Mayda Ermənistanın dövlət borcu 9,5 milyard dolları ötüb

2020/03/Untit-1585478517.jpg
Oxunub: 212     11:34     24 İyun 2022    
2020-ci ilin iqtisadi böhranından sonra Ermənistan hökuməti Ermənistanın dövlət borcunu davamlı olaraq artırır və artıq borcu 9,5 milyard dollara çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşrin qeyd etdiyinə görə, praktiki problem borcda deyil, onun xərclənmə effektivliyindədir ki, bu da çox narahatvericidir.

“Xüsusilə, təkcə 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16 faiz, Ermənistanın ümumi daxili məhsulu isə cəmi 5,7 faiz artıb. Başqa sözlə, borc/ÜDM nisbəti kəskin şəkildə pozulub. Hazırkı hakimiyyətin 4 ili ərzində (2018-ci ilin aprelindən) Ermənistanın dövlət borcu 2,7 milyard dollar və ya 39,3% artıb. Qeyd edək ki, təkcə bu ilin yanvar-may aylarında dövlət borcu 354,7 milyon dollar və ya 3,5% artıb. Üstəlik, dövlət borcunun artması daxili borcun artması hesabına həyata keçirilib. 2022-ci ilin 5 ayı ərzində daxili borc 132,6 milyard dram və ya 10,7% artıb, xarici borc isə 162,9 milyon dollar və ya 2,6% azalıb. Xatırladaq ki, dövlət istiqrazları üzrə ödənilən faiz dərəcələri ümumilikdə 10%-i ötdüyündən daxili borclara xidmət dövlət büdcəsi üçün xarici borcdan baha başa gəlir. Nəticədə 2022-ci ildə Ermənistanın xarici borcu azalıb, daxili borcu isə artıb. Buna görə də Ermənistanın dövlət borcunun tərkibi və strukturu dəyişib, xüsusən 2022-ci ilin mayında Ermənistanın dövlət borcunun 62,9%-ni xarici borc, 37,1%-ni isə daxili borc təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistanın dövlət borcunun 66,9%-ni xarici, 33,1%-ni isə daxili borclar təşkil edib. Bərabər şərtlərlə daxili borcun artması ölkəyə qoyulan investisiyaların həcminə mənfi təsir göstərir, çünki dövlət daxili bazardan yüksək faizlə pul yığaraq iqtisadi fəallığı boğur. Əslində belə çıxır ki, pulu olan adama dövlət borcu ilə pul vermək daha sərfəlidir, nəinki riskli iqtisadi layihələrə. Başqa bir diqqətəlayiq fakt: Ermənistan Dövlət Gəlirləri Komitəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin yanvar-may aylarında faktiki olaraq 761,8 milyard dram yığılıb ki, bu da planlaşdırılan göstəricini 46,9 milyard dram (6,6%), əvvəlki ilin müvafiq dövrünün göstəricisini isə 143,4 milyard dram və ya 23,2% üstələyir. Hətta dövlət rəsmiləri belə vergi daxilolmalarının artımının görünməmiş yüksək inflyasiya hesabına qeydə alındığını gizlətmirlər. Sonda onu da qeyd edək ki, 2022-ci ildə dövlət bir tərəfdən vergilərin, digər tərəfdən daxili borcun artırılması hesabına iqtisadiyyatdan böyük pullar toplayır, iqtisadi aktivliyi boğur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin