Ukrayna Müharibəsində Heç Kim Bu Silahdan Gizlənə bilməz

2022/06/1656179548.jpg
Oxunub: 1144     14:37     27 İyun 2022    
Bütün müharibələrin AK-47-dən tutmuş əldəqayırma partlayıcı qurğulara qədər öz simvolik silahları var. Ukraynada bu, Pilotsuz Uçuş Aparatlarıdır (PUA).

Böyük hərbi təyinatlı və daha kiçik kommersiya modelləri də daxil olmaqla müharibənin hər iki tərəfi müxtəlif model PUA-lardan istifadə edir. PUA operatorları döyüş meydanından yüzlərlə kilometr aralıda onları idarə edir, onlar bir növ yeni snayper rolunu oynayırlar.

Son bir neçə həftə ərzində sosial mediada geniş yayılmış bir videoya nəzər salaq: Ukraynada dağıdılmış ərazinin üzərində PUA uçur. Görüntülərdə rus uniformalı bir neçə hərbçi yük maşınına minir. PUA kiçik bir partlayıcı buraxır və bu partlayıcı onların yük maşınına doğru şığıyır. Daha sonra sürücü avtomobili işə salır. Yük maşını hərəkət başlayan kimi partlayıcı birbaşa yük maşınının açıq lyukuna düşür və partlayır.

Son 20 ildə ABŞ uzaq yerlərdə müharibə aparmaq üçün PUA-lardan istifadə edib. Məsafə və hərbi sirrin birləşməsi bombaları və qanı Amerikanın gözündən uzaqlaşdırdı. Ukraynada PUA-lar şəhərlərin dağıdılmasını sənədləşdirərək və Rusiya gəmilərinə, tanklarına, hərbçilərinə qarşı hücumların görüntülərini çəkərək beynəlxalq auditoriyanı cəbhə xəttinə çatdırıb. Bunun sayəsində mütəxəssislər münaqişəni yaxından izləyir və bunun gələcək müharibələr üçün nə demək olduğunu düşünür.

Ukraynada beynəlxalq dəstəyin qazanılması və saxlanması döyüş meydanında qazanılan qələbə qədər müharibə səyləri üçün vacibdir. İndi bütün ölkədə və bütün dünyada məlumatlılıq var. Bu, həm hərbi əməliyyatlara, həm də ictimai rəyə təsir edə bilər.

PUA-lar ordular üçün cəlbedicidir, çünki onlar müharibənin ən bahalı və mürəkkəb aspektlərindən birini – hava əməliyyatlarını ucuz qiymətə həyata keçirrlər. Lakin onlar Rusiya Ordusuna qarşı istifadə edilən atəş gücünün yalnız kiçik bir hissəsidir. Bəzi hesablamalara görə, Ukraynada ən əsas rol oynayan artilleriya olub.

Ukraynada düşmən qoşunlarını izləmək və kiçik partlayıcılarla onlara hücum etmək və ya kamikadze hücumları həyata keçirmək üçün PUA-lardan istifadə edilib. Bu platformalar rus artilleriyasının Mariupol kimi şəhərlərə vurduğu böyük dağıntıları sənədləşdirmək üçün istifadə olunub. Onlar mülki şəxslərin öldürüldüyü yerləri görüntüləyib. Bəzi iddialara görə, PUA-lar Rusiyanın flaqmanı “Moskva” kreyserinin batırılması zamanı da kömək edib.

Artilleriya atəşi üçün hədəfləri seçmək və bu zərbələrin dəqiqliyini tənzimləmək üçün PUA-lardan istifadə edilib. Geniş çeşiddə PUA-lar Ukrayna Ordusuna döyüş meydanında öz ağırlığından artıq zərbələr endirməyə kömək edib, gəmilərə və qoşunlara, tanklara və helikopterlərə qarşı hücumların görüntüləri Ukraynaya qlobal informasiya müharibəsi üçün asanlıqla paylaşılan video axını təmin edib.

PUA-ların öz etik təhlükələri var, video kameralardan hədəfin vurulduğunu və ya vurulmadığını aşkar etmək mümkündür. Ancaq həmin hədəfin legitim hədəf olduğunu həmişə aşkar etmək mümkün olmur. Təəccüblü deyil ki, PUA operatorları da yerdəki qoşunlara təsir edə biləcək mənəvi zədə və post-travmatik stressə qarşı həssasdırlar.

Üstəlik, PUA görüntülərini izləmək insanları daha amansız edə bilər və döyüş meydanında mənəvi zədə tamaşaçılar üçün yoluxucu ola bilər. Daha bir rus tankının məhv edilməsinə sevinmək və dramatik partlayışda yandırılan ekipaj üzvlərinin kiminsə oğulları olduğunu, onların nəzarətindən kənar münaqişəyə cəlb olunduğunu unutmaq asandır.

Ukraynadan yayılan PUA görüntülərini analiz edən şəxslərdən də göründüyü kimi, kənar şəxslər PUA-nın çəkdiyi görüntülərdən kənarda olan daha böyük vəziyyəti qiymətləndirə bilmir. Ancaq aydın olan odur ki, PUA-lar yetkinləşib və gələcək qarşıdurmalarda daimi istifadə olunan silah olacaq.

PUA-lar uğur qazanmağa çalışdıqca, bir çox dövlətlər onlara sahib olmağa çalışır. İlk PUA-lar hələ I Dünya Müharibəsi zamanı səmaya qalxıb. Vyetnam müharibəsindən sonra ABŞ daha müasir PUA-lardan istifadə edib. Lakin MKİ ilk dəfə 2001-ci ildə “Predator”a raket quraşdırdı və onu Əfqanıstan üzərində istifadə etməyə başladı. Tezliklə ABŞ dünyada PUA sahəsində yeganə super güc oldu. Lakin vaxt keçdikcə ABŞ-ın monopoliyası əlindən çıxmağa başladı.

Sonrakı illərdəki qarşıdurmalarda, İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlarda, PKK terrorçularını izləməkdə, Venesuelada prezidentə sui-qəsd cəhdində və Yəməndəki qiyamçıların Səudiyyənin infrastrukturuna qarşı hücumlarında PUA-lardan istifadə olundu.

2020-ci ildə Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş toqquşmada PUA-lar həlledici rol oynayıb. Azərbaycanın PUA-ları Ermənistanın yüzlərlə tankını, hərbi sursatını və zirehli texnikasını məhv edib. Azərbaycan Müdafiə Nazirliyi tez-tez öz saytında hücumların videolarını yerləşdirirdi.

PUA-lar operatorlar tərəfindən idarə olunsa da, bir neçə model hədəfləri izləmək, bəzən hücum etmək üçün Süni Zəka (SZ) texnologiyasından istifadə edir. Önümüzdəki illərdə PUA texnologiyası təkmilləşəcək və onların qiyməti azalacaq. Onların etdiyi kimi, qorxulu həqiqət ondan ibarətdir ki, gələcək münaqişələrdə qoşunlar və mülki şəxslər həm insanın, həm də maşının nəzərindən gizlənmək üçün getdikcə daha az yer tapacaqlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA   Müharibə  


Bizi "telegram"da izləyin