ABŞ erməni-gürcü baş nazirlərini Dilicanda gizli toplantıya çağırıb?

2022/06/23145-1655395629.jpg
Oxunub: 533     18:58     21 İyun 2022    
İyunun 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana işgüzar səfərə gələn Gürcüstanın baş naziri İrakli Qaribaşvilini Dilicanda qəbul edib. Hakimiyyət dəyişikliyindın sonra Ermənistan və Gürcüstanın baş nazirləri arasında elan olunmamış belə görüşlər müəyyən ənənə qazanıb və müntəzəm olaraq keçirilir.

Hazırkı görüşün əsas motivinin nədən ibarət olduğunu söyləmək təbii ki, çox çətindir, çünki hazırda həm iqtisadi, həm də siyasi-diplomatik və ya bir çox təhlükəsizlik mövzuları var. Məsələn, yüksək səviyyəli erməni-gürcü görüşünə ehtiyac Ukrayna müharibəsi səbəbindən Rusiya-Türkiyə yüklərinin logistik blokadası ilə həddən artıq yüklənmiş Yuxarı Larsdakı vəziyyətlə əlaqəli ola bilər. Erməni biznesləri burada ciddi itkilər verir, Ermənistan iqtisadiyyatı üçün riskləri neytrallaşdırmaq və erməni daşıyıcıları üçün maksimum tranzit şəraitini təmin etmək üçün intensiv iş aparmağa çalışılır.

Ermənistan və Gürcüstanın ümumi problemi var. Çətin hərbi-siyasi vəziyyət, çağırışlar, Gürcüstanın baş nazirinin Ermənistana ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə “birlikdə” gəlməsi kontekstində bunlar daha qabarıq ortaya çıxır.

Qafqazda regional səfərdə olan yüksək rütbəli amerikalı diplomat iyunun 15-16-da Bakıda, 17-18-də Gürcüstanda olub, iyunun 18-də Gürcüstandan Ermənistana gəlib. Həmin gün Karen Donfrid Dilicanda baş nazir Nikol Paşinyanla görüşüb.

Dilicanda keçirilən yüksək səviyyəli erməni-gürcü görüşünün gündəliyində ABŞ-ın yüksək rütbəli diplomatının regional səfəri ilə bağlı konkret məsələnin olub-olmadığını söyləmək mümkün deyil, lakin heç bir şübhə yoxdur ki, bu məsələdə kifayət qədər ümumi əsaslar var. Eyni zamanda, diqqətəlayiq haldır ki, amerikalı diplomat Bakıda olarkən Azərbaycan Prezidenti Bakı forumu zamanı Azərbaycan-Ermənistan-Gürcüstan regional ideyasına toxunub və Ermənistanın bundan imtina etdiyini bildirib.

Bakı, Tbilisi və İrəvanda olan yüksək rütbəli amerikalı məmur Paşinyan-Qaribaşvili müzakirəsinin predmeti ola biləcək regional üçtərəfli görüşün mahiyyətinə yönəlmiş hər hansı ideyanın “təşəbbüskarı” kimi çıxış edə bilərdimi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dilican   Gürcüstan  


Bizi "telegram"da izləyin