“Komendat xidməti itkilərin qarşısının alınmasında əvəzsiz rol oynadı” - Hərbi polis polkovniki

2022/06/3-1656177123.jpg
Oxunub: 1040     13:10     26 İyun 2022    
Fəaliyyətə başladığı gündən çətin və şərəfli yol keçən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisi 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılıb. Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir. Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib.

Hərbi polisin şəxsi heyəti Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Hazırda hərbi polis bölmələri işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə xidmət aparır, qoşunların dislokasiya yerlərində təhlükəsizliyin və nizam-intizamın təmin edilməsində iştirak edir. Hərbi polisin stasionar və səyyar postlarında xidmət aparan naryadlar əraziyə daxil olan texnikanın, şəxsi heyətin yoxlanılmasını və qeydiyyatını aparır, hərbi nəqliyyat vasitələrinin hərəkətini istiqamətləndirir, həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə onları müşayiət edir.

Hərbi polisin əməkdaşı, polkovnik Nağıyev Mirhəmid Ordu.az-a qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

O bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” əməliyyatı zamanı hərbi polisin vəzifəsi Azərbaycan ordusunun hərbi qulluqçularının maneəsiz döyüş bölgələrinə çatdırılması, silah-sursatın daşınması və düşmən tərəfinin qoyub qaçdığı silahların təyin olunmuş yerə toplanmasını həyata keçirməli olub.

“Hərbi polis qarşıya qoyulan bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Vətən müharibəsindən sonra hərbi polisin əsas vəzifəsi minalanmış ərazilərdə komendant xidməti yaratmaq olub. Ermənilər işğaldan azad edilmiş ərazilərimizə minlərlə mina basdırmışdı. Komendant xidmətinin məqsədi kənar şəxslərin minalanmış ərazilərə keçməsinə imkan verməmək idi. Məlumdur ki, çoxlu sayda məcburi köçkün vətəndaşımız öz dədə-baba yurdlarına qayıtmaq istəyirdi. Ancaq ərazi minalanmış olduğu üçün onların həmin əraziyə keçməsi təhlükəli idi. Komendat xidməti itkilərin qarşısının alınmasında əvəzsiz rol oynadı”, - deyə zabit bildirib.

Polkovnik Nağıyev qeyd edib ki, Vətən müharibəsi zamanı hərbi polisin 2 əməkdaşı şəhid olub.

O, 26 İyun – Silahlı Qüvvələr Gününün qürurverici olduğunu deyib.

“Ordumuzun 104 ili tamam olur. Mən bu gün Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət diləyirəm, yaralılarımıza şəfa arzulayıram. Bu gün fəxr etdiyimiz gündür. Çünki biz qalib orduyuq. Bizi artıq bütün dünya qalib ordu kimi tanıyır. Müharibə zamanı Ermənistanın arxasında böyük qüvvələr dayanırdı. Ancaq Ali Baş Komandanın rəhbərliyi altında bütün bu təhdidlər aradan qaldırılıb və Azərbaycan haqq ədalətin bərpasına nail oldu.

Prezident İlham Əliyevin işğala son qoyulması barədə təkidli tələblərinə baxmayaraq Ermənistan təxribatlar törətməyə davam edirdi. Buna görə, sentyabrın 27-də əks-hücum əmri verildi və qısa müddətdə ciddi uğur əldə etdik. Azərbaycan ordusu ilə yanaşı, Azərbaycan xalqı da bir yumruq kimi birləşmişdi. Buna görə Azərbaycan xalqını da təbrik edirəm. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz daha da güclənəcək. Biz Ali Baş Komandanımızla, Xalqımızla, Ordumuzla qürur duyuruq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Polis   Vətən-Müharibəsi  


Bizi "telegram"da izləyin