Türkiyənin “Akıncı” PUA-ları üçün yeni mərhələ – Azərbaycan onların ilk müştərilərindən biridir?

2022/05/5666-1653468530.jpg
Oxunub: 2706     15:17     25 May 2022    
Türkiyənin ən qabaqcıl və təkmil Pilotsuz Uçan Aparatı (PUA) olan “Akıncı” Türkiyənin şimal-qərbindən Azərbaycana misli görünməmiş uçuş həyata keçirib.

Mayın 21-də günorta saatlarında Tekirdağın şimal-qərbində yerləşən Çorlu rayonundan iki “Akıncı” havaya qalxaraq Heydər Əliyev Beynəlxalq Hava Limanına enməzdən əvvəl Türkiyə və Gürcüstan ərazilərini keçib.

İki PUA təqribən 2000 kilometr məsafə qət edib və bununla da Türkiyənin aviasiya tarixində bir ilk olmaqla üç ölkəni əhatə edən beş saatlıq uçuşu tamamlayıb. Bu keçən ay həyata keçirilən sınaq zamanı PUA-nın MK-82 bombası ilə 20.000 fut yüksəklikdən dəniz hədəfini müvəffəqiyyətlə vurmasından sonra növbəti uğurudur.

“Akıncı” hazırda Türkiyə ordusunun əsas dayağı olan “Bayraktar TB” taktiki PUA-larının davamçısı olaraq hazırlanmış yüksək hündürlükdə, uzun müddət havada ala bilən PUA-dır. O, həm havadan yerə, həm də havadan havaya hücum missiyalarını yerinə yetirməyə qadirdir.

“Baykar” ilkin olaraq üç prototip istehsal edib, bunlardan birincisi 2019-cu ilin dekabrında təqdim olunub. İlk kütləvi istehsal edilən “Akıncı” PUA-larının uçuş sınağı 2021-ci ilin may ayında tamamlanıb, bundan sonra sistem 2021-ci ilin avqustunda Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Zərbə PUA-sının uzunluğu 12,2 m, hündürlüyü 4,1 m, qanadlarının uzunluğu isə 20 m-dir. O, 40.000 fut (12.192 metr) hündürlükdə uça bilir, uçuş çəkisi 5.500 kq-dır və maksimum 1.350 kq faydalı yük daşıyır.

PUA-nın göyərtəsindəki sensorlara elektro-optik/infraqırmızı/lazer işarələmə (EO/IR/LD), çox rejimli aktiv elektron skan edilmiş massiv (AESA) radarı və siqnal kəşfiyyatı (SIGINT) sistemi daxildir. PUA bortda olan sensorlar və kameralardan alınan məlumatları toplamaq və emal etmək üçün qabaqcıl Süni Zəka xüsusiyyətlərindən istifadə edir.

“Akıncı” PUA-ları “Bayraktar TB2” ilə müqayisədə daha böyük döyüş qabiliyyəti ilə döyüş sahəsinə daha öldürücü silahlar və çevik əməliyyat konseptləri (CONOPS) gətirir. PUA lazerlə idarə olunan ağıllı döyüş sursatları, raketlər və uzun mənzilli silahlar kimi müxtəlif silah yükləri ilə təchiz oluna bilər.

O, ilk atəş sınağını 2021-ci ilin aprelində tamamlayıb və burada ROKESTAN istehsalı olan lazerlə idarə olunan ağıllı mikro sursatlar (MAM) atılıb.

“Akıncı” sistemləri “Cirit” raketi, mini ağıllı “Bozok” döyüş sursatları, uzun mənzilli tank əleyhinə raket sistemi (L-UMTAS), MK-81, MK-82 MK-83 idarə olunan bombalar (JDAM) kimi digər silahları da buraxa bilir. PUA “Gökdoğan” və “Bozdoğan” hava-hava raketləri, SOM-A qanadlı raketləri ilə də silahlana bilər.

Bundan əlavə, “Akıncı” hücumlar üçün “ana platforma” kimi də istifadə edilə bilər. Məsələn, 2019-cu ildə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbəri professor İsmayıl Dəmir öz “Twitter” səhifəsində “Akıncı” PUA-sı tərəfindən buraxılan yerli “Alpagu” kamikadze PUA-larını əks etdirən simulyasiya yerləşdirib.

“Alpagu” kəşfiyyat, müşahidə və hücumlar üçün istifadə oluna bilən, Türkiyənin müdafiə şirkəti STM tərəfindən hazırlanmış sabit qanadlı PUA-dır. Sistem ağıllı alqoritmlərə və digər avtonom funksiyalara və qabaqcıl təsvir emal sistemlərinə malikdir.

AESA radarı da daxil olmaqla qabaqcıl sensorlarından istifadə edən “Akıncı” dəqiq zərbələri təmin etmək üçün buraxılmış kamikadze dronlarla real vaxt hədəf yeniləmələrini paylaşa bilər.

Türkiyə Silahlı Qüvvələrində indiyədək 6 “Akıncı” PUA xidmətə girib və onlar ötən ay İraqın şimalında PKK terrorçularına qarşı başladılan iri əməliyyatda ilk dəfə döyüşdə istifadə olunub.

Azərbaycan “Akıncı” PUA-ları alacaq?

“Akıncı” bu il Azərbaycanda keçiriləcək və xaricdə ilk buraxılışı olan Türkiyənin Teknofest Aerokosmik və Texnologiya Festivalında nümayiş etdiriləcək.

Türkiyə PUA-ları müxtəlif münaqişələrdə, o cümlədən Ukraynada davam edən müharibədə mükəmməl performans göstərdiyinə görə bir çox ölkə üçün seçim silahına çevrilib. “Bayraktar”lar Rusiyanın çoxlu sayda hava hücumundan müdafiə sistemini, helikopterlərini, təchizat maşınlarını və zirehli texnikasını məhv edərək, Rusiya qüvvələrinə qarşı ən güclü qüvvə olduğunu sübut ediblər.

Bundan əvvəl Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsi zamanı Türkiyənin PUA-larından uğurla istifadə edib və Ermənistana məxsus yüzlərlə texnikanı sıradan çıxarıb.

Mart ayında “Baykar”ın baş direktoru Haluk Bayraktar şirkətin ölkələri qeyd etmədən “Akıncı “PUA-ları üçün iki ixrac müqaviləsi bağladığını açıqlamışdı. Azərbaycan, Pakistan və Ukraynanın “Akıncı”ları alacaq ilk ölkələr arasında olması barədə şayiələr var.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   Akıncı   Azərbaycan  


Bizi "telegram"da izləyin