Ermənilərin Şahin Mustafayev qorxusu – “Heç bir söz mübadiləsi apara bilməzlər, çünki Şahin Mustafayev onları başa düşəcək”

2021/07/399db-1626440565.jpg
Oxunub: 41806     16:23     25 May 2022    
Ötən gün Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyasının yaradılması haqqında qərar imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Qeyd olunub ki, bu komissiyanın əksəriyyətinin adları Ermənistanda çox şey demir.

“Onların bəzi fotoları erməni ictimaiyyətinə bəlkə də tanış ola bilər. Ancaq komissiyanın sədri Mher Qriqoryanı yəqin ki, çoxları tanıyır. Azərbaycan Prezidenti İlham Əliyev də demarkasiya komissiyasının tərkibini açıqlayıb. Komissiyanın sədri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir. Bəs Şahin Mustafayev kimdir? O, Noyemberyanın Cucevan kəndində anadan olub, Noyemberyan orta məktəbini qızıl medalla bitirib. Sonra İrəvan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

2014-cü ildə “Civilnet” nəşri Cucevanda olub və Mustafayev haqqında video çəkib. Videoda Azərbaycanın hazırkı Baş nazirinin müavini, keçmiş iqtisadiyyat naziri, hazırda sərhəd mkəsələləri komissiyasının sədri Şahin Mustafayevin müəllimləri, dostları və həmkəndliləri onun haqqında danışırlar. Müəllim dərsliyi göstərir, orada erməni ədəbiyyatı və erməni tarixi fənlərindən ancaq əla qiymətlər var. Mustafayevin anasının erməni qonşuları ilə o qədər də əlaqəsi olmadığı, onda millətçilik xəttinin daha qabarıq olduğu bildirilir. İndi isə Mher Qriqoryan Şahin Mustafayev ilə elə bir şəraitdə danışıqlar aparmalıdır ki, hətta qapalı iclaslar zamanı komissiya üzvlərimiz erməni dilində heç bir söz mübadiləsi apara bilməzlər, çünki ən azı Şahin Mustafayev onları başa düşəcək. Mher Qriqoryan Ermənistanda doğulmuş, Ermənistanda məktəbi əla qiymətlərlə bitirmiş, həm də burada ali təhsil almış bir şəxslə danışıqlar aparmalı olacaq. Şahin Mustafayev Tavusun sərhəd kəndlərində ən azı hər daşı, kolu tanıyır, erməni psixologiyasına, ünsiyyət formasına yaxşı bələddir, erməni tarixini, ədəbiyyatını bilir.

İxtisasca hüquqşünas olan, “əlverişli” hakimiyyət dəyişikliyindən əvvəl Ermənistanın bank sistemində rəhbər vəzifələrdə çalışan, hazırda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bu adamla nə və necə danışmalıdır? Maraqlıdır, bizim komissiyada bunu edə biləcək heç olmasa bir məmur varmı?... Danışıq aparan axtarılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Şahin-Mustafayev  


Bizi "telegram"da izləyin