“Hraparak”: Paşinyan Qarabağ və Zəngəzura sahiblik məsələsi ilə maraqlanmır

2022/06/dsfsd-1656089760.jpg
Oxunub: 474     15:29     27 İyun 2022    
Avropa İttifaqının iqtisadi cəhətdən ən nüfuzlu ölkələri olan Fransa, Almaniya və İtaliyanın liderləri Kiyevə gələrək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Qərb mətbuatının yazdığına görə, Makron, Şolts və Draqi Zelenskini Rusiya Prezidenti ilə danışıqların və sülhün bərqərar olmasının vacibliyinə inandırmağa çalışıblar.

“Avropanın sülhə baxışı ondan ibarətdir ki, sülh naminə Ukrayna ərazi güzəştləri ilə barışmalı və mövcud reallıqları qəbul etməlidir. Ukraynalılar belə sülhə razı ola bilməzlər, çünki bu, ölkə ərazisinin təxminən 25 faizinin itirilməsi deməkdir. Fransa, Almaniya, İtaliya və bir çox başqa ölkələrin liderlərini Xerson, Zaporojye, Donetsk və Luqanskın kimə məxsus olduğu maraqlandırmır. Onlar öz ölkələrində benzin və dizel yanacağının, elektrik enerjisinin və bütün ilkin tələbat mallarının qiymətlərinin artmasında maraqlıdırlar. Aİ liderləri öz milli iqtisadiyyatlarının rəqabət qabiliyyətinin azalmasından narahatdırlar. Enerji böhranı səbəbindən Avropa sənayesi Amerika və Çin malları ilə rəqabətsiz hala gəlir. Onlar bu müharibədən nəinki əziyyət çəkmirlər, hətta faydalanırlar. ABŞ enerji ilə özünü təmin edir, Çin isə Qərbin Rusiyaya qarşı müharibəyə görə tətbiq etdiyi sanksiyalarla Rusiyanın neft və qazını əhəmiyyətli endirimlərlə alır. Birinci dərəcəli şəxslər səviyyəsində olmasa da, son vaxtlar olduqca intensiv şəkildə Aİ rəsmilərinin bir çoxu Ermənistana səfər edir. Onların Ermənistan hakimiyyəti ilə nə danışdıqlarını bilmirik. Ancaq bir şey dəqiqdir: Aİ ölkələri üçün fərqi yoxdur ki, Qarabağ və ya Zəngəzur kimə məxsusdur, Ermənistan Zəngəzurdan keçən yollar üzərində suverenliyə malik olacaq, yoxsa Azərbaycana təslim olacaq. Bu ölkələr ancaq öz iqtisadi maraqlarını düşünürlər. Onların yeganə narahatlığı Aİ enerji bazarını şaxələndirmək, Rusiyanın enerji mənbələrindən asılılığı azaltmaqdır. Onlar Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsi imzalamasını istəyirlər ki, Türkmənistan qazını və Qazaxıstan neftini Rusiyadan yan keçən yollarla Avropaya çatdırsınlar. İlham Əliyev Aİ ölkələrinin aktuallığını başa düşür və mövqeyini sərtləşdirir, Aİ rəsmilərindən Ermənistanı Zəngəzur dəhlizi üzərindəki suverenliyindən imtina etməyə inandırmaq üçün Ermənistana təzyiqləri artırmağı tələb edir. Ən dəhşətlisi odur ki, Paşinyan sanki Qarabağ və Zəngəzura sahiblik məsələsi ilə maraqlanmır. Bunun üçün mübarizə aparmalıyıq, hətta əks-hücumlara da hazır olmalıyıq. Amma Paşinyan artıq təslim olmağa, itki ilə barışmağa və bu itkilərə izahat tapmağa öyrəşib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Zəngəzur  


Bizi "telegram"da izləyin