Lakin Ermənistan müqaviləni qeyd-şərtlə ratifikasiya edib. Bu qeyd-şərtə əsasən, Ermənistan gələcəkdə sazişin müddəalarının sazişə qoşulan ölkələrə tətbiqi ilə bağlı ayrıca qərarlar qəbul edəcək.
Ermənistan mətbuatı yazır ki, bu qeyd-şərt böyük ehtimalla hələ sazişə qoşulmayan Azərbaycana aiddir.
Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Rabitə və İnformasiya İdarəsinin keçmiş rəisi, Demokratik Birlik Partiyasının lideri Suren Petrosyan bildirib ki, saziş Ermənistan üçün vacib deyil, çünki indiyə qədər ölkə əməkdaşlıq səviyyəsindən asılı olaraq Rusiyanın müxtəlif kosmik texnikasından istifadə edə bilib.
“Bu müqavilədə hər hansı mənfi komponent görməyə ehtiyac yoxdur, lakin bunu MDB çərçivəsində inteqrasiya prosesi kimi də qiymətləndirmək olar. Biz həmişə Rusiyanın resurslarından istifadə etmişik və bunu hərbi adlandırıb hərbi resurslardan istifadə edirik demək lazım deyil. Biz də başqa ölkələr kimi həmişə Rusiyanın resurslarından istifadə edə bilmişik. Əgər Rusiya tərəfi bizə hansısa resurslardan istifadə etmək imkanı vermək istəməsə, bu müqavilə bizə heç nə verməyəcək. Hesab edirəm ki, müqavilənin qeyd-şərtlə ratifikasiyası Azərbaycana aiddir, lakin bu, sırf formal prosesdir və Azərbaycana “diş göstərmək” halı deyil. Azərbaycanın buna ehtiyacı yoxdur və o, qoşulsa belə, biz hesab edirik ki, bir gün bundan istifadə etməli olacaq və Azərbaycan da veto qoya bilər, o olmasa, Belarus veto qoya bilər və Rusiya sadəcə olaraq öz resurslarından istifadə etməyə imkan verməyəcək. Azərbaycan Rusiya peyklərinə güvənmir, özünün üç peyki var, üstəlik, Rusiya peyklərindən çox az geri qalan Türkiyə peyklərinə aktiv çıxışı var”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az