Həmsöhbət olduğumuz zaman öyrənirəm ki, Ağaların xidmətinin xeyli hissəsi geridə qalıb. Rusiya Federasiyasının Moskva şəhərində bakalavr və magistr təhsili alan Ağalar ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. İlk gündən özünü bacarıqlı əsgər kimi göstərib. Qısa müddət ərzində nümunəvi xidməti ilə həm komandirlərinin, həm də əsgər dostlarının rəğbətini qazanıb. Məşğələ və təlimlərdə fəal iştirak edərək hərbin sirlərinə dərindən yiyələnib.
"Hərbi formanı daşımaqdan qürur duyuram", - deyə əsgər Ağalar Cavadzadə söhbətə başladı. - Mən həmişə arzu etmişəm ki, əsgər olub, doğma Vətənimə övladlıq borcumu yerinə yetirim. Qürbət ölkədə təhsil aldığım müddətdə Vətənə qayıdıb əsgər olacağım günü səbirsizliklə gözləyirdim. Düşünürəm ki, doğma torpaqlarımızın müdafiəsində olmaqdan şərəfli heç nə ola bilməz. Hərb sənəti ilə maraqlandığım üçün dərs və məşğələlərdə hərbi bilikləri mənimsəmək çətin olmadı. Təcrübəli və savadlı komandirlərimizin sayəsində qısa vaxt ərzində sıra, döyüş, fiziki və atəş hazırlıqlarını mükəmməl mənimsədim. Xidmətimi hər gün daha da həvəslə davam etdirirəm.
Qalib ordunun əsgəri olmağın sevincini yaşadığını deyən Ağalar Vətən müharibəsində qazanılan qələbədən söz açdı: "Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edə bilməsəm də, ruhən döyüşənlərin sırasındaydım. 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə ilə Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etdi. Ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən məğlub oldu. Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuz uzun illər davam edən işğala son qoydu. Sevinirəm ki, Azərbaycanımızın güclü ordusu var və mən də bu ordunun əsgəriyəm".
Oruc Mustafayev "Azərbaycan Ordusu"
Ordu.az