Cənubi Qafqazda Moskva-Aİ “geosiyasi oyunları” qızışır – Kreml hansı kartdan istifadə edə bilər?

2022/04/889-1649751079.jpg
Oxunub: 2785     12:32     04 İyun 2022    
Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə danışıqlar aparıb. Görüş 14 dekabr 2021-ci il, 4 fevral 2022-ci il və 6 aprel 2022-ci il tarixlərində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş əvvəlki üç sammitin davamı idi. Son görüşdə nəqliyyat layihələri və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə edilib. Hər iki tərəf “yaxın təmasda” qalmaq və avqusta qədər yenidən “eyni formatda” toplaşmaq qərarına gəlib.

Dekabrın 14-də Aİ-nin vasitəçiliyi ilə keçirilən ilk sammitində Paşinyan və İlham Əliyev Zəngəzur dəhlizi boyunca dəmir yolu bağlantısının şərtlərini razılaşdırıblar. Buna əsasən, mayın 22-də iki lider eyni marşrutdan keçən magistralın şərtləri barədə razılığa gəliblər. Aİ-nin mətbuat bəyanatında tərəflərin sərhəd administrasiyasının əsas prinsipləri, təhlükəsizlik və torpaq haqları, eləcə də bu əlaqələrə tətbiq olunacaq gömrüklər üzərində qərarlaşdıqları bəyan edilib. Ertəsi gün İlham Əliyev Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiklərini təsdiqləyib. Təfərrüatlar hələ açıqlanmayıb.

Razılaşma Ermənistan və Azərbaycanın ümumi dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasını da əhatə edirdi. Mayın 23-də hər iki tərəf öz dövlət komissiyalarının tərkibini açıqladı və ertəsi gün öz işlərinə başlamaq üçün Ermənistan-Azərbaycan sərhədində görüşdülər. Onların növbəti görüşləri Moskva və Brüsseldə baş tutacaq.

Sərhəd komissiyasının yaradılması ilə bağlı danışıqlar bir il əvvəl başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın vasitəçi və məsləhətçi qismində iştirakı ilə ikitərəfli delimitasiya komissiyasının yaradılmasını təklif edib. Moskva bu prosesdə, ümumən Ermənistan-Azərbaycan sülh danışıqları qarşısında mühüm aktor olaraq qalmasına baxmayaraq, Brüsselin iştirakının artmasına paralel olaraq indi onun rolu azalıb. Qeyd edək ki, bu ilin əvvəlindən iki Cənubi Qafqaz respublikasının nümayəndələri Aİ-nin vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər, Rusiyanın vasitəçiliyi ilə yeganə görüş xarici işlər nazirləri arasında mayın 12-də baş tutub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 22-də keçirilən Brüssel sammitinə qəzəblə reaksiya verib.

“Biz Aİ-nin ən yüksək səviyyədə üçtərəfli razılaşmalar prosesinə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük”, - deyə o qeyd edib.

2020-ci ildə Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan sülh danışıqlarında Rusiya xüsusilə iştirak edirdi. Qərbin Rusiyanın iştirakı olmadan prosesdə ilk böyük iştirakı müharibənin bitməsindən altı aydan çox sonra baş verdi. 2021-ci ilin iyununda ABŞ və Gürcüstanın vasitəçiliyi ilə İrəvan ilk mina xəritələrini Bakıya təhvil verdi, Bakı bunun müqabilində 15 erməni əsiri azad etdi.

Sonrakı aylarda Aİ təşəbbüsü öz üzərinə götürərkən ABŞ vasitəçilik rolunu azaltdı. Brüssel 2021-ci il dekabrın 14-də Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşünü təşkil etməklə ilk böyük addım atsa da, Rusiyanın Ukraynaya təcavüzündən sonra daha fəal rol oynamağa başladı. Bu, Aİ-nin Azərbaycanın təbii qaz ixracına artan marağı və qitələrarası trans-Rusiya marşrutunun pozulması fonunda Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması ilə üst-üstə düşdü.

Vasitəçi kimi işə qoşulmaq Aİ-yə region ölkələrinin dayanıqlığının artırılması və Avrasiyada getdikcə gərginləşən geosiyasi vəziyyət şəraitində regional sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən regionda Rusiyaya qarşı tarazlıq yaratmağa kömək edir. Bu regional sabitlik, öz növbəsində, enerji ixracının davam etdirilməsi və yeni Transxəzər enerji təşəbbüslərinin həyata keçirilməsi üçün zəruridir. Eyni zamanda, Zəngəzur marşrutu kimi potensial əlaqəli tranzit layihələri də daxil olmaqla, Orta Dəhlizin operativ faydalılığına zəmanət vermək üçün çox vacibdir. Bu, Rusiyanın hər iki sahədə nisbi əhəmiyyətini azaldır və çox güman ki, buna görə Rusiya Xarici İşlər Nazirliyi Avropanı Cənubi Qafqazda guya “geosiyasi oyunlar” oynadığına görə qınayıb.

Aİ-nin və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların gündəmlərində nəzərəçarpacaq bir fərq var. Ermənistan və Azərbaycan Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlarda hərtərəfli sülhün perspektivlərini müzakirə etsələr də, görünür, bu formatda Rusiyanın sülhməramlı kontingentinin yerləşdirildiyi Qarabağ bölgəsinə diqqət yetirmirlər.

Rusiya bu prosesi sabotaj etmək üçün Qarabağdan istifadə edə bilər. Qarabağ regionunda daxili və ya xaricdən qaynaqlanan istənilən gərginlik İrəvanla Bakı arasında bütün sülh prosesini effektiv şəkildə sabotaj edə bilər. Odur ki, Rusiyanın bölgədə hərbi dayağı olması, yerli separatçı qrupların rusiyapərəst əhval-ruhiyyəsi və Rusiyaya dəstək çağırışları Moskvanın əlində “kozır” rolunu oynayır. Sülh danışıqları nəzarətindən çıxsa, Rusiya bu kartdan istifadə edə bilər. Aİ-nin bu problemi effektiv şəkildə idarə etmək üçün alətləri yoxdur.

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   Avropa  


Bizi "telegram"da izləyin