Rusiya Ukraynanın şərqində üstünlük əldə etməyə başlayıb?

2022/06/1656179388.jpg
Oxunub: 520     15:36     27 İyun 2022    
Rusiya qüvvələri Ukraynanın şərqində üstünlük əldə etdikcə, Qərbin Kremlə qarşı maksimum təzyiq kampaniyası ən çətin sınaqla üzləşir.

Ukraynanın son qalası olan Severodonetsk Luqansk vilayətində Lisiçansk yaxınlığındakı çayın kənarında yerləşir və Rusiyanın aviasiya vasitələri və artilleriya sistemləri ilə vurulur.

“Şəhərin kənarında döyüşlər gedir. Kütləvi artilleriya atəşi gecə-gündüz dayanmır. Şəhər sistematik şəkildə dağıdılır – şəhərdəki binaların 90 faizi zədələnib”, - deyə Severodonetsk meri Oleksandr Stryuk bildirib.

Rusiya qoşunları Severodonetsk-Lisiçansk istiqamətində yerləşən Ukrayna qüvvələrini tələyə salmaq üçün may ayının əvvəlindən şəhərə üç istiqamətdən hücum edib. Severodonetsk indi tam mühasirəyə alınıb.

“Hazırda Severodonetsk şəhərində Ukrayna qoşunlarının geri çəkilmə yolları kəsilib, orada üç körpü var, onlar bu körpülər vasitəsilə şəhəri tərk edə bilərdilər. Bir körpü dağıdılıb, ikinci körpü ağır vəziyyətdə olduğu üçün heç bir avadanlıq buradan keçə bilməyəcək və [üçüncü] Proletar körpüsü bizim qüvvələrimiz tərəfindən idarə olunur. Qəsəbəni tərk etməyə cəhd edən hər kəs məhv ediləcək. Biz onların qaça bildiyi bütün yolları kəsdik və biz bütün ərazini nəzarətdə saxlayırıq, izləyirik”, - deyə seperatçı Luqanskın “hərbi sözçüsü” Andrey Maroçko bildirib.

Severodonetskin mühasirəsi Rusiyanın son bir ayda Donbasda davamlı irəliləyişlərinin ardınca baş verir. Rusiya qüvvələri demək olar ki, bütün Donbss bölgəsinə və bir neçə ətraf əraziyə nəzarət edir, Ukraynanı təkcə sənaye mərkəzindən deyil, həm də ən böyük buğda istehsal edən rayonlarından da məhrum edir. Rusiya ordusunun cənub-şərqdəki Zaporojye vilayətinin böyük hissəsini ələ keçirdiyi bildirilir, yalnız Zaporojye şəhəri və ona bitişik əkin sahələri Ukraynanın əlində qalıb. Cənub-qərbdə Rusiya qüvvələri Xerson bölgəsinə nəzarət edir.

Əvvəllər Rusiya dövlət televiziyası ilə məhdudlaşan Ukrayna əsgərlərinin döyüşdən imtina etməsi və kütləvi şəkildə təslim olması ilə bağlı xəbərlər artıq Qərb mediasında verilir. Mayın 24-də “Telegram”a yüklənən videoda Severodonetskdə yerləşən 115-ci Briqadanın hərbi qulluqçuları hərbi texnika və komandanlıq çatışmazlığı səbəbindən bir daha döyüşməyəcəklərini açıqlayıblar. “The Washington Post”un məlumatına görə könüllülərdən biri deyib ki, “bizi ölümə göndərirlər”.

Prezident Zelenski hökuməti əhval-ruhiyyəni gücləndirmək üçün Ukrayna qurbanlarının sayını gizli saxlayır, bunun əvəzinə beynəlxalq diqqəti Rusiyanın hücum zamanı verdiyi itkilərə yönəldir. Rusiya Müdafiə Nazirliyi bu həftə bildirib ki, Kiyev döyüşlərdə itkin düşən Ukrayna əsgərlərini “fərarilər” kimi qələmə verir, bu, rəsmi itki rəqəmlərini aşağı saxlamaq üçün istifadə edilən mühasibat hiyləsidir. Ukraynalı zabit Serhi Lapko “The Washington Post” qəzetinə deyib: “Ukrayna televiziyasında biz heç bir itki olmadığını görürük.” .

Lakin Kiyevin diqqətlə inkişaf etdirdiyi hərbi yenilməzlik imici sərt döyüş meydanındakı reallıqlarla üz-üzədir.

Maddi-texniki, say və keyfiyyət üstünlüklərinə malik Rusiya qüvvələri Ukrayna qoşunlarını mühasirəyə almaq strategiyası ilə irəliləyir, eyni zamanda Ukraynanın nəzarətində olan böyük şəhərləri təchizat və möhkəmləndirmələrdən məhrum edir. Ukraynanın yüksək rütbəli rəsmilərinin dediyinə görə, müharibənin şərq teatrında rus qoşunlarının sayı ukraynalı həmkarlarından 7-1 nisbətində çoxdur. “Rusiya tərəfi ehtiyatlarını bizdən əvvəl cəmləşdirə bildi. Biz geridəyik, bu da cəbhədəki vəziyyəti son dərəcə çətinləşdirir”, - deyə Ukrayna prezidentinin müşaviri Arestoviç etiraf edib.

Ukraynanın həlledici qələbəsi perspektivindən uzaqlaşdığı bir vaxtda, bəzi məşhur şəxslər Qərb liderlərini Moskvaya qarşı maksimum təzyiq siyasətinə yenidən baxmağa çağırırlar.

ABŞ-ın keçmiş dövlət katibi Henry Kissincer Davosda xəbərdarlıq etdi ki, Qərbin Moskvaya “sarsıdıcı məğlubiyyət” kampaniyası Avropa və qlobal sabitlik üçün ölümcül risklər yaradır. “Asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginliklər yaratmazdan əvvəl yaxın iki ay ərzində danışıqlara başlamaq lazımdır”, - deyə o, Ukraynanın heç olmasa Rusiyanın Krım üzərində nəzarətini və rusiyayönlü qondarma qurumların statusunu üstüörtülü şəkildə etiraf etməli olduğunu təklif edib.

Kissincerin şərhləri ərazi güzəştləri ilə istənilən perspektiv sülh nizamlanmasını qəti şəkildə rədd edən Kiyevin kəskin tənqidinə səbəb olub.

“Cənab Kissincer dərin keçmişdən çıxır və deyir ki, Ukraynanın bir parçası Rusiyaya verilməlidir və beləliklə Rusiyanın Avropadan uzaqlaşması baş verməlidir. Deyəsən, cənab Kissincerin təqvimi 2022-ci il deyil, 1938-ci ildir və o, elə bilir, Davosda deyil, o dövrün Münhenində tamaşaçılarla danışır”, - deyə Zelenski bildirib. Kissincerin şərhləri onun adını “Ukraynanın düşmənləri” siyahısını hazırlayan “Mirotvorets” siyahısına saldı. Təşkilat böyük dövlət xadimini “rus-faşist təbliğatı” yaymaqda və “Rusiya hakimiyyətinin Ukraynaya və onun vətəndaşlarına qarşı cinayətlərinə ortaq olmaqda” ittiham edib.

Lakin Ukraynanın qələbəsini təmin etmək üçün yardıma 53 milyard dollar sərmayə qoyan Bayden administrasiyası və həmfikir olan Qərb hökumətləri bu siyasəti davam etdirmək niyyətində görünür.

“Biz əmin olmalıyıq ki, [Vladimir] Putin Ukraynada uduzsun və Ukrayna qalib olsun... Rusiyanın təcavüzü bir daha heç vaxt Avropada sülhü təhdid etməyə imkan verməyəcək”, - deyə Britaniyanın xarici işlər naziri Lizz bildirib.

Dəyanət Ağalarlı 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Məğlubiyyət  


Bizi "telegram"da izləyin