qalır”.

Bildirilir ki, NATO müttəfiqləri demokratiya, fərdi azadlıq, insan hüquqları və qanunun aliliyinə sadiqlikdə həmrəydir: “Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edir, qaydalara əsaslanan beynəlxalq nizamı qorumağa sadiq qalırıq”.

Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini ən sərt şəkildə pisləyir”, bunun beynəlxalq təhlükəsizliyi və sabitliyi ciddi şəkildə pozduğunu bəyan edirlər.

Onlar bildirir ki, “Rusiya həmçinin hərbi əməliyyatları ilə dünyada milyardlarla insana təsir edən ərzaq və enerji böhranını qəsdən şiddətləndirib”. Müttəfiqlər Ukrayna taxılının ixracını təmin etmək və qlobal ərzaq böhranını yüngülləşdirmək istiqamətində beynəlxalq səyləri dəstəkləmək üçün yaxından işləyirlər: “Biz Rusiyanın yalanlarına qarşı durmağa və onun məsuliyyətsiz ritorikasını rədd etməyə davam edəcəyik. Rusiya dərhal bu müharibəni dayandırmalı və Ukraynadan çıxmalıdır. Belarus bu müharibədə iştirakına son qoymalıdır”.

NATO müttəfiqləri bildirir ki, onlar öz ölkəsinin qəhrəmancasına müdafiəsində Ukrayna hökuməti və xalqı ilə tam həmrəydir: “Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi suları da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq.

Rusiya Federasiyası Müttəfiqlərin təhlükəsizliyinə, Avro-Atlantik məkanda sülh və sabitliyə ən böyük və birbaşa təhdiddir.

Terrorizm bütün forma və təzahürlərində xalqlarımızın təhlükəsizliyinə, beynəlxalq sabitlik və rifaha birbaşa təhdid yaratmağa davam edir. Biz terrorizmi qəti şəkildə rədd edir və ən sərt şəkildə pisləyirik. Müttəfiqlər qətiyyət və həmrəyliklə Rusiyanın təhdidlərinə qarşı durmağa və onun düşmənçilik hərəkətlərinə cavab verməyə və beynəlxalq hüquqa uyğun şəkildə terrorizmlə mübarizəyə davam edəcək”.

Yekun deklarasiyada kiber, kosmik, hibrid və digər asimmetrik təhdidlər və yeni yaranan və təhlükəli texnologiyalardan zərərli istifadə də təhdid kimi xarakterizə olunur: “Biz maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyan və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışan Çin Xalq Respublikası da daxil olmaqla, sistemli rəqabətlə üzləşirik. Sərhədlərimizdən kənarda qeyri-sabitlik qanunsuz miqrasiyaya və insan alverinə gətirib çıxarır”.

Yekun deklarasiyada NATO müttəfiqləri bəyan edir ki, bütün təhdid və təhlükələrə qarşı NATO cavab verəcək və yeni düzənə adaptasiya olacaq:
”Biz bütün Müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün uzun müddət üçün çəkindirmə və müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Biz bunu quru, hava, dəniz, kiber və kosmos sahələrində və bütün təhdid və çağırışlara qarşı 360 dərəcə yanaşmamıza uyğun olaraq edəcəyik”.

*****

NATO-nun yeni konsepsiyası hazırlanarkən Rusiya ilə pisləşən münasibətlər nəzərə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun bu gün keçirilən Madrid Sammitində qəbul olunan bəyannamədə bildirilir.

“Müttəfiqlərimizin təhlükəsizliyinə ən böyük və birbaşa təhdid Rusiyadır. Sərhəd təhlükəsizliyimizi gücləndirəcəyik”, - deyə bəyannamədə qeyd olunub.

*****

NATO-nun yeni strateji konsepsiyası təsdiqlənib.

Ordu.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

"NATO liderləri yeni strateji konsepsiyamız, daha rəqabətli dünyada Alyansımızın planı barədə razılığa gəldilər", o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin