MN-in baş zabiti: “Raket və Artilleriya Qoşunları üçün yeni silahlar alınır”

2022/06/22233-1656175776.jpg
Oxunub: 951     11:12     26 İyun 2022    
Vətən müharibəsində Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının xüsusi önəmi var. Müharibə məhz bu qoşunların kütləvi atəş zərbəsi ilə başlayıb. Atəş zərbəsi zamanı düşmənin müdafiə dərinliyində olan əsas hərbi obyektləri, o cümlədən hava hücumundan müdafiə, radioelektron mübarizə vasitələri, idarəetmə məntəqələri, reaktiv artilleriya və minaatan batareyaları, ehtiyatları məhv edilib.

Vətən müharibəsində Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının 184 nəfər hərbi qulluqçusu şəhid olub. Raket və Artilleriya Qoşunlarının şücaət göstərmiş 4 minə yaxın hərbi qulluqçusu müxtəlif medallarla təltif edilib.

Müharibə başa çatdıqdan sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş plana uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimiz döyüş hazırlığı ilə məşğul olur, yüksək texnoloji silahların imkanlarını və istifadə qaydalarını mənimsəyirlər. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir və beləliklə Raket və Artilleriya Qoşunlarının şəxsi heyətinin peşəkarlığı daha da artırılır.

Müdafiə Nazirliyinin baş zabiti mayor Bəhruz Sadıyev Ordu.az-a açıqlamasında Raket və Artilleriya Qoşunlarının fəaliyyətindən danışıb.

O qeyd edib ki, hər bir müharibədə Raket Və Artilleriya Qoşunlarının rolu böyükdür. Xüsusilə motoatıcı bölmələrin irəliləməsi üçün artilleriya qoşunlarının dəstəyinə ehtiyac var.

“Vətən müharibəsi zamanı Raket və Artilleriya qoşunları bütün istiqamətlər üzrə verilmiş hədəfləri tam məhv edib və susdurub. Bu da bizim motoatıcı bölmələrin irəliləməsinə şərait yaratdı”, - deyə zabit bildirib.

O qeyd edib ki, Vətən müharibəsindən əvvəl keçirilən təlimlərdə qoşun növlərinin qarşılıqlı fəaliyyəti yoxlanılırdı.

“Xüsusilə pilotsuz uçuş aparatlarının və raket və artilleriya silahlarının koordinasiyalı istifadəsi icra olunurdu. 44 günlük Vətən müharibəsində də bu tətbiq olundu və böyük effekt verdi. Görünməyən və ya yeni aşkar olunmuş hədəflərin koordinatları pilotsuz uçuş aparatları vasitəsilə ötürüldü. Bu həm dəqiqliyi artırdı, həm də müasir silahların tətbiqində böyük rol oynadı. Bunun nəticəsində düşmənin yeni aşkar olunmuş hədəfləri məhv edildi”, - deyə zabit bildirib.

Mayor B. Sadıyev Vətən müharibəsindən sonra keçirilən təlimlərdə döyüşlər zamanı əldə olunmuş təcrübənin tətbiq olunduğunu xüsusi vurğulayıb.

“Bildiyimiz kimi, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən ordumuz üçün, o cümlədən Raket və Artilleriya Qoşunları üçün yeni silahlar alınır və təlimlərdə praktiki olaraq tətbiq olunur. Bu addımlar ordumuzun daha da güclənməsinə gətirib çıxarır. Bu silahlar əsasən daha dəqiq atəş tapşırıqlarını yerinə yetirməyə və müasir tələblərə cavab verən, istənilən relyef şəraitində istifadə oluna bilən silahlardır.

Müharibədən sonra da təsdiq olunmuş plana uyğun olaraq bütün istiqamətlər üzrə təlimlər həyata keçirilir. Təlimlər yalnız Raket və Artilleriya Qoşunları tərəfindən deyil, qarşılıqlı fəaliyyətdə digər qoşun növləri ilə birlikdə icra olunur”, - deyə o qeyd edib.

Müdafiə Nazirliyinin baş zabiti Bəhruz Sadıyev təbriklərini də çatdırıb:

“Bütün Azərbaycan xalqını, Azərbaycan ordusunu 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. İnanıram ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz yeni-yeni nailiyyətlər əldə edəcək və bölmələrimiz döyüş hazırlığını daha da artıracaqdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Raket-Artilleriya  


Bizi "telegram"da izləyin