Kipr 6 hücum helikopteri almağı planlaşdırır

2022/06/H145M-1655980023.jpg
Oxunub: 386     16:25     27 İyun 2022    
Kipr Fransadan 6 ədəd “Airbus” istehsalı H-145M yüngül hücum helikopteri almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Tezliklə imzalanacaq müqavilənin ümumi dəyəri 53 milyon avrodur.

Razılaşmanın ümumilikdə 140 milyon avroya çata biləcəyi və əlavə olaraq 6 helikopterin də alına biləcəyi bildirilir.

Kiprin H-145M yüngül hücum helikopterini almasına səbəb Rusiya istehsalı olan Mi-35P hücum helikopterini əvəz etmək istəyidir. Rusiya-Ukrayna müharibəsi səbəbiylə Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi embarqo siyasətində qismən iştirak edən Kipr embarqolar səbəbiylə 11 ədəd Mi-35P helikopterinin saxlanmasının çox çətin olduğunu bildirir.

Məlumata görə, Mi-35P-lər H-145M-lər alındıqdan dərhal sonra Serbiyaya satılacaq.

Serbiyanın Avropa İttifaqının üzvü olmadığı və Rusiya ilə daha sıx müdafiə sənayesi əlaqələri olduğu üçün Mi-35P-lərin texniki xidmətində heç bir problemin yaşanmayacağı vurğulanır.

Mülki “Eurocopter EC145” bazasında hazırlanmış H-145M yüngül hücum helikopteri hazırda Albaniya, Serbiya, Macarıstan, Almaniya, Ekvador, Lüksemburq və Tailand kimi ölkələr tərəfindən istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kipr   Fransa   Helikopter  


Bizi "telegram"da izləyin