Prezident: “Məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir, bu, məni çox sevindirdi”

2022/05/6290c-1653656229.jpg
Oxunub: 393     16:39     27 May 2022    
“Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram”.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il böyük bir zaman kəsiyi idi. Məsələn, Zəngilan 27 il işğal altında idi, digər şəhər və rayonlarımız da bir qədər çox, bir qədər az. Elə insanlar var ki, artıq onlar həyat qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç yerə getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin: “Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Məcburi-köçkünlər  


Bizi "telegram"da izləyin