Rusiya XİN: Humanitar təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir

2022/03/789df-1648269763.jpg
Oxunub: 261     19:04     23 İyun 2022    
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək Rusiyanın xarici siyasət prioritetlərindən biridir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.

“Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.

Biz bunu Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt kimi görürük.

Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə əməl olunmasına etibarlı şəkildə nəzarət edir və öz məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir. Sülhməramlılar qaçqınların qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinə vasitəçilik edir.

Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılmasıdır. Azərbaycan və Ermənistandan olan tərəfdaşlar ilə birlikdə Baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın bu ilin mayın 24-də keçirilən ilk görüşünü alqışlayırıq. Delimitasiya prosesinin başlanması sərhəd insidentlərinin qarşısının alınmasına, dövlətlərarası sərhəd xəttinin demarkasiyası nəticəsində Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin sorğusu ilə lazımi məsləhətçi yardımı göstərəcək.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti və ekspert dairələri vasitəsilə dialoqu dəstəkləməyi davam etdirəcək.

Biz qarşıdan gələn səfəri etimadlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində qiymətləndiririk”, - Rusiya XİN bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin