Dron müharibələri: Türkiyə PUA-ları müharibələrdə necə qalib gəlir?

2022/07/45645-1657190770.jpg
Oxunub: 1184     14:53     07 İyul 2022    
Qırğızıstan Mərkəzi Asiyada davam edən sərhəd mübahisəsində Tacikistan üzərində üstünlük qazana nilib. 2021-ci ilin sonunda Qırğızıstan zirehli texnikaları məharətlə məhv edə bilən, dəqiq raketlərlə təchiz olunmuş, Türkiyə istehsalı “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatlarını (PUA) satın aldıb. Qırğızıstan nümayəndələri ictimaiyyəti əmin etdilər ki, PUA-lar Tacikistan tərəfindən hər hansı bir müdaxilənin qarşısını almağa kömək edəcək.

Bir neçə ay sonra məlumat yayıldı ki, Türkiyə eyni PUA-ları Tacikistana satmağa razılıq verib və potensial olaraq Düşənbəni hər hansı növbəti hərbi qarşılaşmalarda paritetlə təmin edib. Qırğızıstanın paytaxtı Bişkekdə qəzəblənən səlahiyyətlilər Ankaraya zəng vurdular. Qırğızıstanın xarici işlər nazirinin müavini Jeenbek Kulubayev aprel ayında deputatlara bununla bağlı izahat verdi: “Onlar bunun sadəcə biznes olduğunu söylədilər”.

Türkiyə Ukraynada davam edən münaqişə də daxil olmaqla, bir sıra müharibələrdə istifadəçiyə üstünlük qazandıran PUA-lar tədarük edib. İstanbulda yerləşən “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” Ukraynada o qədər məşhurlaşıb ki, ona musiqi həsr edilib.

“Onların arqumentləri silahdır - güclü raketlər, dəmir maşınlar. Bütün arqumentlərə cavabımız var: Bayraktar”, - mahnıda deyilir.

Bu yaxınlarda Litvada Ukrayna ordusuna TB2 alınması üçün ianə toplanmağa başlanıldı. İanədə 5 milyon dollardan artıq pul toplanmışdı. Bu, unikal bir hadisədir, nəticədə şirkət xalqa jest edərək “Bayraktar”ı hədiyyə etmək qərarına gəldi.

Xarici müşahidəçilər Türkiyə istehsalı olan PUA-ların bu qədər sevilməsini təəcüblə qarşılayırlar. Silahlı münaqişələrdə mülki itkilərin izlənməsi ilə məşğul olan “Airwars” təşkilatının nümayəndəsi Co Dayk deyir: “Mən xüsusi silahlar ətrafında belə həyəcan xatırlaya bilmirəm. Heç kim “Predator” və ya “Reaper” PUA-ları haqqında mahnı oxumayıb. Amma hamı “Bayraktar”dan danışır”.

Qərbdə bəzi ekspertlər PUA-ların yayılmasından narahatlıqlarını bildiriblər, lakin biz bu termini bir az dəyişdirərək “PUA paxıllığı” adlandıra bilərik. Belə ki, avstraliyalı feminist Helen Caldikott ABŞ və Sovet İttifaqı arasında Soyuq Müharibə zamanı silahlanma yarışını təsvir etmək üçün “raket paxıllığı” terminindən istifadə edirdi.

Bu gün dünyanın bir çox ölkələri öz PUA-larını hazırlamağa çalışır. Hazırlaya bilməyənlər Türkiyə kimi ölkələrə üz tutur. ABŞ PUA-ların satışında bir çox məhdudiyyətlər tətbiq etsə də, Türkiyədə bu belə deyil.

“Baykar” şirkəti PUA-ların istehsalına 2014-cü ildən başlayıb. PUA-lardan ən azı 300 ədədinin istehsal olunduğu bildirilir. Mərhum Özdemir Bayraktar tərəfindən qurulan şirkət Türkiyədə güclü oyunçudur. Təşkilatın baş direktoru Haluk Bayraktar Türkiyənin əsas müdafiə qurumunun idarə heyətinə sədrlik edir, onun qardaşı və şirkətin texniki direktoru Səlcuk Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı ilə evlidir.

Qanuna görə, Türkiyə 6 milyon dollarlıq “Bayraktar TB2”nin ixracına nəzarət edir və satışı Müdafiə Nazirliyi və Ərdoğanın ofisi tərəfindən təsdiqlənməlidir. Lakin silahı almaq istəyən ölkələr üçün dəqiq qaydalar və meyarlar açıqlanmır.

“Bayraktar” Rusiya istehsalı zirehli texnikalara qarşı dağıdıcı təsir göstərərək, Vladimir Putinin Ukraynaya hücumunun qarşısını almaq üçün Türkiyəyə Ukrayna prezidenti Vladimir Zelenskinin dostluğunu qazandırdı, Moskva silahların satılması ilə bağlı ara-sıra gileylənir və Ankara ilə münasibətlərin kəskinləşdiyi bir vaxtda qərbli tərəfdaşlar tərəfindən nadir təriflər səsləndirilir.

TB2 Rusiyanın onlarla zirehli texnika və artilleriyasını, eləcə də Qara dənizdə bir neçə gəmisini məhv edib.

Qərb rəsmilərindən biri deyir ki, PUA-lar Rusiyanı qəzəbləndirir: “Ruslar həmişə başqa qüvvələrin əlinə keçən silahlara görə məsuliyyət daşıdıqlarını inkar edirlər. Türkiyə də eyni şeyi ruslara edir və oxşar arqumenti irəli sürür. “Bəli, satdıq. Ancaq probleminiz varsa, onlarla danışmalısınız”.

“Bayraktar” PUA-ları Efiopiya hökuməti tərəfindən Əddis-Əbəbəyə doğru irəliləyən etnik Tiqray üsyançılarına qarşı mübarizədə istifadə edilib. Bu silahlar Qarabağ anklavına nəzarəti Ermənistandan almaq üçün 2020-ci il müharibəsində qüvvələr balansını Azərbaycanın xeyrinə dəyişməyə kömək edib.

Türkiyə PUA-larının digər alıcıları arasında Mərakeş, Nigeriya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qətər və Polşa var. Ümumilikdə 20-yə yaxın ölkənin bu silahları əldə etdiyi bildirilir.

Mütəxəssislər bildirirlər ki, dünya üzrə müdafiə sənayesi resursları “Bayraktar”ın uğurunu təqlid etmək cəhdlərinə sərf edir. Sistem bəzi Süni Zəka imkanları ilə təchiz edilib bu da ona avtonom şəkildə taksi, eniş, kruiz və park etməyə imkan verir.

Alçaqdan uçan PUA-ların radar sistemlərindən yayınmağa imkan verən çox kiçik silueti var. Onun dizaynı müxtəlif növ kameraların inteqrasiyasına imkan verir. Dörd lazerlə idarə olunan raketləri atmaq qabiliyyəti onu xüsusilə ölümcül edir. Nisbətən aşağı qiymət etiketi onu inkişaf etməkdə olan və ya orta gəlirli ölkələr üçün daha maraqlı silaha çevirib.

Ankarada yerləşən müdafiə sənayesi müşaviri Arda Mevlutoğlu deyir ki, “Baykar” ucuzluq, performans və texnologiya arasında çox gözəl tarazlığa nail olub.

PUA-lar, həmçinin Türkiyənin öz xarici siyasət məqsədlərini yerinə yetirməyə kömək edib. 2018-ci ilin yanvarında Türkiyə “Zeytun budağı” əməliyyatı zamanı Suriyanın şimal-qərbindəki terrorçulara qarşı “Bayraktar TB2”dən istifadə edib, qüvvələri oradan çıxarıb və anklavı nəzarətə götürüb. “Baykar” tərəfindən hazırlanan tanıtım videosuna görə PUA “qar, fırtına, leysan yağışı, duman və sıx buludlar şəraitində yaxşı performans göstərib”.

Liviyada “Bayraktar” vətəndaş müharibəsinin dinamikasını dəyişdirib, Moskvanın dəstəklədiyi Xəlifə Həftəri alçaldıcı şəkildə geri çəkilməyə məcbur edib. Türkiyə 2020-ci ilin mart ayında Suriyanın şimal-qərbində Bəşər Əsəd qüvvələrinə zərbələr endirmək üçün “Bayraktar TB2” və “Anka-S”dən istifadə edib və Suriya ordusunun İdlib əyalətində irəliləyişi dayandırıb və nisbətən dinc iki illik atəşkəsə gətirib çıxarıb.

“Baykar” PUA satışı ilə yanaşı, Türkiyə ilə digər xalqlar arasında əlaqələri gücləndirən davamlı texniki və təlim xidmətləri göstərir. “Baykar”ın özündə türk silahlı qüvvələri ilə əlaqə saxlamaqla yanaşı, çoxsaylı təlimatçılar və pilotlar çalışır.

“Baykar” şirkəti “Bayraktar” və digər PUA-ların istehsalı üçün həm Qazaxıstan, həm də Ukrayna ilə istehsal müqavilələri bağlayıb.

“Təcrübə və nou-hau təqdim etməklə siz həmin ölkə ilə uzunmüddətli əlaqələr qurursunuz. Bu, xarici siyasət rıçaqları kimi çıxış edir və həmin regionlarda xarici siyasət təsirini artıra bilər”, - deyə türk ekspert qeyd edib.

Şirkət artıq “Bayraktar”ı daha da təkmilləşdirib. Onun TB2-S konfiqurasiyası peyk terminalı ilə təchiz edilib və bununla da PUA-nı minlərlə kilometr uzaqdan idarə etmək mümkün olub.

“Baykar”ın xaricə nə qədər PUA satdığı bəlli deyil, lakin hətta kiçik bir hissə avadanlıq, təlim, texniki xidmət və ehtiyat hissələri üçün yüz milyonlarla dollar gəlir əldə edəcək. Türkiyənin müdafiə sənayesi komitəsinin rəisi İsmayıl Dəmir mart ayında Türkiyə televiziyasına müsahibəsində bildirib ki, Türkiyənin silah sənayesi ixracı 2002-ci ildə təxminən 250 milyon dollardan 2022-ci ildə 4 milyard dollara çata bilər.

Şirkət bu yaxınlarda “Akıncı” adlı PUA-larını ordunun istifadəsinə verib. Bu daha böyük sistemlərdir və daha yüksək hündürlükdən uçurlar. Daha ağır faydalı yük daşıyan PUA-lar artıq terrorçulara zərbə endirmək üçün istifadə edilib.

Ankarada yerləşən TUSAŞ şirkəti də həm müşahidə, həm də zərbə üçün istifadə edilə bilən PUA istehsal edir.

“Baykar”ın internet saytında Süni Zəka üzrə mütəxəssislər üçün bir sıra iş yerləri açılıb, şirkət öz PUA-larının avtopilot imkanlarını təkmilləşdirməklə yanaşı, onların kameraları tərəfindən çəkilmiş görüntülərdəki “obyektləri müəyyən etmək” üçün çalışır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Türkiyə   PUA  


Bizi "telegram"da izləyin