Mişel Brüsseldən hansı əsas mesajı verdi, Ermənistan nəyi qəbullandı? – BAXIŞ BUCAĞI

2022/05/45656-1652982027.jpg
Oxunub: 1113     10:35     25 May 2022    
Qarabağ məsələsi ətrafında ciddi hadisələr baş verir. İllərdir vasitəçilər beynəlxalq ictimaiyyət münaqişənin güc yolu ilə həllinin mümkün olmadığını təkid edirdi, ancaq 2020-ci ilin payızında baş verən müharibə bunun doğru olmadığını göstərdi. Müharibədən sonra qələbə qazanan Azərbaycan hər hansı qondarma “status” məsələsinin də üzərindən xətt çəkib.

Nəticədə, Paşinyan Azərbaycan prezidenti ilə substantiv danışıqlara girməyə tələsir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü baş tutub. Maraqlıdır ki, bu, Brüsseldə keçirilən üçüncü görüş olub. Biri ötən ilin dekabrında, digəri bu ilin aprelində baş verib. Görünür, bu dəfə danışıqlar kifayət qədər çətin keçib, çünki tərəflər 5 saata yaxın danışıqlar aparıblar. Danışıqların yekunları ilə bağlı açıqlama verən Çarlz Mişel qeyd etmişdi ki, sərhəd üzrə birgə komissiyaların ilk iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq və bu görüş artıq dünən baş tutdu.

Çarlz Mişel onu da qeyd edib ki, kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər: “Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”.

Müqavilələrdə konkret hansı şərtlərin yer aldığı ictimaiyyətə aydın deyil, amma aydındır ki, Azərbaycan Zəngəzur dəhlizini tələb etməyə davam edəcək.

Mişel “mesaj” göndərir ki, Paşinyan faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində olmasına razıdır. Bütün bunlarla yanaşı, Brüsseldəki görüş bir daha sübut etdi ki, erməni tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrliyinin dayandırılması ilə barışıb. Ermənistan hakimiyyəti Qarabağ məsələsinin həllini yalnız Minsk Qrupu həmsədrlərinin himayəsi altında gördükləri barədə bəyanatlar verməkdə davam etsə də, Aİ-nin vasitəçiliyi ilə üçüncü görüşünü keçirir və həmsədrlər barədə heç bir söz deyilmir. Habelə Ermənistan Brüsselin vasitəçiliyi ilə razılaşmalar əldə etməklə Minsk Qrupunun həmsədrliyi institutunun əhəmiyyətini itirdiyini təsdiqləyir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Qarabağ  


Bizi "telegram"da izləyin