Necə oldu ki, dünyamız PUA-ların hökmranlıq etdiyi dünyaya çevrildi? – ARAŞDIRMA

2022/12/78-1670565786.jpg
Oxunub: 1802     10:18     09 Dekabr 2022    
Pilotsuz Uçuş Aparatları (PUA) strategiya, hərəkət və qavrayış baxımından müharibənin xarakterini birmənalı şəkildə dəyişdirib. Artıq zərbə tipli PUA-ların müharibələrdə həlledici rol oynadığı dövrdəyik. Dövlətlər və silahlı qruplar arasında PUA texnologiyasının sürətlə yayılması beynəlxalq ictimaiyyət üçün yeni təhlükə yaradır.

Hansı ölkələrin PUA-ları var? Onları necə əldə edirlər?

Dünyanın müxtəlif bölgələrində düşmənlərinə qarşı PUA-larla zərbə endirən ölkələr bunlardır: ABŞ, İsrail, Böyük Britaniya, Pakistan, İraq, Nigeriya, İran, Türkiyə, Azərbaycan, Ukrayna, Efiopiya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri.

Lakin Səudiyyə Ərəbistanı, Hindistan və Çin də daxil olmaqla bir çox başqa ölkələrin də arsenallarında zərbə tipli PUA-lar mövcuddur.

“New America” nəşrinin PUA dünyası adlı verilənlər bazasında ölkələr üç qrupa bölünür:

Döyüşlərdə PUA-lardan istifadə edəblər
Zərbə tipli PUA-lara sahib olan, lakin onlardan istifadə etməyən ölkələr
Zərbə tipli PUA istehsal edən ölkələr


Ölkələrin PUA imkanları onların uçduğu hündürlüklər və uçuş müddəti əsasında təsnif edilir. I səviyyəyə “Orbiter” kimi aşağı hündürlükdən uçan, qısa uçuş müddətinə malik PUA-lar, II səviyyəyə “Reaper”, “Predator”, “Bayraktar” kimi orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik PUA-lar və III səviyyəyə “Global Hawk” kimi yüksək hündürlükdən uçan PUA-lar daxildir. Mini və mikro PUA-lar səviyyə sistemində təsnif edilmir.

Ən çox PUA satan ölkələr

ABŞ, İsrail və Çin ən çox PUA satan ölkələrdir. ABŞ və İsrail PUA-ların ən böyük istehsalçısı və satıcısıdır. Amerikanın aparıcı zərbə PUA-ları “General Atomics” şirkəti tərəfindən istehsal olunan MQ-9 “Reaper”dir və ABŞ Hərbi Hava Qüvvələri on ildən artıqdır ki, bütün dünyada əməliyyatları dəstəkləmək üçün onlardan istifadə edir. 11 Sentyabr hücumlarından sonra Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri MQ-1 “Predator”dan istifadə edərək silahlılara ağır zərbələr endirdi. 27 fevral 2017-ci ildə ABŞ Müdafiə Nazirliyi “davamlı inkişaf edən döyüş məkanı mühitinə ayaq uydurmaq” üçün “Predator” PUA-larının istismardan çıxarıldığını elan etdi. Birləşmiş Ştatlar PUA-ları yalnız NATO üzvlərinə satsa da, 2018-ci ildə Hindistana satışa icazə verdi. Daha sonra BƏƏ-yə də eyni icazə verildi.

İsrail

İsrailin “IAI Heron” PUA-sı “Reaper” ilə rəqabət aparmaq üçün hazırlanıb. İsrail dünyanın ən böyük PUA ixracatçısıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) tərtib etdiyi məlumat bazasına görə, 2001-2011-ci illər arasında ixrac edilən bütün PUA-ların 41 faizi İsrailin payına düşüb. İsrail hərbi silah satdığı ölkələrin tam siyahısını açıqlamaqdan imtina edir. Qəbul edənlərin qismən siyahısına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Avstraliya, Almaniya, İspaniya, Braziliya, Hindistan, Çin, Hollandiya, Azərbaycan və Nigeriya daxildir.

Çin

Çin güclənən PUA ixracatçısıdır və daha liberal ixrac siyasəti ilə bazardakı boşluqları doldurmağa çalışır. 2015-ci ildə Pakistan, İraq və Nigeriya Çin tərəfindən təchiz edilmiş və ya Çinlə koordinasiyada hazırlanmış zərbə PUA-larından istifadə edərək zərbələr endirib.

2013-cü ilin noyabrında Pakistan ordusu yerli istehsal olan iki PUA-nı nümayiş etdirib. Ekspertlərin fikrincə, Pakistanın da öz arsenalında olan PUA-sı Çinin CH-3 modeli əsasında hazırlanıb. CH-3 həm Pakistan, həm də Nigeriyaya ixrac edilən Çinin ən populyar modellərindən biridir və təkmilləşdirilmiş CH-4 Yaxın Şərqdə arsenallarda peyda olub. 2015-ci il dekabrın 6-da İraq silahlı qüvvələri CH-4-ün Ramadidə İŞİD mövqelərinə zərbə endirməsinin görüntülərini yayıb. CH-4-ü Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniyanın da aldığı bildirilir. Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə öz kampaniyalarında CH-4-ün silahsız versiyalarını istifadə ediblər.

“Caihong” ailəsinə yeni əlavə olan CH-5 2016-cı ildə debüt edib. CH-5-in yüksəklik, əməliyyat və faydalı yükləmə qabiliyyəti artırılıb. Bir çox digər PUA-lara əlavə olaraq, Çinin böyük kəşfiyyat və zərbə sistemi olaraq “Wing Loong II”, eləcə də ölkənin ilk zərbə qabiliyyətinə malik AV500W sistemlərini nümunə göstərmək olar

Ən yaxşı alıcılar

Hindistan

SIPRI-nin silah transferləri məlumat bazasına və “Statista”ya görə, Hindistan və Böyük Britaniya beynəlxalq miqyasda ən böyük PUA idxalçılarıdır. SIPRI məlumatlarına əsaslanan “Business Insider” hesabatına görə, Hindistan 1985-2014-cü illər arasında PUA idxalının 22,5 faizini təşkil edib. Hindistanın idxalına əlavə olaraq, PUA arsenalında yerli platformalar da var. 16 noyabr 2016-cı il tarixində Hindistan “Rustom-II” adlı PUA-nın sınaqlarını uğurla başa vurub.

Birləşmiş Krallıq

2010-2014-cü illərdə Böyük Britaniya PUA-ların ən böyük idxalçısı olub və bu dövr üçün PUA idxalının 33,9 faizini təşkil edib. Birləşmiş Krallıq İsraildən gətirilən “Hermes 450” pilotsuz təyyarəsi əsasında kiçik, MALE tipli və “Watchkeeper” PUA-ları istehsal edir.

Birləşmiş Krallıq “Protector RG MK1” ilə MQ-9 “Reaper”ləri əvəz edəcək və 2024-cü ilə qədər bazara çıxacaq. Birləşmiş Krallıq həmçinin 2020-ci illərdə PUA yaradılması üzrə səylərə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Hindistan   İsrail  


Bizi "telegram"da izləyin