Rumıniya 32 ədəd ikinci əl F-16 təyyarələri alacaq

2022/06/Norve-1655892710.jpg
Oxunub: 393     14:25     27 İyun 2022    
Rumıniya Hərbi Hava Qüvvələri “Çoxməqsədli Təyyarə Proqramı” çərçivəsində Norveçdən 32 ədəd “Lockheed Martin” istehsalı F-16 “Fighting Falcon” təyyarəsi almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, satınalma planı Rumıniya hökuməti tərəfindən təsdiq edilib.

Təsdiq edilmiş plana uyğun olaraq, Norveçin istismardan çıxaracağı 32 ədəd F-16 döyüş təyyarəsinin təxminən 450 milyon avroya alınması planlaşdırılır. Eyni zamanda, təyyarənin əməliyyat imkanlarını artırmaq üçün lazımi logistik dəstək və tamamlayıcı mal və xidmət paketləri ABŞ-dan alınacaq.

Layihəyə əsasən, təyyarə işlək vəziyyətdə Norveç tərəfindən Rumıniyaya çatdırılacaq. Daha sonra onlar M6.X konfiqurasiyasına yüksəldiləcək.

Hazırda Rumıniya Hərbi Hava Qüvvələrində M5.2R konfiqurasiyasında 17 ədəd F-16 təyyarəsi var və onlar M6.X-ə qədər təkmilləşdiriləcək.

Norveç Hərbi Hava Qüvvələrinin inventarına 46 F-16 və 12-dən çox F-35 “Lightning II” döyüş təyyarəsi daxildir. Norveç ümumilikdə 52 ədəd F-35A alacaq.

Norveçin F-16-larla birlikdə Rumıniyaya bir qədər sursat tədarük edəcəyi təxmin edilir. Norveç F-16-ları AIM-9L “Sidewinder”, AIM-120 AMRAAM, AGM-119 “Pinguin” raketləri və “Paveway II” (Mk 82) lazerlə idarə olunan sursatları ata bilir.

“Pinguin” raketləri gəmiləri məhv etmək üçün nəzərdə tutulub. Gəmi əleyhinə raket buraxılış qabiliyyəti Qara dəniz ölkəsi olan Rumıniya üçün kritik əhəmiyyət kəsb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Rumıniya  


Bizi "telegram"da izləyin