"İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ən birinci əngəl mina təhlükəsidir" - Deputat

2022/06/1656500175.jpg
Oxunub: 312     14:52     29 İyun 2022    
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə 30 il sürən işğaldan sonra öz torpaqlarını azad etdi. Məlumdur ki, işğal dövründə ermənilər torpaqlarımızı viran qoyub, bütün infrastrukturu, binaları yerlə yeksən edib, ərazilərimizi xarabalığa çevirib.

Bunu Ordu.az-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Azərbaycann öz torpaqlarını işğaldan azad etdikdən dərhal sonra yenidənqurma və bərpa işlərinə başlayıb.

“Lakin işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qayıtması üçün ən birinci əngəl mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə kifayət mina basdırıb. Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir. Ermənilər tərəfindən həmin ərazilərdə millyonlarla mina basdırılıb.

Minalar partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb. Belə ki, 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu o deməkdir ki, ermənilər müharibə bitdikdən sonra da Azərbaycana qarşı hərbi cinayətlərini davam etdirir”, - deyə deputat bildirib.

O, təəssüflə qeyd edib ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub.

“Həmin ərazilərin minaların təmizlənməsi uzun vaxt və böyük vəsait tələb edir, eyni zamanda insanların təhlükəsizliyi, o cümlədən mina təmizləmə işləri ilə məşğul olan insanların həyatına ciddi təhlükələr var. Azərbaycan ilk gündən mina xəritələrinin verilməsi ilə bağlı düzgün siyasət və təbliğat işləri aparıb, bununla bağlı məsələni əhatəli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Ermənilər onlarda mina xəritələrinin olmasını nə qədər inkar etməyə çalışsalar da bunu bacarmadılar, Azərbaycan düzgün siyasət aparıb ermənilərin bu yalanını ifşa edərək bir neçə mina xəritəsini əldə etdi, lakin təəssüflər olsun ki, xəritələrinin yalnız 25 faizi faydalı olub. Bu isə insanlarımızın həyatını itirməsinə və ağır yaralanmasına səbəb olur.

Ermənistan hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirərək hələ də minalanmış ərazilərin xəritəsini vermək istəmir. Ermənilərin bunu etməkdə isə məqsədləri bəllidir. Onlar mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, Azərbaycanın işğaldan azad etdilyi ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Bununla da Ermənistan tərəfi azərbaycanlıların öz ata-baba yurdalrına qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələrini də gecikdirirlər. Bununla Ermənistan eyni zamanda regionda sülhün bərqərar olmasına, əməkdaşlığın qurulmasına əngəllər törədirlər. Lakin Ermənistan bununla heç nəyə nail ola bilməyəcək. Bu gün dərin böhran içərisində çabalayan Ermənistanın yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıq etməkdir.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərinə səssiz qalmamalı və Ermənistana təzyiq göstərməlidir”, - deyə deputat əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mina   Deputat  


Bizi "telegram"da izləyin