Gürcüstan Şərqi Avropada Aİ-yə namizədlər arasında qütblü mövqeyə sahibdir – ANALİZ

2022/06/1655376479.jpg
Oxunub: 2568     17:01     16 İyun 2022    
İyunun 3-də Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan Şərqi Avropa ölkələri arasında həmişə lider olub. O əlavə edib ki, Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün öz vəzifələrini yerinə yetirib və indi növbə Aİ-dədir. Gürcüstanın namizəd statusu alması məsələsinin həlli üçün məsuliyyəti Brüsselə həvalə edən Qaribaşvili iddia edib ki, Tbilisi bütün parametrlərdə keçmiş sovet məkanından olan həmkarları - Kiyev və Kişinyovu qabaqlayır. Bununla belə, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bəzi narahatlıqlarını dilə gətirib. Bir neçə gün əvvəl Aİ-nin Tbilisidəki missiyasının rəhbəri, səfir Karl Hartzell qeyd edib ki, Gürcüstan hakimiyyətinin nailiyyətləri ilə fəxr etməyə əsasları var və bu, ölkəyə Şərq Tərəfdaşlığının (ŞT) qeyri-rəsmi “lideri” adını qazandırıb. Lakin digər tərəfdən, Gürcüstanda islahatların tempi dayanıb və Aİ ölkənin indiki trayektoriyasından getdikcə daha çox narahat olur.

Gürcüstanın hakim elitası bu cür problemləri inkar edir. Hakimiyyətdə olan “Gürcü Arzusu” (GA) partiyasının sədri İrakli Kobaxidze də ölkənin Aİ ilə assosiativ saziş üzrə üzərinə götürdüyü öhdəliklərin 45 faizini yerinə yetirdiyini və onun nəinki digər iki ŞT namizədini, hətta artıq namizəd statusu olan bəzi ölkələri qabaqladığını iddia edib. Bu arada Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili iyunun 3-də görüşdüyü bir qrup tələbəyə deyib ki, “Gürcüstan xalqı 30 ildir ki, öz perspektivi uğrunda mübarizə aparır və indi həqiqət anı yetişib. Aİ bu yanaşmanı və gürcü xalqının və dövlətinin mübarizəsini görməli və lazımi şəkildə qiymətləndirməlidir”. Gürcüstan rəhbərliyinin bu cür itaətkar bəyanatları istər-istəməz belə bir nəticəyə gəlməyə imkan verir ki, hakimiyyət artıq Aİ-nin ölkənin üzvlük ərizəsini rədd edə biləcəyi ehtimalını dərk edir və onlar həm Brüsseldə, həm də daxili müxalifətdə günahı başqalarında axtarırlar.

Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzi (CEPS) adlı beyin mərkəzi keçən ay “Gürcüstanın Aİ-yə üzvlük üçün şübhəli müraciəti” adlı məqalə dərc edib, bundan sonra Tbilisinin hakimiyyət dəhlizlərində narahatlıq artıb. Məqalə müəllifləri Gürcüstanın Aİ-yə doğru yolunu “paradoks” adlandırırlar. Gürcüstanın hakim elitaları namizədlik statusu ilə bağlı mənfi cavab veriləcəyi təqdirdə Brüsseli qabaqlayıcı şəkildə qınamaq üçün sıraya düzülüblər. Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samkaharadze, onun müavini Giorgi Xelaşvili ilə birlikdə “Gürcüstan Aİ üzvlüyünə namizəd olmalıdır” adlı rəy yazısı ilə cavab verdilər və orada CEPS-in məqaləsini “qeyri-dəqiqliklər, ziddiyyətlərlə dolu və şayiələrə əsaslanan çox məyusedici yazı” adlandırdılar.

Hakim partiyanın parlament fraksiyasının sədr müavini Beka Davituliani öz növbəsində bildirib ki, Aİ Gürcüstana qapılarını açmasa, bu, avtomatik olaraq “Qərbin Qafqaz regionundan qorxaraq ayrılması demək olacaq”. “Gürcü Arzusu”nun rəhbəri Kobaxideze Aİ-də rəsmi namizəd statusunun verilməsinin Rusiyanın işğalı altında olan ölkələrlə həmrəylik əlaməti olacağını bildirib. O, həmçinin Rusiyanın reaksiyasından qorxmadığını qeyd edir. Beləliklə, o qeyd edib ki, “Aİ əks mesaj göndərməməlidir”.

Brüsseldə Gürcüstanın demokratik təsisatlarının vəziyyəti ilə bağlı bir çox sualların yarana biləcəyini nəzərə alaraq, Tbilisidəki hakimiyyət fəal şəkildə Aİ-yə üzvlük məsələsini Gürcüstan daxilindəki siyasi proseslərdən ayırmağa çalışır və onu sırf geosiyasi baxımdan kənar auditoriya üçün tərtib edir. Bratislavada baş nazir Qaribaşvili xəbərdarlıq edib ki, Aİ onun ölkəsinə namizəd statusu verə bilməsə, bundan yalnız Rusiya sevinəcək.

Gürcüstan yaxşı başa düşür ki, Avropaya üzvlük üçün müraciət prosesinin sürətləndirilməsi Ukraynadakı genişmiqyaslı müharibə nəticəsində mümkün olub. Gürcüstan hökumətinin başçısı Qlobal Təhlükəsizlik Forumunda dinləyicilərə xatırladıb ki, Ukraynadan əvvəl Gürcüstan Rusiya ilə iki dəfə müharibə aparıb. Qaribaşvili ritorik şəkildə namizəd statusunun əhəmiyyətini yalnız “simvolik” olaraq azaldıb. O, Kobaxidzenin Aİ-yə namizəd olmanın Gürcüstana əlavə maliyyə dəstəyi gətirməyəcəyini vurğulayan fikirlərini təkrarlayıb. Başqa sözlə, Gürcüstan hakimiyyəti öz ölkələrindəki islahatlarla öyünə bilməyib, əvəzində Tbilisini Aİ-yə namizəd statusuna layiq bir növ simvolik təsəlli mükafatı və Rusiyanın təkrar qurbanı kimi təqdim etməyə çalışır. Vurğuların qəsdən dəyişdirilməsinin səbəbini birbaşa Gürcüstanın daxili siyasi mübarizəsi kontekstində tapmaq olar.

Bütün ölkə Aİ-nin tarixi qərarını gözlədiyi halda, ölkə daxilində belə bir fikir var ki, Tbilisidə hakim hökumətin sabitliyi Brüsseldən gələn müsbət siqnaldan asılı olacaq. Hakimiyyət artıq ehtiyat edir ki, Gürcüstana namizəd statusu verilməsə, müxalifət hökuməti devirmək üçün kütləvi etiraz aksiyalarına başlaya bilər. Bundan başqa, hakimiyyət iddia edir ki, müxalifət Gürcüstanın avropalı tərəfdaşlarını Cənubi Qafqaz ölkəsi üçün Aİ-yə namizəd statusunu dəstəkləməkdən çəkindirməyə çalışır. Reallıqda gürcü müxalifəti arasında Avropa İttifaqına daxil olmaq məsələsində mütləq konsensus var. Bununla belə, Brüssel mənfi cavab verərsə, hakim partiyanın ölkə daxilində yenidən güclənmiş siyasi rəqibləri, şübhəsiz ki, Gürcüstanın uzunmüddətli Avropa perspektivini qorumaq bəhanəsi ilə kütlələri səfərbər edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Şərqi-Avropa  


Bizi "telegram"da izləyin