Vətən müharibəsi qaziləri arasında keçirilən yarışların qalibləri mükafatlandırılıb

2022/06/sd45f-1656068547.jpg
Oxunub: 318     14:38     24 İyun 2022    
Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində dincələn Vətən müharibəsi qaziləri arasında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb.

Ordu.az xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən 6 günlük istirahət proqramında 44 nəfər Vətən müharibəsi qazisi iştirak edir. İstirahət mərkəzində dincələcək qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri məqsədilə çimərlik futbolu, voleybol, stolüstü tennis, şahmat və dama oyunları üzrə turnirlər təşkil edilərək qaliblər müəyyənləşib.

Yarışların mükafatlandırma mərasimindən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıb.

Mehman İsmayılov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərirlər. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunan M.İsmayılov FHN-in strukturlarının Ali Baş Komandanın əmrini şərəflə icra etməklə Qələbənin qazanılmasına öz töhfələrini verdiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra Vətən müharibəsi qaziləri arasında keçirilən yarışların qaliblərinə medallar və FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

İstirahət proqramında iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   Qazilər  


Bizi "telegram"da izləyin