İrandan Qafqaza qeyri-dövlət aktorları cəlbi| Azərbaycanı təhdid edən radikal qruplaşma - “Hüseyniyyun” (ARAŞDIRMA)

2022/06/1656414357.jpg
Oxunub: 4730     15:04     28 İyun 2022    
İranın dəstəklədiyi “Hüseyniyyun” (Hüseynçilər) son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Hər iki ölkədə əhalinin böyük əksəriyyəti şiə müsəlman olsa da, ikitərəfli münasibətlər müasir tarixləri boyu problemli olub. Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə alaraq İranın regional rəqibləri olan Türkiyə, Pakistan və İsraillə hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməsi Tehranı qıcıqlandırır. “Hüseyniyyun” buna uyğun olaraq ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı daha sərt mövqe nümayiş etdirib.

Son bir neçə onillikdə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin bir çox ölkəsində şiə milislərini dəstəkləyib və onları səfərbər edib. “Livan Hizbullahı”, Yəmən Husiləri və İraqın şiə milisləri kimi həmin qruplar İranın regional və qlobal strategiyasının vacib hissəsinə çevrilib. Hər bir qrupun öz hekayəsi və imkanları var. “Hüseyniyyun” isə gələcəkdə İranın Azərbaycanla mübahisələrində əsas rol oynaya biləcəyinə baxmayaraq, bu milislər arasında ən az tanınanıdır.

“Hüseyniyyun” formalaşması və liderliyi

2016-cı ilin əvvəlində elə də çox tanınmayan Tohid İbrahimbəyli adlı azərbaycanlı radikal şəxs İranın Qum şəhərində “Hüseyniyyun” qruplaşmasını təsis edib. Bu şəhər şiə müsəlmanları, o cümlədən yüksək səviyyəli din xadimləri üçün müqəddəs hesab edilir. Yarandığı zaman qruplaşma Qumun şiə ilahiyyat seminariyalarından olan 14 şiə tələbədən ibarət olub. Onların hamısı hərbi təlim keçib və İranın prezident Bəşər Əsəd hökumətinin rəhbərlik etdiyi Suriya Ərəb Ordusunu dəstəkləmək üçün Dəməşqə göndərilib.

İbrahimbəyli qurucusu olduğu qruplaşmanın Suriyada İŞİD-lə döyüşəcəyini iddia etsə də, “Hüseyniyyun”un Azərbaycanda təxribatlar törədəcəyi istisna edilmir. Bu, ilk növbədə ona görədir ki, İbrahimbəyli uzun müddət Azərbaycanın dünyavi hökumətinə qarşı təxribatçı fikirlər səsləndirib.

2021-ci ilin sonlarında İran Azərbaycan ordusunun Türkiyə və Pakistan hərbçiləri ilə birlikdə Azərbaycanda keçirdiyi “Üç qardaş” adlı üçtərəfli hərbi təlimdən şikayətlənib. İran buna cavab olaraq Azərbaycanla sərhədi yaxınlığında hərbi təlimlər təşkil edib və İsrailin Azərbaycanda mövcudluğuna dözməyəcəyini bildirib. “Hüseyniyyun” bu dövrdə daha məşhurlaşdı. Lakin təbii ki, Suriya vətəndaş müharibəsində müxtəlif tərəflərdə vuruşmuş radikal azərbaycanlı döyüşçülər qanunsuz olaraq getdikləri Suriyadan ölkəmizə qayıdan zaman həbs olunurdular.

Tohid İbrahimbəylinin keçmişi

İbrahimbəylinin kökləri İrandakı azərbaycanlı icmasından olan, lakin Azərbaycana köçmüş ailədəndir. O, din xadimi kimi elə də çox məşhur deyil, ancaq İranın dəstəklədiyi milislərin bir çox liderləri belə olub. İbrahimbəyli Qasım Süleymani tərəfindən dəstəklənirdi və İran-Azərbaycan münasibətlərinin kəskinləşdiyi zaman ikisinin birgə şəkilləri yayılmışdı. Süleymaninin “Livan Hizbullahı”nı təqlid edərək qruplaşmaya “Hüseyniyyun: Azərbaycan İslam Müqavimət Hərəkatı” adını qoyduğu güman edilir. “Hüseyniyyun” Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyndən adını götürüb. İmam Hüseyn müsəlmanlar, xüsusən də şiələr üçün əsas şəhidlik simvoludur.

“Hizbullah”ın müqavimət iddiası əvvəlcə Livanın bəzi hissələrinin İsrail tərəfindən işğalına qarşı, “Kətaib Hizbullahı”nın iddiası isə ABŞ-ın İraqdakı hərbi mövcudluğuna qarşı idi, ancaq Azərbaycanda belə bir vəziyyət mövcud deyil. Buna görə də, Süleymani “Hüseyniyyun”u təbliğ etmək üçün Azərbaycanla müttəfiq olan xarici qüvvələri “işğalçı” kimi qələmə verirdi. Bu cür “işğalçı qüvvələr”ə İsrail, Türkiyə və ya İranın təhlükə hesab edə biləcəyi digər qüvvələr daxildir.

2017-ci ildə Tohid İbrahimbəyli İranın müttəfiq və dost islamçı qruplar və təşkilatlar üçün təşkil etdiyi İslami Oyanış toplantısında iştirak edib. O, İranın ali lideri Əli Xameneyinin özü ilə görüşüb. Həmin görüşdə İbrahimbəyli Azərbaycan siyasətinin əleyhinə danışıb, guya dindarları sıxışdırdığını iddia edib. Gələcəkdə bu cür iddialar “cihad” elan etmək üçün əsas verə bilər.

“Hüseyniyyun” üzvləri Suriyadan Azərbaycana qayıdır

“Hüseyniyyun” İranın dəstəklədiyi “Livan Hizbullah”ı, İraq milisləri və Əfqanıstan və Pakistanlı şiə döyüşçülər ilə müqayisədə Suriyada minimal gücə və təsirə sahib idi. Təşkilat tez bir zamanda Azərbaycan torpaqlarında fəallaşmağa başladı. Bu zaman Azərbaycanda bir sıra hadisələr baş verdi.

2018-ci il iyulun 3-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin icra hakimiyyəti Elmar Vəliyev ofisinin qarşısındakı sui-qəsdə uğradı, ancaq xoşbəxtlikdən sağ çıxmağı bacardı. Hüquq mühafizə orqanları radikalların sui-qəsdinə dair dəlillər topladı və əsas şübhəli olaraq Yunis Səfərovu həbs etdi. O, əvvələr Qumda olmuş və Suriyada döyüşmüş ekstremist idi. Rəsmi məlumatlarda Yunisin Qumda olması barədə faktlar onu göstərir ki, Azərbaycan İranın dəstəklədiyi “Hüseyniyyun” kimi şiə milislərini yaxından izləyir.

Yunis Səfərovun həbsi digər hadisələrlə müşayiət olundu. Həbsdən sonra təşkilatlanmış təxribatçılar polisə hücum etdi, iki polis bıçaqla öldürüldü, üçüncüsü isə yaralandı. Azərbaycanda bu tip insidentlər faktiki olaraq görünməmiş hadisə idi.

İsrail-Azərbaycan strateji münasibətlərinə qarşı təxribat

Azərbaycan İsraillə güclü əlaqələrə malik olan azsaylı müsəlman ölkələrindən biridir. İsrailin hərbi əməkdaşlığı və Azərbaycana silah satışı Azərbaycanın hərbi potensialının artırılmasında əsas rol oynayıb. İran Azərbaycanla İsrail arasında artan əlaqələri tez-tez tənqid edir və onların münasibətlərini öz təhlükəsizliyinə təhdid hesab edir.

İranın Azərbaycan-İsrail əlaqələrini tənqid etməsi İsrailin Bakıdakı səfirliyinə hücumlarla üst-üstə düşür. Azərbaycan təhlükəsizlik orqanları 2013-cü ildə İsrail səfirliyinə hücum planının qarşısını aldı, əsas şübhəli İran vətəndaşı idi. Dörd il əvvəl, 2009-cu ildə Bakıda İsrail səfirliyinə hücum etmək üçün sui-qəsd hazırlayan 6 nəfər də həbs edilmişdi. Onlardan ikisinin livanlı olduğu və sui-qəsdin “Hizbullah” və İİKK ilə əlaqəli olduğu bildirilir. İsrail səfirliyinə təhdidlər açıq şəkildə “Hüseyniyyun”la əlaqələndirilir. “Hüseyniyyun” İsrail səfirliyinə qarşı etirazlar keçirib və İbrahimbəyli etiraz aksiyasında polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə ona 7 sutka həbs verilmişdi. O, hətta 2018-ci ildə səfirliyə hücum etməyi planlaşdırmaqda şübhəli bilinirdi.

Yaxın Şərqdə İranın dəstəklədiyi digər şiə milislərin müəyyən etdiyi nümunəni izləyən “Hüseyniyyun” buna görə də hərbi və silahlı fəaliyyətlərinin yanında siyasi gündəm də güdür. Əksəriyyətlə dünyəvi olan Azərbaycan cəmiyyətində “Hüseyniyyun” anti-İsrail qəzəbini qızışdırmağa cəhd edir.

“Hüseyniyyun” radikal qruplaşmasının imkanları

Tohid İbrahimbəyli öz qrupunu İranın dəstəklədiyi geniş milis hərəkatlarının bir hissəsi kimi yaradıb. 2020-ci ildə o, Süleymanini tərifləyən dünyanın müxtəlif bölgələrindən olan digər şiə milisləri ilə birlikdə rəsmi təbliğatda iştirak edib. İranın yeni prezidenti İbrahim Rəisi 2021-ci ildə vəzifəyə başlayanda İranın rəsmi mediası onun yeni prezident və hökumətə xoş arzularını çatdırıb.

“Hüseyniyyun”un nisbətən kiçik olması hal-hazırda əhəmiyyətsiz olduğu mənasına gəlmir. Əslində, belə kiçik milis İran tərəfindən bu qədər geniş şəkildə tanınır. Hərbi imkanlara gəlincə, İbrahimbəylinin davamçıları Suriyada döyüşərək səhra təcrübəsi qazanıblar. “Hüseyniyyun” üzvləri “Hizbullah”dan partizan müharibəsi və digər qeyri-ənənəvi döyüşçü taktikaları ilə bağlı hərbi təlimlər alıblar. Bundan əlavə, Suriya münaqişəsi səngiməyə başlayanda “Hüseyniyyun”un bir sıra radikal üzvləri İrana qayıtmağa başladılar və orada təlimləri davam etdirdilər.

Azərbaycan hökuməti buna görə Suriyadan qayıdan “Hüseyniyyun”un radikal ünsürlərinə qarşı ehtiyatlı davranıb, onların bir çoxu, o cümlədən Elmir Zahidov Yaxın Şərqdən qayıdarkən həbs edilib. Zahidov 2021-ci ildə Azərbaycanda həbs cəzasına məhkum edilib. Daha bir “Hüseyniyyun” üzvü Faiq Vəliyev Rusiyada həbs edilərək Azərbaycana təhvil verilib və cinayətkar təşkilata qoşulmaq və ölkədən kənarda hərbi təlim keçmək ittihamı ilə məhkum edilib. Bu həbslər “Hüseyniyyun”un sıradan çıxdığı anlamına gəlmir. Onun rəhbəri hələ də təxribatla məşğuldur.

Nəticə

Mövcud vəziyyətdə “Hüseyniyyun” hələ də kiçik milisdir, lakin mövcudluqlarının ilk illərində İranın dəstəklədiyi böyük bir neçə milis də belə idi. “Hüseyniyyun”un quruluşu və üzv sayı ictimaiyyətə məlum olmasa da, 20-yə yaxın üzvü olduğu güman edilir. “Hüseyniyyun”un İran və Azərbaycan arasında mübahisələrin daha da qızışacağı təqdirdə fəallaşma potensialı var.

İran və Azərbaycan arasında ədavət və davam edən aşağı intensivlikli münaqişənin yaxın gələcəkdə soyuması ehtimalı azdır, bunun müharibəyə çevrilməsi gözlənilmir, lakin Tehran daim “proksi” milis qruplarının təxribatlar həyata keçirməsi üçün münbit şərait yaratmağa çalışacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hüseyniyyun   Terror   İran  


Bizi "telegram"da izləyin