Lavrov dəhliz məsələsini bağlayır, 9-cu bənd açır – Sözlərə yox, hüquqi əsasa söykənək

2022/06/61657-1654683646.jpg
Oxunub: 4707     18:12     10 İyun 2022    
“Dəmir yolu nəqliyyatı ilə bağlı məsələlər razılaşdırılıb, indi magistralların işi üzrə müzakirələr başa çatmaq üzrədir, magistralların iş rejiminin təfərrüatları müzakirə olunur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirilən görüşdə bildirib. Lavrov regional kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli iş prosesi ilə bağlı suala cavab olaraq bildirib ki, kommunikasiyaların iş rejimi sadələşdiriləcək, ancaq Ermənistanın suverenliyi ilə bağlı heç bir qeyri-müəyyənlik ola bilməz.

Mirzoyan bəyan edib ki, tərəflər arasında ümumi anlaşma olsa da, detallar üzrə əhəmiyyətli fikir ayrılıqları var. Məlum olduğu kimi, situasiyanın qiymətləndirilməsi üçün ictimai başlanğıc nöqtəsi 10 noyabr bəyanatıdır. Onun 9-cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

9-cu bənddə kommunikasiyaların iş rejimi, yeni yolların tikintisi, onların iş rejimi ilə bağlı bir çox suallara cavab yoxdur.

Rusiya xarici işlər nazirinin Ermənistanın suverenliyi məsələsində hər hansı qeyri-müəyyənliyi istisna etdiyini açıqlaması Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərinə cavab olaraq səsləndirilib. Rusiya 9-cu bənddə nəzərdə tutulan Ermənistan Naxçıvanla Azərbaycan arasında maneəsiz əlaqəni təmin edərsə və bu əlaqə Rusiya tərəfindən idarə olunursa, ən azı faktiki suverenlik məsələsi ortaya çıxır. Praktikada belə çıxır ki, de-yure Ermənistanın suveren ərazisində heç bir dəyişiklik yoxdur, lakin Azərbaycanın yüklərinin həmin ərazi ilə daşınmasına nəzarətə heç kim zəmanət vermir. Rusiya və Ermənistan Naxçıvan-Azərbaycan əlaqəsinə tam nəzarət etmək üçün kifayət qədər institusional potensiala malik deyil.

Ancaq bu məsələ Rusiya üçün çox həssasdır, xüsusən haırkı mərhələdə Rusiya üçün Qafqaz timsalında Fars körfəzinə istiqamət daha çox həyati əhəmiyyət kəsb edir. Digər tərəfdən, məlumdur ki, Rusiya türk dünyası ilə əməkdaşlığı da özü üçün bir o qədər həyati əhəmiyyətli hesab edir və sözügedən marşruta nəzarəti ələ almağa çalışacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin