Tibb xidməti polkovniki: "Döyüşlər getdiyi ərəfədə bizlər ağır cərrahi əməliyyatlar həyata keçirirdik" - FOTO (REPORTAJ)

2022/05/0993f-3307820636.jpg
Oxunub: 643     16:13     28 İyun 2022    
İnsan üçün ən böyük sərvət sağlamlıqdır. Səhhətimizdə kiçik narahatlıq hiss etdiyimiz anda sağlamlığın həyatımızda nə qədər əhəmiyyətli olduğunun fərqinə varırıq. Bu əvəzolunmaz sərvətin keşiyində dayananlar isə, təbii ki, tibb işçiləridir.

Peşəsini layiqincə davam etdirən tibb işçilərimizin nə qədər müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Hərbi həkim olmaq daha çox məsuliyyət tələb etməklə yanaşı, həm də həsəd aparılacaq səviyyədə şərəflidir.

Azərbaycan Ordusunda hərbçilərimizin sağlamlığının keşiyində dayanan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Travmatologiya və bərpaedici cərrahiyyə şöbəsinin ixtisaslı və qayğıkeş həkimləri, eləcə də müasir müalicə şəraiti ilə yaxından tanış olduq.

Şöbənin rəisi tibb xidməti polkovniki Eldəniz Hacıyev bizimlə söhbətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin orduya diqqət və qayğısından, Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlardan, 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayıb Vətən müharibəsi kimi davam edən döyüşlərdən, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyindən danışdı. Şöbə rəisi hərbi səhiyyənin ən müasir tələblər səviyyəsində qurulmasından, Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçilərinin də əsl qəhrəmanlıqlarını, peşələrinə sədaqətindən söz açdı. Müharibə başlayandan Zəfər gününə qədər hər iki andına sadiq qalan həkimlərimizin həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri nümayiş etdirdiklərini qeyd etdi.


Tibb xidməti polkovniki bildirdi ki, bölmə ən müasir tibbi avadanlıqlarla təmin olunub və peşəkar tibb heyəti ilə komplektləşdirilib.

- Şöbənin əsas işi travma və yaralanmaların qəbulundan, cərrahi əməliyyatların aparılmasından, müayinə və müalicəsindən ibarətdir. Şöbədə üç bölmə fəaliyyət göstərir - ortopediya bölməsi, zədələnmələr və rekonstruktiv cərrahiyyə bölməsi, üz-çənə cərrahiyyəsi bölməsi. Hər bölmənin də öz müalicə sahələri var. Yanıqlar, yaralanmalar nəticəsində yaranan yumşaq toxuma diffektli yaraların, ətrafların, üz skeleti sümüklərinin cərrahi müalicəsi əməliyyatları burada aparılır. Həmçinin, şöbədə travma və yaraların müalicəsi ilə yanaşı, cərrahi əməliyyatların icrasıyla onların orqanlarının, ətraflarının, oynaqlarının funksiyasının bərpası ilə məşğul oluruq. Şöbəmiz texnologiyanın son avadanlıq və cihazlarından istifadə edərək, xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirir.

Vətən müharibəsində həkimlərin 24 saat fəaliyyətdə olduqlarını xatırladan şöbə rəisi dedi ki, Vətən müharibəsi Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunun və Azərbaycan həkiminin fədakarlığının da təsdiqi oldu. Döyüşlər zamanı Tibb Baş İdarəsi fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşuna qurmuşdu.

- Vətən müharibəsində döyüş yaralanmaları ilə əsasən travmatologiya və bərpaedici cərrahiyyə şöbəsi məşğul olurdu. Yaralanmaların 90 faizi yuxarı və aşağı ətrafların yaralanmaları idi. Bu isə əsgər və zabitlərimizin təminatının yüksək səviyyədə olmasının (qoruyucu vasitələrdən istifadə olunduğu üçün) göstəricisidir. Bununla bərabər yanıqlar, sümüklərin açıq sınığı, yumşaq toxuma diffektli yaralar, qəlpə yaralanmaları, mürəkkəb yaralanmalar daha çox idi. Döyüşlər getdiyi ərəfədə bizlər ağır cərrahi əməliyyatlar həyata keçirərək yaralıların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əlimizdən gələni etdik.

Həkimlə söhbət zamanı öyrəndim ki, 1978-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Uşaq yaşlarından qəlbində boy atan Vətən sevgisi və insanlara kömək etmək istəyi onu bu sahəyə gətirib. İki arzusunu birlikdə yaşayan tibb xidməti polkovniki buna məhz Vətən sevgisiylə döyünən ürəyinin hökmü ilə qərar verib.

Tibb xidməti polkovniki Eldəniz Hacıyev söhbətində ölkəmizdə və xarici dövlətlərdə iştirak etdiyi konfrans və simpoziumların onların peşə hazırlığının yüksəlməsinə zəmin yaratmasından, bu peşəni daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən bir peşə olmasından danışdı. Aldığı diplomlar, fəxri fərmanlar, Gülhanə Tibb Akademiyasında uğurla başa vurduğu kursların sertifikatları zabitin daim inkişafda olduğunun göstəricisidir.

Söhbətimiz müddətində Eldəniz həkimin müraciət edən xəstələrə mehriban, səmimi davranışı diqqətimdən yayınmadı. Onun timsalında düşünürəm ki, həkimlər dünyanın ən qədim, humanist və çətin peşəsinin nümayəndələri olmaqla yanaşı, yüksək əxlaqi dəyərlərə malik insanlardır. Məhz belə insanlara görə bu peşəyə həmişə çox böyük hörmət və qiymət verilir.

Həkimlərin yuxusuz gecələrinin, bilik, bacarıq və təcrübələrinin hesabına neçə-neçə ömür yarıda qırılmır. Onların peşəsinin müqəddəsliyi də məhz bundadır.

Şöbənin ordinatoru tibb xidməti mayoru Eldar Mehrəliyev Hərbi Tibb fakültəsini bitirdikdən sonra dislokasiya yeri ovaxt ön xətt olan hərbi hissələrdən birində travmatoloq kimi xidmətə başlayıb. O, həyatını belə xeyirxah və nəcib bir peşəyə həsr etməsindən qürur hissi ilə söz açdı: "Həkimlik sənəti qəhrəmanlıq, hünər, cəsarət tələb edir. Həkimin gücü onun ürəyindədir, xəstəsinə aşıladığı inam isə ən güclü dərmandır".

Aprel döyüşlərində Ağdam hospitalında olan həkim şəxsi heyətin tam hazır vəziyyətdə olmasından, ordumuzun qazandığı qələbənin cəmiyyətimizdə doğurduğu vətənpərvərlik ruhundan, Böyük Qələbənin başlanğıcı olmasından qürurlu danışdı.

2017-ci ildən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmətini davam etdirən tibb xidməti mayoru 2018-2019-cu illərdə Gülhanə Tibb Akademiyasında təkmilləşmə kursu keçib.

Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olan həkim yaralanmalardan danışarkən bildirdi ki, Aprel döyüşlərində yaralanmalara nəzər salanda görürük ki, əsasən güllə yaralanmalarıdır. "Vətən müharibəsində qəlpə yaraları, yanıqlar daha çox idi. Hərbi həkim olaraq güllə yaralanmasına baxanda onun fəsadlarını təxmin etmək mümkündür. Qəlpə yaralanmasında bu, mümkün deyil. Qəlpə yaralanmaları güllə yaralanmalarından qat-qat ağırdır. Çünki 2 mm-lik qəlpə qarın boşluğunu darmadağın edir.

Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə həmrəylik yüksək səviyyədə idi. Ən qürur duyduğumuz hallardan biri - özü ağır yaralı olduğu halda, hərbçi yoldaşlarından nigaran qalan, döyüşə qayıtmaq üçün tez sağalmaq arzusunda olan əsgərlərimizi seyr etməkdi. Bu mərd oğullarımız onlara təsəllilərimizi istəmirdilər, "Vətən sağ olsun" deyirdilər..."

Şöbənin tibb bacıları müalicə müddətində xəstələrlə daha çox ünsiyyətdə olaraq həkimlərin göstərişlərini yerinə yetirirlər. Onlar səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edərək xəstələrin sağalıb şəfa tapmasında üzərlərinə böyük vəzifə düşür.

Baş tibb bacısı baş çavuş Samirə Hüseynova 2 saylı Tibb Texnikumunu bitirib. Hələ uşaq yaşlarından hərb sənətinə sevgisi olub. 2016-cı ildən xidmətdə olan tibb bacısı xəstələri doğması bilir. Vətən müharibəsində bölmədə müalicə olunan xəstələrə ana-bacı kimi qayğı göstərən baş çavuş deyir ki, insan həyatı sənə etibar edilirsə, göstərilən etimadı doğrultmalısan.

Peşəsinə sədaqət nümayiş etdirən tibb bacısı baş çavuş Aygün Qafarova 2018-ci ildən xidmətdədir. Naxçıvan Tibb Kollecini bitirib. Vətənpərvər bir ailənin övladı olaraq formalaşan Aygün xanım qeyd etdi ki, tibb bacısı hər bir xəstənin xarakterinə uyğun danışmağı bacarmalıdır. Bizim işimizdə də xəstəyə fərdi yanaşmaq, optimist və gülərüz olmaq əsas şərtlərdən sayılır.

Tibb bacısı Xuraman Mahmudova da illərdir hərbi qulluqçularımızın sağlamlığının keşiyindədir. Xuraman xanım düşünür ki, əsgərlərimizə dayaq olmaq ən müqəddəs peşədir. Bəzən elə xəstələr olur ki, onlarla da "dil tapmağı" bacarmalısan. Yaxşı bir insan Vətəninə, xalqına, insanlığa xidmət etməyi bacarmalıdır.

Travmotologiya və bərpaedici cərrahiyyə şöbəsində müalicə alan hərbi qulluqçular Fərid Zəkərgəyev, Elmar Babaşov, Sadiq İsmayılov, Elşən Hüseynov, Qəzənfər Kərimli və başqaları söhbətimizdə yaradılmış müasir şəraitə görə minnətdarlıqlarını bildirərək dedilər ki, həkimlərimiz və tibb bacıları bizə yüksək nəvaziş göstərirlər. Hər birimiz tibb personalından və burada yaradılan şəraitdən məmnunuq. Təcrübəli həkimlərimizin sayəsində tezliklə sağalıb xidmətimizə qayıdacağıq. Burada çalışanlara öz dərin minnətdarlığımızı bildiririk.

Gördüklərimiz deməyə əsas verir ki, Vətən müdafiəçilərimizin sağlamlığına cavabdeh olan tibb işçilərimiz üzərlərinə düşən vəzifəni özlərinə mənəvi borc bilir və onun öhdəsindən layiqincə gəlirlər.

Günay Tağıyeva "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin