Ümumiyyətlə, problem dövlət borcunun həcmində deyil, onun səmərəli xərclənməsindədir. Mövcud Ermənistan hakimiyyətinin fiskal siyasəti nəticəsində dövlət borcunun artması ümumi daxili məhsulun (ÜDM) mütərəqqi və ya ən azı mütənasib artımına töhfə verməyib, xüsusən 4 il ərzində 2,45 milyard dollar xərclənib, lakin Ermənistanın nominal ÜDM təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi azalmaq əvəzinə 27%-ə yüksəlib. Əslində belə çıxır ki, borc ölkənin sosial-iqtisadi problemlərini həll etməyib, əksinə, daha da dərinləşdirib.
Antiböhran tədbirlərinin həyata keçirilməsi adı ilə təkcə 2021-ci ildə fəaliyyət göstərən hakimiyyət orqanları Ermənistanın dövlət borcunu 1,25 milyard dollar artırıb. Artıq bu ilin 4 ayı ərzində dövlət borcu 222 milyon dollar artıb.
Maraqlıdır ki, 2022-ci ilin birinci rübünün dövlət büdcəsi proqramları yerinə yetirilməsə belə, vergilərin artıq yığılması nəticəsində dövlət borcu artmaqda davam edib. O cümlədən, 2022-ci ilin birinci rübündə Ermənistan hökuməti nəzərdə tutulduğundan təxminən 90,6 milyard dram az xərcləyib, eyni zamanda 5,2 milyard dram çox vergi daxilolmaları olub. Yəni faktiki olaraq 396,8 milyard dram xərclənibsə, 400,6 milyard dram yığılıb. Belə çıxır ki, 2022-ci ilin birinci rübündə borc üçün təcili ehtiyac olmayıb. Nəticə etibarı ilə cari ilin ilk 4 ayı ərzində 222 milyon dollar artan borcun əhəmiyyətli bir hissəsi Ermənistan Mərkəzi Bankı tərəfindən məzənnənin sabitləşməsinə sərf edilib.
Qeyd edək ki, Ermənistanın 2022-ci ilin dövlət büdcəsinin təqribən 20%-i və ya 1 milyard dollara yaxın hissəsi dövlət borcuna xidmətə sərf olunur və növbəti illərdə dövlət borcuna xidmət xərcləri daha da artacaq. Xüsusilə, 24 mart 2022-ci il tarixli hesabata əsasən, “Moody's” 2022-2023-cü illərdə Ermənistan dövlət büdcəsinin kəsirinin dəyişməyərək ÜDM-in 4-4,5%-ni təşkil edəcəyini proqnozlaşdırır. Halbuki əvvəllər 2022-ci ildə kəsirin 3%-ə qədər azalacağı gözlənilirdi.
Eyni zamanda, “Moody's” hesab edir ki, 2022-2024-cü illərdə dövlət borcu ÜDM-in 2021-ci il ÜDM-in 60,3%-i əvəzinə, təxminən 62-63% səviyyəsində sabitləşəcək, çünki Ermənistan hökuməti iqtisadiyyatı dəstəkləmək üçün əlavə proqramlar elan etməyə borclu olacaq, bu isə əlavə xərc tələb edəcək, dövlət borcunu artıracaq.
Aqil Məmmədov
Ordu.az