Kəlbəcərdə sonadək döyüşüb şəhadətə yüksələn Şəhid Əsgər Murad Xəlilov

2022/05/a33a3-1653910730.jpg
Oxunub: 656     15:38     04 İyul 2022    
Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər Azərbaycan Ordusunun, Ali Baş Komandanın sərkərdəlik məharətinin, xalqın orduya inamının, ordunun gücünün qüdrəti idi. BMT Təhlükəsizlik Şurasının illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu həll etdi...

Ermənistan üçtərəfli sazişi imzalasa da, ermənilik xislətindən əl çəkmir. İşğaldan azad edilmiş ərazilərə diversiya təxribat qrupları göndərir. Azərbaycan Ordusunun bölmələri bu təxribatların qarşısını qətiyyətlə alır. Əsgər Murad Qalib oğlu Xəlilov da düşmən təxribatının qarşısını alarkən şəhid oldu - 2021-ci ilin noyabrında.

Murad Xəlilov 2003-cü ilin yanvarında Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdu. Şəhid Natiq Süleymanov adına qəsəbə tam orta məktəbini bitirmişdi.

2021-ci ilin aprelində ordu sıralarına çağırılmışdı. Hərbi xidmət haqqında geniş təsəvvürü var idi. Vətən müharibəsi başlayanda o da döyüşlərə getmək istəmişdi. Ona da, tay-tuşlarına da demişdilər ki, sizin döyüşlərə getməyinizə ehtiyac yoxdur; müharibəni döyüşlərdən uzaqda yaşamışdılar.

Kəlbəcərdə xidmət edirdi. İntizamlı əsgər idi. Digər əsgər yoldaşları kimi o da komandirlərinin, Vətən müharibəsində iştirak etmiş zabitlərin döyüşlər haqqında söhbətlərini maraqla dinləyirdi. Belə söhbətlər onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsində vasitə olurdu...

Məğlub Ermənistan silahlı birləşmələrinin qrupları heç nəyə nail olmayacaqlarını bilsələr də, təxribat məqsədilə Kəlbəcərə də həmlələr edirdi. Əsgərlərimiz bu həmlələri qətiyyətlə dəf edirdilər. Belə həmlələrdən birinin qarşısının alınmasında Murad Xəlilov da iştirak edirdi. Qəfil həmlənin qarşısı alınsa da, düşmən geri çəkilmirdi. Əsgər Murad Xəlilova və digər iki əsgərə düşmənin diqqətini başqa səmtə yönəltmək üçün atışı bir qədər sağda davam etdirmək əmri verildi...

Atışdılar...

Murad yaralandı...

Murad şəhid oldu...

Döyüşçülərimiz düşməni geri çəkilməyə məcbur etdilər, ağır itkilər verən düşmən davam gətirə bilməyib qayıtdı...

Əsgər Murad Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qəsəbədə şəhid Murad Xəlilovun xatirəsinə bulaq inşa edilib. Bu, şəhidə, deməli, şəhidliyə ehtiramdır...

Qəhrəmanlıq təkrar olunmur, qəhrəmanlığın mahiyyəti təkrar olunur. Bu mahiyyət Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətdir. Bu mahiyyət fərdi şücaətdir, cəsarətdir. Bu mahiyyət Vətən müharibəsində minlərlə döyüşçünün döyüş əzminin, qələbə ruhunun işığına dönür. Bu işıq döyüşçülərin qəhrəmanlığının yol göstərəni olur. Şəhidlərimizin hamısı son döyüşə bu işıqdan keçib getmişdi. Murad da...

İllər keçəcək, nə Vətən müharibəsi unudulacaq, nə qazanılan Zəfər, nə qazilər, nə də şəhidlər. Günümüzün uşaqları yeniyetmələşəcək, yeniyetmələr gəncləşəcək, ancaq şəhidlər həmişə şəhid olduğu yaşda gənc qalacaqlar.

Mübariz Musayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin