Böyük Yaxın Şərqdə eskalasiya təhlükəsi tükənməyəcək

2022/05/1653308259.jpg
Oxunub: 721     16:16     23 May 2022    
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyir, Ərdoğan mövqelərini dəyişməyəcəklərini bildirib. Bu barədə o, Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Vaşinqtona səfəri zamanı danışıb. Burada məsələ şübhəsiz gündəmdə idi. Eyni zamanda ABŞ prezidenti Bayden Türkiyəyə getmək fikrində olmadığını, lakin İsveç və Finlandiyaya üzvlüyü ilə bağlı Türkiyənin narazılıqlarını həll etməyə çalışacaqlarını bildirib.

ABŞ-ın Türkiyə ilə hansı formada işləyəcəyini söyləmək çətindir. Əvvəllər ABŞ ikitərəfli problemlərə görə Türkiyəyə maliyyə yolu ilə təzyiqlər edib. Ancaq bu dəfə kontekst fərqlidir. Hələlik, Ərdoğan indiyə qədər dəyişməz bir mövqe nümayiş etdirib.

Türkiyənin mövqeyi yalnız ABŞ üçün deyil, həm də Rusiya üçün problemli ola bilər. Çünki, Türkiyənin ABŞ-la bağlı narazılıqları bu və ya digər formada Rusiyaya görə yaranıb. Rusiya narazılıqların həll edilməsində maraqlı deyil. Bunun necə oyun olduğunu söyləmək çətindir, çünki praktikada ABŞ-ın İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən imtina etməsi mümkün deyil. Bu, Türkiyə üçün yaxşı xəbərdir. Güman etmək olar ki, ABŞ Ankaranın tələblərinin hamısı olmasa da, bir hissəsini yerinə yetirəcək. Ancaq ABŞ-ın bu məsələdə tələsdiyini demək çətindir.

ABŞ üçün hazırda İran məsələsi də daha aktuallaşır. Çavuşoğlu ilə yanaşı, Vaşinqtona yollanan daha bir tanınmış sima, yolda kifayət qədər diqqətçəkən açıqlama verən İsrailin müdafiə naziri Benni Qantzdır. O bildirib ki, bu gün İranı dayandırmaq üçün atılan addımların dəyəri bir ildən sonra olacağından xeyli aşağıdır. Eyni zamanda qeyd edək ki, İsrail hərbi təlim keçirir və bu təlimdə İrana zərbəni sınaqdan keçirir. Bundan əvvəl həm ABŞ administrasiyası, həm də İsrail rəsmiləri İranın yaxın həftələrdə ilk nüvə bombasına sahib ola biləcəyini bildiriblər.

Beləliklə, Birləşmiş Ştatlar üçün ən azı yaxın həftələrdə problem əslində Finlandiya və İsveç olmaya bilər, Türkiyənin müqavimətinə qalib gəlmək yox, İran məsələsinə həll yolu tapmaq və ya İsrailin zərbə vurmaq istəyinin qarşısını almaq ola bilər.

Maraqlıdır ki, bu günlərdə Ankara İrana qarşı bəzi bəyanatlar səsləndirib. Son həftələr İranın bir çox şəhərlərini çirkləndirən toz fırtınaları geniş tənqidlərə səbəb olub. Bəzi ekoloqlar fırtınaların səbəbini Türkiyənin Dəclə, Fərat və Araz çaylarındakı bəndləri ilə əlaqələndirib və çaylara axının azalmasının İraq və İranın bəzi hissələrini qurutduğunu və bölgədə toz əmələ gətirdiyini iddia edib. Ötən həftə hətta İslami Şurası Məclisinin üzvləri Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyənin bənd tikintisi məsələsini həll etməyə çağırıblar. Türkiyə iddiaları rədd edib.

Digər bir maraqlı hadisə Suriyada baş verib. Suriyaya zərbə endirməyə çalışan İsrail təyyarələri ilk dəfə Rusiyanın zenit sistemləri tərəfindən atəşə tutulub. Raketlər İsrail təyyarəsini vurmayıb, amma problem atəş faktı ilə bağlı olub. Bir sıra mətbuatı orqanları yazıb ki, Rusiya qüvvələrinin əksəriyyəti Suriyadan çıxarılaraq İranla əvəz olunub. Bir neçə gün əvvəl Suriya prezidenti Əsəd Tehrana səfər edib.

Beləliklə, hazırkı vəziyyət şübhəsiz ki, Cənubi Qafqaz regionu istiqamətində böyük təhlükəsizlik problemidir. Bu kontekstdə Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində son həftələrdə intensiv olaraq Azərbaycan mövqelərini atəşə tutur. Ermənistan burada öz problemlərinə diqqət çəkməyə çalışır. Göründüyü kimi Yaxın Şərqdə güclü qığılcımlar baş verə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qafqaz   Suriya  


Bizi "telegram"da izləyin