Lavrovun gəlişi öncəsi dəqiqləşdirmələr: “Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq”

2022/06/1655365729.jpg
Oxunub: 5415     21:37     17 İyun 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Bakıya ikigünlük səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. “İyunun 23-24-də xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. Orada xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır və prezident İlham Əliyevlə görüşün baş tutacağı gözlənilir”, - deyə Mariya Zaxarova bildirib.

Ötən həftə Rusiyanın xarici işlər naziri İrəvanda iki günlük rəsmi səfərdə olub və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla nəqliyyat yollarının açılmasının “sadələşdirilmiş” yolları ilə bağlı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Onun səfərindən bir neçə gün sonra Rusiya sərhədçilərinin Ermənistan ərazisində Ermənistan-Azərbaycan yollarında müəyyən rol oynayacağı barədə məlumat yayılıb. Lavrov Bakıda Azərbaycan rəsmilərini Ermənistanda apardığı danışıqlarının nəticələri və nə ilə razılaşdığı barədə məlumatlandıracaq.

Lavrov Bakıya çatmamış Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

O qeyd edib ki, Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycanla Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir: “Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir.

“Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır”.

Prezidenti İlham Əliyev dünən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.

“30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır: “Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq. Ona görə də mən düşünürəm ki, Ermənistan tərəfindən bizə bu gediş-gəlişin verilməsinin qəsdən ləngidilməsi qeyri-məhsuldardır. Bu, mənə Ermənistan tərəfinin davamlı olaraq gecikmələrlə vaxt qazanmağa çalışdığı danışıqlar dövrünü xatırladır. Bunun nəticəsi nə idi? Nəticə döyüş meydanında və siyasi arenada total məğlubiyyət idi. Nəticə bu idi ki, erməni ideoloji əsasları tamamilə dağıdıldı”.

Deməli, Lavrov Bakıda İrəvanda olduğu kimi rahat şəkildə “sadələşdirilmiş” yollardan danışa bilməyəcək. Prezidentin son bəyanatları Zəngəzur dəhlizi üzərində Azərbaycanın prinsipiallığını bir daha vurğulayır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Ermənistan   Lavrov  


Bizi "telegram"da izləyin