KTMT-nin İrəvan toplantısında statusdan kənar iştirak – İrana daha nə lazımdır?

2022/06/1654935952.jpg
Oxunub: 1154     15:12     11 İyun 2022    
İrəvanda keçirilən KTMT Parlament Assambleyasının işində bir hal diqqətdən kənarda qaldı, lakin bu, ən diqqətçəkən məsələ idi. İrəvandakı iclasda parlamentin spikeri səviyyəsində deyil, milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədr müavini səviyyəsində İran nümayəndə heyəti də iştirak edib. Abbas Moxtadanın başçılıq etdiyi nümayəndə heyətinin KTMT PA-nın İrəvanda keçirilən sessiyasında iştirakı kifayət qədər maraqlıdır. Xüsusən nəzərə almaq lazımdır ki, İran KTMT Parlament Assambleyasında heç bir statusa malik deyil, üzv deyil, müşahidəçi deyil, tərəfdaş deyil. Hər halda KTMT PA-nın rəsmi saytında İranın statusu ilə bağlı heç bir məlumat yoxdur. Bu fakt İran parlamentinin nümayəndə heyətinin İrəvandakı iclasda iştirak etməsini daha da xüsusi edir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini belə toplantıların regional təhlükəsizlik və sülh üçün vacib olduğunu deyib: “Biz əminik ki, regiondan kənar ölkələr digər dövlətlərin maraqlarını pozaraq, bu regiondan təhlükəsizlik və sülhə zərər vurmaq üçün istifadə etmək istəyirlər. Biz qonşular və dost ölkələr kollektiv potensialımız hesabına təhlükəsizliyi təmin etmək niyyətindəyik. Hazırda Asiya regionunda əməkdaşlıq, koordinasiya və xalqlar arasında dostluğa əsaslanan birliyin yeni mərhələsinin qurulması üçün yaxşı imkan var”.

Maraqlıdır ki, Tehran ən azı iki digər əsas oyunçunun - Hindistan və Çinin kifayət qədər güclü olduğu, yaxud, Pakistan kimi bu çərçivəyə daxil olan digər oyunçuların olduğu “Asiya region”ndan danışır. İran nümayəndə heyətinin iştirakı bununla bitmir. İran parlament komitəsinin sədr müavini İrəvanda Rusiya Dövlət Dumasının sədri Volodin, Tacikistan parlamentinin sədri və Ermənistan Milli Məclisinin sədri ilə görüşüb.

Rusiya Dövlət Dumasının sədrinin İrəvanda İran parlament komitəsinin sədri ilə görüşməsi gündəliyə kifayət qədər məzmunlu məsələlərin daxil olmasından xəbər verir. İranın Tacikistanla münasibətlərində güclü tarixi-siyasi, etno-siyasi əlaqələr məlumdur, lakin bu günlərdə Tacikistan və Qırğızıstan sərhədində mütəmadi silahlı insidentlər fonunda görüşün özü diqqətə layiqdir. Bu mənada Qırğızıstan Türkiyə və Azərbaycanla tərəfdaşlıqda mühüm rol oynayır.

Tehran üçün Zəngəzur dəhlizi faktını istisna etmək eyhamı göz qabağındadır. Maraqlıdır ki, İran bunu Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iyunun 3-də Moskvada kommunikasiya xətlərinin blokadadan çıxarılması ilə bağlı üçtərəfli işçi qrupunun uzun fasiləsindən sonra keçirilən növbəti görüşündən sonra vurğulayır. Həmin görüşdən sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda Fransa və ABŞ səfirləri ilə görüşüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da bir sıra görüşlər keçirib.

Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizi məsələsini gecikdirir, eyni zamanda həmin dəhliz Ermənistan üçün də faydalı olacaq. Bütün bunların fonunda İran parlamentinin Ermənistandakı nümayəndə heyətinin rəhbərinin “regiondan kənar oyunçuların regiondan istifadə etməyə, sülh və təhlükəsizliyə xələl gətirməyə çalışdığına” inanması yalnız təbəssüm yaradır.

Bölgə, xüsusilə Tehran tərəfindən də dəstəklənən “3+3” formatına daxil olduğundan bütün kommunikasiya xətlərinin açılmasını nəzərdə tutulur ki, bu da yalnız regionun fayda əldə edəcəyi anlamına gələ bilər. Zəngəzur dəhlizinin həyata keçirilməsi 10 Noyabr bəyanatından irəli gələn prosesdir ki, bu da rəsmi qaydada 3 tərəfli şəkildə təsdiqlənib. Tehranın bu məsələdə iştirakdan kənar qalmaması üçün isə İran ərazisindən Naxçıvana daha bir yol layihəsi haqqında razılığa gəlinib, buna baxmayaraq Tehran ciddi-cəhdlə Ermənistan-Azərbaycan münasibətlərində ana xətti təmsil edən Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olmağa çalışır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   İran  


Bizi "telegram"da izləyin