Rusiya və ABŞ SQ liderləri arasında ilk danışıqlar, NATO-nun genişlənməsi – İCMAL

2022/05/1653289421.jpg
Oxunub: 377     11:19     23 May 2022    
ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında ilk telefon danışığı

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Azovstal zavodu və Mariupola nəzarətin tamamilə onların əlində olması barədə məlumat verib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov “Azovstal” zavodunun ərazisinin tamamilə ələ keçirildiyini bildirib.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub. “Mark Milli ilə telefon danışığı zamanı Valeri Gerasimov qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edib. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Ötən həftə sonu Rusiya və ABŞ-ın müdafiə nazirləri arasında Ukrayna müharibəsi başlayandan bu yana da ilk dəfə telefon danışığı olub. Bundan əvvəl Pentaqon rəsmiləri bir neçə dəfə Rusiya ilə əlaqə saxlamağa çalışdıqlarını, lakin zənglərinə cavab vermədiklərini bildirmişdilər. Mayın 13-də axşam Pentaqonun yaydığı bəyanatda deyilir ki, Ostin Ukraynada dərhal atəşkəsə çağırıb və əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib. Bildirilib ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. ABŞ və Rusiya müdafiə nazirləri arasında sonuncu dəfə fevralın 18-də, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığı olub.

Moskva Finlandiya və İsveçin NATO-ya müraciətinə cavab olaraq “adekvat tədbirlər görür”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq hərəkətinə cavab olaraq, Moskva ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 yeni hərbi hissə yaradacaq. “Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik artmaqda davam edir. Biz adekvat əks tədbirlər görürük”, - deyə Şoyqu bildirib.

Finlandiya və İsveç mayın 18-də Qərb hərbi alyansına qoşulmaq üçün NATO-ya rəsmi müraciət edib. İki Skandinaviya ölkəsinin uzun müddətdir mövcud olan neytrallıq statusundan imtina etməsinə səbəb Rusiyanın Ukraynaya müdaxiləsi fonunda artan təhlükəsizlik narahatlıqlarıdır. Rusiya prezidenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün Rusiya üçün təhlükə yaratmadığını bildirib, lakin alyansın bu ölkələrdə hərbi infrastrukturu genişləndirəcəyi təqdirdə Moskvanın buna cavab verəcəyi barədə xəbərdarlıq edib.

Almaniyanın keçmiş kansleri “Rosneft”in direktorlar şurasını tərk edir

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasını tərk edir. Bu barədə alman siyasətçinin qərarının səbəblərini qeyd etmədən Rusiya dövlət şirkəti məlumat yayıb. “Rosneft” Almaniyanın keçmiş kanslerinə “davamlı dəstəyə” görə təşəkkür edib.

Şröder 2007-ci ildən “Rosneft”in direktorlar şurasının üzvüdür. O, Rusiya hökuməti ilə sıx əlaqələrə görə geniş tənqidlərə məruz qalıb.

Almaniya mənbələrinin verdiyi məlumata görə, Rusiya ilə sıx əlaqələri olduğu üçün tənqid edilən Almaniyanın keçmiş kansleri qanunverici orqanın verdiyi qərarla Bundestaqdakı ofisindən istefa verməlidir.

Almaniya mətbuatının yazdığına görə, 78 yaşlı keçmiş kansler pensiya almağa davam edəcək, keçmiş hökumət başçıları üçün nəzərdə tutulan cangüdənlərin xidmətindən istifadə edəcək.

Almaniya Sosial Demokrat Partiyasının üzvü, 1998-2005-ci illərdə kansler olmuş Şröder Rusiya prezidenti Vladimir Putinlə dostluğu ilə tanınır. O, dövlət vəzifəsindən getdikdən sonra əvvəlcə “Şimal axını” Rusiya-Almaniya qaz kəmərinin tikintisini həyata keçirən şirkətdə, sonra isə bu günə kimi Rusiyanın “Qazprom” qaz konsernində işləyib.

Mayın 19-da Aİ-nin qanunverici orqanı tərəfindən təsdiq edilmiş qətnamədə həmçinin “böyük Rusiya şirkətlərinin rəhbərliyinin avropalı nümayəndələrinə, Rusiyadan pul almağa davam edən siyasətçilərə” qarşı sanksiyalar tətbiq edilir.

“Rusiyanın dövlət aktivlərinin Ukraynaya verilməsi qərarı quldurluq olacaq”

Kreml bu yaxınlarda bəyan etmişdi ki, G7 və Avropa İttifaqı Rusiyanın dondurulmuş dövlət aktivlərini Ukraynaya keçirmək qərarına gəlsələr, faktiki talançılıq edəcəklər. Qərb ölkələri müsadirə edilmiş Rusiya dövlət vəsaitlərinin Kiyevə köçürülməsi və onlardan Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə edilməsi imkanlarını araşdırır.

“Heç kim nə Rusiya tərəfinə, nə də Kremlə belə bir söz deməyib. Əgər belə bir şey olarsa, qərar tamamilə qeyri-qanuni, həddi aşacaq. Bu, adekvat cavab tələb edəcək, açıq quldurluq olacaq”, - deyə Peskov bildirib.

Almaniyanın maliyyə naziri qeyd edib ki, bu imkan Avropa İttifaqı “G7” çərçivəsində müzakirə olunur.

Ukraynaya hücumla bağlı Qərb banklarında Rusiyanın aktivləri, pulları və qiymətli kağızları dondurulub. Onların ümumi dəyəri yüz milyardlarla dollarla qiymətləndirilir.

ABŞ və Aİ Ukraynadakı müharibənin nəticələrini yumşaltmaq üçün tədbirləri əlaqələndirəcək

Avropa İttifaqı və Birləşmiş Ştatlar “Rusiyanın Ukraynadakı müharibəsinin dünya iqtisadiyyatına mənfi təsirlərini yumşaltmaq üçün” öz fəaliyyətlərini daha da koordinasiya etmək barədə razılığa gəliblər. Aİ-nin icra orqanı, Avropa Komissiyası və ABŞ administrasiyasının nümayəndələri bir neçə gün əvvəl Parisətrafı Sakledə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün toplaşıblar. Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının iclasından sonra verilən birgə bəyanatda deyilir ki, onlar “Ukraynanın iqtisadiyyatını bərpa etmək, ticarəti və investisiyaları artırmaq üçün onunla işləməyə” sadiqdirlər.

Hər iki tərəf xüsusilə Moskvanın sənaye və hərbi potensialının inkişafına mane olmağa yönəlmiş “ixrac nəzarəti sahəsində misli görünməmiş əməkdaşlığı” yüksək qiymətləndirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin