Ermənistanda 10 noyabr iğtişaşları ilə bağlı 25 nəfər təqsirləndirilir

2022/06/75605-1656329826.jpg
Oxunub: 307     14:44     27 İyun 2022    
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə İrəvanda baş vermiş kütləvi iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 25 nəfər təqsirləndirilir.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.

O bildirib ki, 29 nəfər barəsində daha 10 cinayət işi ittiham aktı ilə İrəvan birinci instansiya məhkəməsinə verilib, onlardan 9-u barəsində hökm çıxarılıb.

Abramyan qeyd edib ki, bir iştirakçıya şərti olaraq 4 il cəza verilib, 5 il sınaq müddəti təyin edilib, daha iki nəfərə 4 il həbs cəzası verilib, lakin apellyasiya şikayətindən sonra müddət 2 ilə salınıb.

Daha bir cinayət işində məhkəmə iğtişaşçının 150 min dram (indiki məzənnə ilə 375 dollar) məbləğində cərimələnməsinə qərar verib.

Abramyanın sözlərinə görə, üç nəfər şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib, onlara 2 il sınaq müddəti verilib; ikisinə 3 il həbs və 500 min dram pul cəzası, digərinə isə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatını imzalamasından sonra bir qrup şəxs etiraz əlaməti olaraq hökumət və parlament binalarına soxulub və parlamentin o zamankı sədri Ararat Mirzoyanı da döyərək, ona ağır bədən xəsarətləri yetirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İğtişaş  


Bizi "telegram"da izləyin